Əfsanə – fars sözüdür, hərfi mənası «əsli olmayan hekayə», yaxud «dillərə düşən vaqiə» deməkdir. Nizami və Füzuli öz epik əsərlərinin bəzi motivlərini hamıya bəlli olan xalq əfsanələrdən götürdüklərini etiraf edirlər.
Leqenda – latın dilindən alınmışdır, «oxumalı», yaxud «oxumaq üçün tövsiyə olunan əsər» anlamındadır. «Leqenda» terminin mənşəyi xalqdan deyil, kitablardan gəlir. Avropada orta əsrlərə aid yazılı ədəbiyatda ən populyar əsərlərə «leqenda» deyilirdi. Sonrakı dövrlərdə xalq yaradıcılığına keçmiş və qədim zamanlarda baş verdiyi zənn edilən əhvalatlar belə adlandırılmışdır.
Trikster – mifologiyada mədəni qəhrəmanın əks qarşılığına – demonaoxşar, komik, kələkbaz, şeytanəməlli dublyoruna verilən addır. Qəhrəmanın hərəkətlərinin yamsılanması kimi də başa düşmək olar. Əksər hallarda trikster rolunda onun əkiz qardaşı çıxış edir. Bəzi miflərdə isə əks dublyor rolunu qəhrəman özü ifa edir, başqa sözlə, özünün demiurq fəaliyyətini əks tərəfdən göstərir, yəni uğurlarını uğursuzluq kimi təqdim edir. Əkizlər mifində, qardaşlardan biri xeyirli işlərlə məşğul olur, digəri isə onu əks tərəfdən təqlid edərək – ziyankarlıq törədir. «Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş» xalq dramında tənbəl qardaşın fəaliyyəti triksterlərə əsaslanır. Dualist təsəvvürlərdə trikister özünü Hörmüz və Əhrimanın timsalında büruzə verir: Hörmüzün yaratdıqlarını qardaşı Əhrimən məhvə çalışır. Hörmüz xeyiri, işığı, düzlüyü müdafiə edir, Əhriman şəri, qaranlığı, yalanı.
Aktant (actant) – anlayış forması, hər hansı bir mühüm funksiyanın daşıdığı müxtəlif rolların birliyi deməkdir. Məsələn, müttəfiqlər, rəqiblər. Nağıllarda qəhrəman və ona yardım edən köməkçi obrazlar müttəfiqdirlər, hərəsi bir funksiya daşısa da (ağ div ayağına dəyirman daşı keçirib sürətlə qaça bilir, Sümurq quşu qaranlıq dünyadan işıqlı dünyaya getməkdə yardımçı olur, Xızır Nəbi ölümcül yaralını yenidən həyata qaytarır) bir məqsədə xidmət edirlər. Onların rəqibləri – qara qüvvələr və sehirli obrazlar da ümumilikdə aktant yaradırlar. Propp V.Y. «Nağılın morfologiyası» (1928) əsərində ilk dəfə funksiya terminini işlədir. Onun nəzəriyyəsində mif, epos və sehirli nağıllara tətbiqi mümkün olan 31 funksiya göstərilir. Fransız semiotiki A.-J.Qreymas «Strukturun semantikası» əsərində həmin funksiyaları birləşdirərək aktant adlandırmış və onların (böyük funksiyaların) yerləşməsi sxemini yaratmışdır.[26]
Aktantların fəaliyyətinə, nümayişinin yekununa «hərəkət» deyilir. Çox hallarda isə əks funksiyalı protaqonisti, yəni bütün antoqonistləri (rəqibləri) bildirən aktant fərqləndirilməkdən ötrü agent adlanır. Agentin aktanta münasibəti, əlaqə və qarşılaşması «hərəkət»in gərginləşməsində böyük rola malik olur. Sxemdəki aktantların əsas funksiyaları:
Hədiyyə bağışlayan, yaxud donatar (donateur)– Qrey-masın mif, epos və sehirli nağıllara tətbiq edilən sxemində qeyri-adi, fövqəltəbii aktantdır, bütün hərəkət və hadisələrdən yüksəkdə durur və yeri gələndə onlara qoşulur, əsas subyektin, yaxud benefisiarinin köməyinə çatır. Bəzən donatarı yola salan da adlandırırlar (destinateur). Lakin hədiyyə verənin funksiyası yola salanın funksiyası ilə üst-üstə düşmür. Hədiyyə verən birbaşa yaradıcı ilə bağlandığı halda, əsas subyekti qorxulu səfərlərə yola salan əksər əsərlərdə şəri təmsil edir. Ümumiyyətlə, donatar kimi çıxış edən aktantların bəzən özü görünmür, yalnız funksiyları nümayiş etdirilir. Elə sistemlər var ki, orada donatar yalnız məsləhətçi rolunda çıxış edir. Funksiyanı ya subyektin özü, ya da köməkçilər icra edirlər.
Obyekt (object)– təhkiyə, nəqletmə funksiyasıdır, baş subyektin (qəhrəmanın) bütün arzularının predmeti, yaxud onun məqsədlərini ifadə edən böyük bir vasitələr «toplu»sudur.
Benefisiari (beneficiaire) – öz üzərində yaxşılaşmanı, xeyirliyi, uğurluluğu təcrübədən keçirən aktantdır. Başqa sözlə o obrazdır ki, donatorun (uğur bağışlayanın) işə qarışmasının və əsas subyektin fəaliyyətinin nəticələrindən xeyir güdür. Qreymas benefisiariyə sehirli nağıllardan donatarın möcüzəli müdaxiləsini, fövqəltəbii işlər görməsini misal çəkir. Burada bir məsələ ziddiyyətlidir. Əslində epik ənənənin heç bir janrında donatarın hər hansı bir qazancından, yaxud öz üzərində nəsə sınaqdan keçirməsindən söhbət getmir, xeyiri, uğuru hədiyyə alan baş qəhrəman əldə edir.
Tədqiqatçıların fikrincə, bəzən əsərdəki əsas subyekt benefisiari rolunu daşıyır. Lakin təhlil edəndə, bu iki funksiyaların ayrılığının təsviri o halda əlverişlidir ki, benefisiari əsas subyektə qarşı qoyulur. Məsələn, aktant (benefisiari) qazanc əldə etdiyi zaman insanların qarşısında qeyri-adi tələb qoyub yerinə yetirtdirir. Məsələn, Dəli Domrul Allaha güzəştə getməli olur, ata-anasının canını özünün və həyat yoldaşının xilası üçün qurban verir, yaxud hansısa sehirli vasitəni gətirilir. Bu halda benefisiarini «qazanan» (destinataire) adlandırırlar. Qreymasın bu aktantı olduqca ziddiyyətlidir. İ.P.İlyin bir uyğunsuzluq üzərində dayanır: «Dilin konativlik funksiyasına köklənən ünsiyyət, əlaqə (kommunikasiya) aktını «qazanan»la qarışdırmaq düz deyil»[27]. Lakin aydınlaşdırılmalı məsələ çoxdur.
Köməkçi (adjuvant)– personajlar sinfi, yaxud əsərin əsas subyektinin köməyinə gələn və onunla birləşən şəxsləndirilmiş qüvvələrdir. Sinonimi «müttəfiq»dir (allie). Yardımçı vasitələr müxtəlifdir. Müttəfiq kimi iştirak edən qeyri-adi xüsusiyyətə malik heyvan, quş, bitki obrazları ilə yanaşı sehirli əşyalar da iştirak edir və onların daşıdığı funksiya heç də birincilərdən az deyil.
Subyekt (subject)– təhkiyə, nəqletmə funksiyasıdır, baş subyektin (qəhrəmanın) hərəkət və atributlarını özündə birləş-dirir, eləcə də əsərin arzulanan əsas obyektinin əldə edilməsinə, məqsədin həyata keçməsinə xidmət edir.
Antoqonist (opposant) – söylənən əsərin ən böyük aktant siniflərindən və mühüm funksiyalarından biridir, baş subyektin ziddinə duran bütün personoj və şəxsləndirilmiş (canlandırılmış) qüvvələri ətrafında birləşdirir. Sinonimi «rəqib»dir. K.Bremon nəqletmənin məntiqi təhlilinə əsaslanıb, Qreymasın bəzi anlayışlarını dəqiqləşdirməyə çalışmış və «müttəfiq»in üç tipini müəyyənləşdirmişdir: silahdaş (arxadaş), borclu və kreditor (borc verən)[28].
Birincidə benefisiari o halda yardım alır ki, o, əvəzinə eyni vaxtda, başlanmış prosesdə – dəyişmədə müttəfiqinə xidmət göstərir, beləcə iki tərəf-müqabil həmrəyliklə ümumi tapşırığı yerinə yetirmiş olurlar / silahdaşdır;
İkincidə yardım keçmişdəki xidmətə görə göstərilir / borcludur;
Üçüncüdə isə o ümidlə yardım edilir ki, gələcəkdə mükafatlandırılacaq – bu halda «müttəfiq» benefisiarinin kreditoru rolunda çıxış edir / borc verəndir. Bremon yazır ki, hər bir personaj differensial (qeyri-bərabər) funksiyaların dəstəsi kimi müəyyənləşə bilir və mövqeyindən, rolundan asılı olmayaraq müxtəlif funksiyaları özündə birləşdirir. Fikirlərini bir qədər də aydınlaşdırmağa cəhd göstərərək bildirir ki, «bədbəxt qəhrəman öz taleyini yaxşılığa doğru dəyişməyə çalışanda, «özü özünə yardım edəndə» iki dramatik personaja (dramatis personae) ayrılır və özü özünün müttəfiqinə çevrilir»[29]. Bu məsələ ilə bağlı digər ziddiyyətli mülahizələr də mövcuddur.
Koduyet Y.Kokeyə görə, göndərən (yola salan) və alan (qəbul edən) kommunikasiya (modallığı «öyrənmək»), yəni rabitə, subyektlə obyekt «arzu» (modallığı «istəmək»), köməkçi ilə antoqonist isə «iştirak» (modallığı «bacarmaq») oxunda yerləşir[30].
Lakin göndərən və alanın əsas funksiyası əlaqə və rabitə yaratmaq deyil, həmçinin subyektlə obyektin rolunu təkcə istək və arzu ilə məhdudlaşdırmaq olmaz. Eləcə də köməkçi ilə antoqonisə eyni prizmadan baxıb birini bacarıqlı, digərini sadəcə iştirakçı kimi qiymətləndirmək də inandırıcı görünmür. Kokenin sisteminin sxemini yaradıb nəzərdən keçirsək, uyğunsuzluq daha qabarıq şəkildə gözə çarpar.
Sxemdə üç aktı bir-birinə bağlayan, əlaqələndirən cəhət və antoqonistin rolu nəzərə çarpmır. Eləcə də əsas subyekt (qəhrəman) xəyala qapıılıb qalır, passivdir. Köməkçilər və antoqonistlər isə bacarıqlı və fəaldırlar. Obyektin (arzuların) həyata keçməsi üçün bütün funksiyalar məhz sonuncuların əlindədir. Epos və nağıllarda isə əksinə qəhrəman dinamikdir, onun arzuları mühüm olsa da, hər məsələdə öndədir, köməkçi və antoqonistlər onun çevrəsində dolanırlar.
Binarizm (binarisme) – nəzəriyyədir, işarələr arasındakı bütün əlaqələr, bağlılıqlar binar struktura (elə modelə ki, onun əsasında nişanələrin varlığı və yoxluğu durur) uyğundur. Strukturun bu tipinin fonologiyada aşkarlanması tədricən dillə əlaqəli müxtəlif elm sahələrinə də tətbiq edilməyə başlamışdır. Rolan Bart binarizmin universallığının hələ tam əsaslandırılmadığı qənaətində,[31] olsa da, əsərlərinə də ardıcıllıqla tətbiq edir. Rus tədqiqatçısı İ.İ.Revzinin binarizmin müdafiəsinə qalxaraq köklərini göstərməyə çalışır: «Binarizm metodunun tətbiqinin böyük uğur qazanması o faktla təsdiqlənir ki, irəli sürülən konseptual sxem insan psixikasının xüsusiyətlərinə tam uyğun gəlir»[32]. Lakin özü də etiraf edir ki, bu barədə bundan dəqiq və yüksək fikir irəli sürmək mümkün deyil, çünki binarizmi hər hansı bir obyektin özü, əlamətləri (olduğu kimi görünüşü) müəyyənləşdirmir, onu yalnız qavrayanın dərin psixoloji təsisatı ilə əlaqələndirib üzə çıxarmaq mümkündür.
Söyləmə (enonce – fikir, mülahizə) və fikir aktı (enonci-ation) – təsdiq yolu ilə aktant (isim) və predikatı (sifət, fel) bir-biri ilə əlaqələndirən diskurs seqmentidir, məsələn: «İnsan ölümə məhkumdur». Söyləmələrin müqabilini təşkil edən fikir aktı danışanın nitq fəaliyyətinin nəticəsi kimi meydana çıxır. Məsələn: «Mən pəncərədən görürdüm (söyləmədir), Ramiz necə topu atdı (fikir aktıdır). Belə hesab edirlər ki, söyləmə prosesi dilin vasitəsi ilə danışan şəxsə aid olanları göstərir. «Mən baxdım, mən yerinə yetirdim, mən eşitdim…» Bu formula əsasən E.Benvenist dildə özünün subyektivlik nəzəriyyəsini ortaya atmışdır: «Dil ancaq ona görə mümkündür ki, hər bir danışan söylədikləri ilə öz «mən»inin necəliyini nümayiş etdirən subyektə çevirir. Subyekt «mən» zahiri münasibətə görə mənim «mən»imin oxşarı kimi başqa şəxsi müəyyənləşdirir və əks-sədama çevrilir. Mən «sən» söyləyəndə, o da mənə «sən» deyir… Dil elə şəkildə qurulub ki, hər danışan özünü «mən» kimi göstərəndə bütövlükdə dilə sahib durmağa ona imkan verilir»[33] . Benvenistin mövqeyindən çıxış edən Sv. Todorov «Poetika» əsərində «söyləmə subyekti» ilə «fikir aktının subyekti» arasında hədləri göstərir.
Benvenistin nəzəriyyəsi əslində dil haqqında məlum təlimi – «insanlar arasında ünsiyyət vasitəsi olması»nı alt-üst edir. Dili ictimai hadisə kimi qəbul edənlər yalnız yaranmasına istinad edə bilərlər. Başqa sözlə, dil yalnız insanlar bir-biri ilə əlaqə və ünsiyyətdə olarkən meydana gəlir. Lakin yaradıcılıq hadisəsinin predmeti kimi dil ancaq hər hansı bir subyektə məxsusdur. Subyektin (şəxsin) üzə çıxmasına, özünü təsdiqləməsinə xidmət edən vasitədir. Və bu mənada dilin bütün formaları (denotasiya, konnotasiya, yazı dili və şifahi nitq) subyektin hər iki «mən»ini (özü və təfəkküründən doğulanlar – sözlə yaratdıqları) şərtləndirən amildir.
Denotasi (denotation) – təmiz informasiya verən ilkin dilə deyilir. Məlumatın mübaliğəsiz, bər-bəzəksiz, ritmsiz, ölçülüb-biçimlənməmiş halda birbaşa, olduğu kimi, dolayısız çatdırılması mümkündürmü və bədii yaradıcılıqda yol veriləndirmi? Çılpaq informasiyanın formalaşmasında yaradıcılıq varmı? Bədii əsərin struktur təhlilinin bir vahidi kimi denotasiyadan danışanda bu suallara cavab tapmaq lazım gəlir. Eləcə də öyrənilməlidir ki, «Kitabi-Dədə Qorqud»un iki əlyazma mətnində təmiz informasiya özünə yer tapıbmı? İlk növbədə o da aydınlışrılmalıdır ki, «çılpaq, təmiz informasiyalı ilkin dil» deyəndə nə başa düşülür? Strukturalistlərin təbirincə açıqlasaq, şərtləşdirilmiş sistemlik əlaqəsinə görə «göstərilməli olanlar» ilkin mərhələdə öz «bildirən»ində «ideyalarla laylanmamış halda», ahəngdarlıqsız, «dövrəsiz» (relevant), «skelet» kimi mövcud olur. Bu çiy məlumat xüsusi sadə elementlərdən ibarət ilkin dil (onu «çılpaq dil» adlandırsaq, daha düzgün səslənər) vasitəsi ilə gerçəkləşir.