Konnotasiya (connotation) – eyni zamanda həm «mənalandırılan»ın ritorik göstəricilərinə, həm də «mənalandırılmalı»ların «ideoloji» səviyyəsinə verilən addır, sadələşdirsək, ölçülüb-biçimlənmiş dildir. «Gözüm səndən su içmir» – bu, konnotasiyadır. Onda ifadə edilən fikrin denotasiya kimi birbaşa əksi isə: «Səndən xoşum gəlmir» şəklindədir.
Konnotasiyanın iki forması var:
ritorik konnotasiya və
ideoloji konnotasiya.
Forması göstərilməli (ritorik) olan konnotasiyalara konnotator da deyirlər. Dennotasi ilkin dil sayıldığı üçün ritorik və ideoloji konnotasiya ikincidir.
Rolan Bart bir neçə dennotasiyanın birləşib konnotasiya yaratmasının formulunu işləyib hazırlamışdır. «Konnotativ semiotikada göstərilməli olanlar – biz onları konnotatorlar adlandıracağıq – əslində denotativ sistemin işarələridir, başqa sözlə, göstərilməlilərin və bilinənlərin bir vahididir. Anlamaq çətin deyil ki, denotativ sistemin bir neçə işarəsini bir-birinə bağlasaq, bir konnotator alınar, o halda ki, hamısı eyni konnotativ göstərilməli ilə əlaqələndirilsin»[34]. Məsələn,
«Ölən adam dirilməz,
çıxan can geri gəlməz..»[35].
Misalda «ölən adam dirilməz» və «çıxan can geri gəlməz» ayrılıqda denotasiyadır, təmiz, çılpaq informasiyadır, bir-biri ilə bağlananda konnotator (həm ritorik, həm də ideoloji) alınır. R.Bartın sxemi ilə Lafontenin təmsilindən götürülmüş «Qurd öz balasını yeyər» – söyləməsinin strukturunu aşağıdakı kimi göstərirlər:
Diskurs (discours) – nitq, nitq tipi, yaxud mətn, mətn tipi deməkdir. Sv. Todorovun dediyi kimi, ədəbiyyatın struktur-semiotik təhlilində problemlərin dəqiq müəyyənləşməsinə kömək edən müasir və ən mürəkkəb anlayışdır. Bu terminin çoxmənalılığının, əhatəliyinin səbəbi linqivistik araşdırmanın bütün predmetlərinə yönəldilməsi, eləcə də müxtəlif istiqamətlərdən şərh edilməsidir. Linqivistlərin özləri də «diskurs»la bağlı vahid fikrə gələ bilməmişlər. Məsələn, Emil Benvenist praktiki olaraq nitq (parole) istilahından istifadə etmir, əvəzinə discours işlədir[36].
Nitq (parole) – söyləmə, danışıq fəaliyyətinə (langage) tətbiq edilən fərdi variant kimi anlaşılır. Bir çox tədqiqatçıların qənaətinə görə, danışan subyektin ekzistensial[37]statusa malikliyi üçün təhlilə yararlı deyil. Lakin nitq hissə, duyğuya əsaslansa da pessimist ifadələrdən çox, optimist fikirləri əks etdirir və onun əhatə dairəsini «həyatın mənasızlığını, ictimai fəaliyyətin faydasızlığını, əxlaqın əsassızlığını sübuta çalışmaq»la məhdudlaşdırmaq düz deyil. Nitq yaradıcılıq hadisəsi kimi çox hallarda nikbinlikdən, uğurlardan, ya da şirin arzulardan doğan duyğulara güzgü tutur.
Diskurs anlayışının spesifikliyini diqqət mərkəzinə çəkib ilk dəfə elmə gətirən və geniş tətbiqinə çalışan belçikalı linqivist E.Byuissans özünün «Les langages et le discours» (Bruxelles, 1943) əsərində Sossyurun dil və nitq (langue – parole) əksliyinin arasına üçüncü üzv əlavə etmişdir: langue – discours – parole. Bu üçləşmə sxemində
langue – sistemdir, naməlum dolayı əqli konstruksiyadır;
discours – elə kombinasiyadır (quraşdırma) ki, gerçəkləşmə vasitəsi ilə danışan dilin kodundan (yəni «sem»dən – «toxumluq»[38] dan) istifadə edir;
parole – mexanizmdir, onunla həmin kombinasiyaları (Yəni sem aktlarını) həyata keçirmək mümkünləşir.
Sivyan T.V. yazır ki, E.Byuissans «discours»u (nitqin abstrakt şəkildə anlamını) dilin semioloji aspektdə olan ən aktual predmeti sayır[39].
Maraqlıdır ki, linqivistik təhlildən əl çəkib, sırf ədəbiyyatşünaslıq istiqamətində araşdırmaya keçəndə bədii əsərin yazılı mətni ilə şifahi nitq arasında müqayisə aparmaqla diskursun tam formal xarakterini üzə çıxarmaq olar. Hal-hazırda dilin elə səviyyəsi diskurs sayılır ki, o, sözün həqiqi mənasında təsvirin bütün tiplərini özündə toplaya bilir, başqa sözlə, diskurs geniş və hərtərəfli təsviri formalaşdıran ünsürlərin hamısını əlində cəm edib əlaqələndirir, nizamlayır, yeri gələndə dəyişdirir, əlavələr edir, çatışmazlıqların yerini doldurur. Beləcə mətni iki yerə – əhvalata, hadisəyə (intriqaya – fitnə-fəsada) və diskursa ayırmaq mümkündür. Məsələn, dedektiv hekayədə cinayət işini törədənin günahını təsdiqləyən əlamətləri müəyyənləşdirilməsi intriqadır, bu zaman qorxu atmosferinin getdikcə güclənməsini bildirən cəhətlər isə diskursdur. «Buğac» boyunda qırx nökərin iki dəstəyə bölünərək Dirsə xana oğlundan xəbər gətirməsi, atanın doğma oğlunu öldürmək niyyəti intiriqa, həmin hadisələrdən doğan fəlakətin yurdun məhvinə doğru istiqamətlənməsinin göstərilməsi diskursdur. Bu, mətndə fabulanın (hadisələrin müəyyən qayda ilə – xronoloji ardıcıllıqla konkret və geniş təsviri) deyil, süjetin (hadisələrin bədii üsullarla yerləşdirilməsi, düzülüşü və sxeminin qurulması) təşkili ilə bağlı məsələdir.
Xüsusi vurğulamaq lazımdır ki, diskurs problemi müasir filologiyada daim diqqət mərkəzindədir. Linqivistikaya köklən-məsindən doğan çətinlikləri adlayıb onun cümlədən də böyük mətn vahidi kimi təhlili uğurlu nəticələrin alınmasına təkan vermişdir. Doğrudur, diskurs özü çoxsəviyyəli xarakterə malikdir və tədqiqatçılar ona bir nöqtədən yanaşmır, müxtəlif yönlərdən interpretasiya (özlərinin başa düşdükləri şəkildə təfsir, şərh) edir, mürəkkəb struktur formalarını üzə çıxardır: – bədii diskursun çox dərin qatlara malik alt strukturundan (textprogramm) başalayıb ən üzdə yerləşən üst strukturun elementlərinə qədərki bütün formalarından bəhs açırlar. Bu mənada mətnin əlaqələnən ən kiçik qrammatik və məntiqi hissələrinin qeydə alınması linqivistikada «phrase structure» (strukturun bilavasitə quraşdırılıb genişlənməsi) adlanır. Beləliklə, ünsiyyətin ümumi anlayışı, təsəvvürü (konseptual) kimi dilin fəaliyyətini təmin edən semantikanın törətdiyi yeni nəzəriyyəyə tələbat yaranır. Onu da nəzərə almaq lazımdır ki, müasir linqivistik qrammatikada bir qayda olaraq mətnin əsas hissəsinin üfiqi şəkildə, başqa sözlə, xətti inkişafın sağdan sola istiqamətində meydana gəlməsi təsvir edilir. Eləcə də poetika və ritorika sahəsində doğuşun, yaranmanın şaquli (yuxarıdan aşağıya) tipinə təsadüf olunur.
Modeli: giriş+əsas hissə+nəticə.
Son illərdə təsviri struktur nəzəriyyəsində – narrato-logiyada (narrativelogos) bu yaranma tiplərini birləşdirib elmdə «təsvir üsullarının» (narrative competence) işləmə qaydalarını göstərən yeni istiqamətin meydana gəlməsinin vacibliyi daha aydınlığı ilə hiss olunur. Bu prosesi bədii mətnə yönəldəndə diskursun fəaliyyət dairəsindən kənara çıxmır. Problemə tam aydınlıq gətirən tədqiqatlar içərisində J.-K.Kokenin «Ədəbi semiotika» əsərini xüsusi qeyd etmək lazım gəlir. O, Yakobson, Benvenist, Levi-Stross və Qreymasın konsepsiyalarına söykənərək hesab edir ki, «dildəki taksonomik (ölçülü) nöqteyi nəzəri diskursun sintaktik işarələr sisteminə əsaslanan baxışla əvəz etmək lazımdır və transformasiyaların (şəklini dəyişmə), kombinasiyaların (birləşmə, uyğunlaşma) xüsusi qaydalarını mənimsəmiş bağlaşma struktur anlamı (enchainement) kimi başa düşülməlidir»[40].
Dominantlıq (dominance) – R.Yakobsonun 1935-ci ildə irəli sürdüyü konsepsiyadır, strukturun çoxmərhələli, iyerarxiyalı təşkili, quruluşu kimi başa düşülür. Bədii əsərin dominant komponenti onun başqa komponentlərini də təşkil və transformasiya edir, bununla əsərin struktur tamlığı təmin olunur. R.Yakobsonun yazdığına görə, «bədii əsərdəki dominantlaşmış poetik funksiya başqa kommunikasiya (əlaqə) aktlarının üzərində durub digər funksiyaların hakim olduğu çılpaq mətnlə müqayisədə əsərin bədii xarakterini formalaşdırır». Yanuş Slavinski «Poetik dil nəzəriyyəsinə giriş» əsərində dominantlığın xarakteri haqqında yeni təlim işləyib hazırlamışdır.
Vahid (unites) – dil zəncirinin seqmentləşməsi nəticəsində struktur təhlilin tələblərinə görə mövcud əlamətlərə uyğun şəkildə alınan müxtəlif ölçülü elementlərə deyilir.
Vahidləri fərqləndirən fonemdaxili əlamətləri Benvenist «merizmlər» adlandırır. Məsələn, «d» fonemini fərqləndirən dörd merizm göstərir: qovşaqlıq, dövrəlilik, cingiltililik, nəfəslilik.
Ümumiyyətlə, struktur vahidlərini beş qrupda cəmləşdirmək olar:
Fonematik səviyyəli vahid – fonemlər (mənaayırıcı səslər).
Məna ifadə edən vahid – söz. Merizmləri: səslənmə, ifadəlilik, məna daşıma, birləşmə.
Sintaktik vahid – cümlə. Merizmləri: söylənməsi, fikir əksetdirmə, əlaqələnmə – uzlaşma, yanaşma, idarə.
Təsvir vahidi – epizod. Merizmləri: nəqletmə, hadisə anını göstərmə, zamana və məkana görə bağlanma.
Mifoloji vahid – münasibətlər toplusu. Merizmləri: rəmzləşdirilmə, sakrallaşdırılma, qarşılaşdırılma, izahetmə.
İşarə (signe) – strukturalistlərin, xüsusilə fransız ədəbiyyatşünaslarının əsərlərində bədii əsərə tətbiq etdikləri struktur-semiotik metodologiyadır, bir qayda olaraq yığcam şəkildə «situasiyaların (hadisələrin gedişinin) işarələri» kimi şərh olunur. Əslində, bu metod işarələrin sadələşdirilmiş modelinin təhlilini asanlaşdırılmaq üçün aparılan əməliyyat deyil, həmin anlayışın təbiətinin düzgün açılması yollarının aranmasıdır. Demək olar ki, bu halda Sössürün müəyyənləşdirdiyi «işarə»dən əsər-əlamət qalmır. İlk növbədə R.Bartın işarəyə tamam başqa prizmadan yanaşdığının şahidi oluruq. O yazır ki, «işarə bütöv halda – göstərənin (akustik obraz kimi götürülür, ona görə də «səsləndirən» ifadəsi daha düzgündür) və göstərilənin (anlayış kimi) assosiasiyasının, yəni əlaqəsinin nəticəsidir».
İşarənin sərbəst, konvensional (şərti), müqaviləli (razılaşma yolu ilə) xarakteri barədə başqa bir postulat (əsassız fərziyə) isveçrəli tədqiqatçı E.Benvenist tərəfindən qəbul edilmişdir. Onun fikrinə görə, işarə motivləşmir, yəni göstərilən münasibətdə sərbəstdir, gerçək həyatla heç bir təbii əlaqəsi olmur».[41]Doğrudur, Y.S.Stepanova həmin nöqteyi-nəzəri kəskin tənqid etmişdir.[42]
İşarəni mətnə ilkin material verən əsas məlumatla – hadisə, obraz prototipi ilə də eyniləşdirirlər. Dildənkənar (söhbət mətn dilindən gedir) hadisə və gerçəkliyin predmeti kimi şərtləndirirlər və qeyd edirlər ki, həqiqi referent[43](referend) çox hallarda əsərin təhlilində böyük əhəmiyyət kəsb etmir, çünki onun rolu tam mətnin (kontekstin) referentiv funksiyasına (qısa məzmununa) müraciətlə məhdudlaşır. Məsələnin belə qoyuluşu «mətn və mətn» şüarından irəli gəlir, kənar amilləri kölgə altına almaqla işarələrin də miflər kimi (arxetip formasında) alt şüurdan hazır gəldiyini, öz-özünə doğulduğunu iddia etməkdir və bədii mətni gerçəkliklə əlaqəsini nəzərə almadan təsvir etmək cəhdinin nəticəsindən başqa bir şey deyil və Rolan Bartın təbirincə desək, «immanent[44] təhlil»dir. Strukturun özü qapalı olduğundan, orada məlumatı formal «dünyanın» təşkilinə istiqamətləndirən poetik funksiya üstünlük təşkil edir, hər şey mifik düşüncə tərzinin əlində olur.