Məna (signification), mənalandırma (signifiant), mənalandırılan (signifie) – Sössürün müəyyənləşdirdiyinə görə, kağız vərəqin üz və arxası olduğu kimi, mənanın da iki tərəfi var: mənalandırma/mənalandırılan.
Mənalandırılan – işarədən nəyi qavramaq (baxmaq və eşitməklə) mümkündürsə, ona deyilir. Məsələn, üç fonemdən ibarət səs birləşməsində g, ö və z fonemlərini görməklə, yaxud səsləri dinləməklə «göz» sözünü qavrayırıq, yəni mənalandırırıq.
Mənalandırma – işarənin (vasitəçiliklə bildirənin ötürdüyü) mənalı məzmuna deyilir. Məsələn, «göz» mənalandırılmaya görə görmə orqanıdır.
Sa | Se
Benvenistanın müəyyənləşdirdiyinə görə, «mənalan-dırılan» – ideyanın səslə ötürülməsidir, «mənalandırma» isə «mənalandıranın» təfəkkür ekvivalentidir».[45]
Anlam – şərh (sens) – əksər tədqiqatçıların qənaətinə görə, «anlam» (rusca – smısl, fransızca – sens) istilahı «məna» (rusca – znaçeniə, fransızca – signification) ilə üst-üstə düşür və «göstərilən»lərin (oznaçaemıx) cəmi başa düşülür. R.Bartın təsdiqinə görə, Sössür «sens» istilahını «göstərilmiş»ləri və «bildirilməli»ləri əlaqələndirən «işarə» üçün xarakterik əməliyyat kimi müəyyənləşdirmişdir.[46]
Əhəmiyyət, rol (valeur) – işarənin elementidir. Daha dəqiq desək, bir işarənin funksiyasını başqası ilə müqayisədə fərqləndirən əlamətdir, nisbi xarakter daşıyır. E.Benvenist yazır ki, «işarənin əhəmiyyəti daxil olduğu sistem daxilində müəyyənləşir. Çünki sistemdən kənarda işarə yoxdur»[47]. İşarənin rolunun nisbiliyi onunla şərtlənir ki, sistemin sinxronluğu işarələri bir-birindən tam asılı vəziyyətə salır və aralarındakı əlaqələrin pozulması, yenidən bərpası təhlükəsi həmişə mövcuddur. Ona görə də bütün mənaların əhəmiyyətinin məğzində əkslik (bir-birinə qarşı çıxmalar) durur. Beləcə əhəmiyyət, rol ancaq işarələrin fərqli cəhətlərinin ortaya qoyulması əsasında aydınlaşa bilir.
İdeologiya (ideologie)– əsas göstərilənlərin və ikinci dərəcəli sistemin (ritorik) konnotasiyasının («bildirən»in ritorik göstəricilərinin və «göstərilənlərin «ideoloji» səviyyəsinin) birgəliyinə deyilir. İdeologiya nəyinsə öz özünə fikirdə tutulması kimi təzahür (manifestasiya) edir. Onun «avtoriteti» onunla şərtlənir ki, diskursun və topikanın (ümumi və fərdi) üstündən keçir və «faktlar» arasındakı münasibətlərdən doğur.
Topika – ümumi və fərdi dəlil deməkdir. Bir fikri ifadə edərkən ümumi və fərdi dəlillərdən istifadə etmək bacarığı da fəlsəfədə «topika» adlanır.Topika ancaq mövcud konkret cəmiyyətin qəbul etdiyi anlayışın daxilində olanda fərdidir, ümumbəşəri ehtimallardan yaranan anlayışlar şəklində isə ümumidir. Belə ki, «vətənsiz adam»/«kosmopolit[48]» anlayışları kontekstdən kənarda ağlasığmazdır, təsəvvüredilməzdir. Lakin həmin anlayışların mətndən kənardakı əks qarşılığı – «ümumi ev»/ «vətən»/ «patriotluq» kimi anlayışlar müqayisəyə cəlb edilməklə ideya meydana çıxır. Məhz anlayışların ideoloji münasibətləri «həqiqətəuyğun» görünür. Bədii mətndə «həqiqətəuyğunluq» özü şərti xarakter daşıyır, müxtəlif səviyyəlidir. Onun əksolunma formaları da bir-birindən fərqlidir:
Referensial (rəy, məlumat, arayış və xasiyyətnamədən doğan) həqiqətəuyğunluq –«yaşanılmış»[49] və «qavranılmış» dünyanın gerçəkliklərinə münasibətdir. Müxalifliyin geniş və müxtəlif istiqamətli qarşılıqlı əlaqəsindən doğan fəaliyyəti göstərir. Məsələn, turistlərə xidmət edən ekskursovodun məlumat dəftərində məkan iki yerə bölünür: mənzərəli və mənzərəsiz. Burada «mənzərəli» dominantlaşdıran və dominatlaşan ola bilər.
Məntiqi həqiqətəuyğunluq – ədəbiyyatda ənənəvi araşdırma obyekti kimi götürülən janr qanunlarının müəyyənləşdirilməsinə aiddir. Burada struktur təhlil onu üzə çıxardır ki, diskurs və söyləmə (hekayət) janrın «dərin qatlarından» meydana gəlib funksiyalaşır.
Poetik həqiqətəuyğunluq – bir qayda olaraq ritorik füdurlarla ortaya çıxır.
Topik həqiqətəuyğunluq – diskursun hakim olduğu ümumi yer nəzərdə tutulur: eksplisit (izahlı, şərhli – məsələn, sitat gəti-rilən müəlliflər, ekzaltirli – coşmuş, həyəcanlı qəhrəmanlar, atalar sözləri və dil manerasına görə həqiqətəuyğunluq) və implisit (rəqibi – opponenti «retroqrad» – cəhalətpərəst, irticaçı adlandırmaq, eyni zamanda tərəqqi ideyalarına müraciət etmək) ola bilir.
Kod (code) – hər hansı bir işarələr sistemində təbii dilin fəaliyyət qaydalarının birgəliyi və məhdudluğu funksiyasının təmin edilməsi deməkdir, başqa sözlə, kommunikasiyanı təmin edən vasitədir. Bunun üçün kodun xüsusiyyətləri kommunikativ prosesin bütün iştirakçılarına aydın olmalıdır. Kod hamının qəbul etdiyi nöqteyi-nəzərə görə, konvensional (şərti) xarakterdədir. A.Y.Levin bu barədə yazır ki, «kommunikativ kodların konvesional təbiətinin hər zaman eksplisit (izahlı şəkildə) əksi, verilməsi vacib deyil; daha çox təbii dilin funksiyalarını – tam fəaliyyətini müəyyənləşdirən konvesiyalar (bağlaşmalar) kommunikasiya aktlarında həmişə «öz-özünə qurulmaqla» implisit (ziqzaqlı, ziddiyyətli) formada meydana gəlir və təkcə bir vasitə ilə – linqivistik təsvir işarələrinin səviyyəsinin köməyi ilə şərh edilir»[50].
Manifestasiya (manifestation) – göstərənin, yaxud mənalandıranın kommunikasiya əlaqəsi vasitəsi ilə semantik strukturun ortaya çıxarılmasına deyilir.
Metafora (metaphore) – hərfi mənası «köçürmə»dir, söz və ifadələrin dolayı mənada işlənməsinə əsaslanan məcaza deyilir. Bütün substitutiv işarələri mənalandırır. Belə ki, eksplisit, ya da implisit müqayisənin köməyi ilə eyni bir fiqur (göstərilən, yaxud mənalandırılan) praktik plandan – denotasiyadan mifik plana – konnotasiya halına köçürülür. Məsələn, «aydın görmək» ifadəsində ikinci işarə vizual (görmə) plandadır, birinci işarəyə bağlanmaqla intellektual (əqli, zehni) plana köçürülür.
Metonimiya (metonymie) – məcazdır, hərfi mənası «adalandırılma»dır. Struktur təhlildə diskursun inkişafını istənilən səmtə yönəldən sintaqmatik qaydalı hər hansı bir fiqurdur. Bir sözün qarışıq anlamı əsasında başqa sözlə əvəzlənməsi kimi başa düşülür. Metonimik tipli diskursdan danışanda, metaforik tipli diskurs onun əks tərəfi kimi götürülür.
Ritorikada metonimiyanı bir göstərilənin iki və daha artıq göstərilməlini özünə cəlb etmiş fiqur adlandırırlar: məsələn, konyak – həm şəhər, həm də içki deməkdir.
Oppozisiya (opposition) – hər hansı bir terminin mənasını başqa terminlərə, yaxud terminlər qrupu ilə müqayisədə üzə çıxardan münasibət formasına deyilir.
Paradiqma (paradigme)
Paradiqma – hərfi mənada «nümunə, misal» deməkdir. Qrammatikaya aid dərslik və lüğətlərdə paradiqma tamamilə başqa şəkildə – «sözlərin hallara salınması və ya dəyişməsi formalarını göstərən cədvəl»[51] kimi şərh olunur. Əslində isə iki element arasında, yaxud elementlərin sırasında elə müxalif münasibətdir ki, onlardan (qarşı duran elementlərdən) biri iştirak etmir, ya da əksinə, başqalarının yoxluğu şəraitində mövcud olur. Beləcə, söhbət assosiativ sıranın əks mövqedə duran üzvünün «in absentia»sından (olmamasından, iştirak etməmə-sindən) doğan münasibətdən gedir. Struktur təhlil zamanı paradiqma formalı münasibətlər mənanın açılmasıda həlledici rola malikdir.
Paradiqma sintaqmanın – «in praesentia» formalı bağlılı-ğın əks qarşılığı kimi də götürülür. Paradiqmanın təhlili təsnifatla (klassifikasiya), sintaqma kimi isə üzvlərə ayrılmaqla başa çatır. Paraqmatik münasibətlərin həm də «sistemli (ardıcıl) münasibətlər» adlandırılması təsadüfi deyil. Eləcə də sistemli münasibətlərin birgəliyi «sistem» təşkil edir.