Ana dilində danışmağı yadırğayan «rəhbərlər» tərəfindən Heydər Əliyevin böyük bir ədalətsizliklə gözdən salınmağa cəhd olunduğu günlərdə hər dəfə Prezident Sarayı qarşısından keçən-də izdihamlı binaya baxıb qəribə kövrək hisslər keçirirdim:
Əzizim bizim qala,
Həmişə bizim qala.
Tikmədim ki, özüm qalam
Tikdim ki, izim qala.
Onu da bilirəm ki, izi qalan qalalarda əvvəlcə yaşayarlar, onun gözəlliyini duyarlar, səfasını görərlər və sonra onu gələcək nəsillərə hədiyyə kimi bəxş edərlər. Düşünürdüm, möhtərəm Heydər Əliyev bu binanı da başqa işləri kimi, xalqı üçün tikib. Adamlar onun burada işləyəcəyinə, gördüyü bütün işlərdə olduğu kimi, qürur hissi keçirəcəyinə inanırdıq. Çünki Allah-Taalanın nəzərinin həmişə qeyrətli, zəhmətkeş adamların üstündə olduğunu bilirdik. Lakin bir vaxtlar bu müdrik rəhbərin səxavətindən bəhrələnib, dövlət kürsülərinə dırmaşanların sonra xalqın düşmənlərinin xidmətində duraraq bu möhtəşəm sarayda oturub onu ucaldanın ünvanına hədyan söyləmələri taleyin ədalətsiz bir səhnəsi kimi qəbul edilməlidir.
Azərbaycanın dirçəlişi və tərəqqisi naminə bütün bilik və bacarığına istedad və enerjisini əsirgəməyən böyük İnsanın hakimiyyəti dövrünü mərhələlərə, illərə, aylara bölsək, görərik ki, onlardan hər biri – hər zaman kəsiyi böyük qələbələr, ölkəmizin çiçəklənməsinə, iqtisadiyyatın yüksəlməsinə səbəb olub. Onun ardıcıl, düşünülmüş səliqə-sahmanla həyata keçirilən xarici siyasəti nəticəsində Azərbaycan Dünya Birliyində demokratik, hüquqi dövlət kimi tanınıb. Az bir müddət içərisində xüsusi nüfuza malik beynalxalq təşkilatlara üzv qəbul olunub.
* * *
Hər bir xalqın hansı ərazidə məskunlaşdığının ilkin və ən mühüm göstəricisi arxaik mifoloji-folklor materialları və etnoq-rafik daşıcıyılardır. İnsanlar coğrafi məkana, ocağa sahib olan andan orada öz izlərini adlarla (toponimlər, hidronimlər, tanrı isimləri və s.) qoyurlar. Yazı meydana gəlməmişdən qabaq Azərbaycan türkünün dünya haqqındakı təsəvvürləri Qobustandakı rəsmlərdə, Azıx mağarasındakı məişət əşyalarında, şifahi şəkildə formalaşan bədii yaradıcılıq nümunələrində, primitiv əmək alətlərində və məişət əşyalarında əks olunmuşdur. Qadın və kişi başlanğıcın animastik qayaüstü təsviri göstərir ki, ulu əcdad özünün meydana gəlməsini 5 min il əvvəl də ata-anaya bağlamışdır. Bu onu təsdiqləyir ki, türkün atalar kultuna inamının tarixi kökləri çox dərin qatlardan gəlir. Deməli, hər hansı bir etnosun mifologiyası və folkloru yaşadığı ərazinin təbiəti ilə yoğrulmayıbsa, onun haqqı yoxdur ki, özünü həmin yerin köklü sakini saysın. Bu mənada türkdilli xalqların Ural ətrafından, Qafqaz və Altaydan başlanan köç etməsi çox əski çağlardan bütün Asiyanı bürümüş və Avropanın ətəklərinədək yayılmışdır.
Heydər Əliyev çıxışlarının birində bildirirdi: «Biz fəxr edirik ki, ata-babalarımız digər xalqlarla dostluq və qardaşlığa can atmışlar». Türk tarix boyu bir əlində qılınc, digər əlində müqəddəs «Kitab» tutub dünyanı bir bayraq altında birləşdirməyə çalışmış və qonşularını həmişə barışa, sülhə, onun gücü, qüdrəti, haqqı, ədaləti qarşısında «il olmağa» çağırmışdı. Müdrik və sənətkarlıqla deyilmiş hər sözü öz andı bilib qorumuş, şər fikrə düşənləri isə Dədə Qorqud kimi mənəvi ucalığın kölgəsində utandırmağı bacarmışdır. Ona görə ki, «bədii söz insanların ağlına və ürəyinə daha tez yol tapır, daha dərindən nüfuz edir, onlara son dərəcə böyük təsir göstərir (Heydər Əliyev)».
Belə bir həqiqət var ki, hər hansı bir xalqı kölə vəziyyətinə salmaq üçün onun tarixini əlindən almaq, ya da kökünü dərinliklərdən uzaqlaşdırıb yaxın çağlara gətirmək lazımdır. Heydər Əliyevin böyüklüyü ondadır ki, bu həqiqəti rəhbər vəzifəyə gəldiyi gündən başa düşüb daim diqqət mərkəzində saxlamış, doğma xalqına tətbiqinin qarşısını almağa nail olmuşdur. O, Milli Elmlər Akademiyasının əməkdaşları qarşısındakı çıxışında görkəmli elm xadimlərinə 20-30 il əvvəlki tövsiyələrini təsadüfi xatırlatmırdı: «Tarixçilərimizin xatirində olmalıdır ki, mən Azərbaycanda işləyən dövrdə – 70-ci illərdə və 80-ci illərin əvvəllərində dəfələrlə onlara müraciət etmişəm ki, bizim tariximiz – həm qədim tariximiz, həm orta əsrlər tariximiz, həm də son dövrlərin, yəni XVIII, XIX, XX əsrlərin tarixi istənilən səviyyədə yazılmayıb. Tarixçilərin yadındadır ki, mən alimlərlə dəfələrlə görüşmüşdüm, hər dəfə də öz narahatlığımı bildirmişdim». Bu narahatlığın əsas səbəbi ondan irəli gəlirdi ki, keçmiş sovet məkanında mənfur qonşularımız və onların mərkəzdəki havadarları Rus çarizm idarəçiliyində bünövrəsi qoyulan mənfur siyasəti (Qafqazı müsəlman türklərdən tam təmizləyib xristianlaşdırmaq, saxta «Böyük Ermənistan» xəritəsini simvolik şəkildə bərpa etmək) incəliklə davam etdirir, Azərbaycan xalqının qədimliyini təsdiqləyən faktlara göz yumur, ya da başqa səmtə yönəldir, qəribə konsepsiyalar irəli sürərək kökümüzü Qafqazdan uzaq salmağa səy göstərir, bununla da ulu babalarımızın yaşadığı əzəli ərazilərə XII yüzillikdən sonra gəldiklərini yaddaşlara yerləşdirmək niyyəti güdürdülər. Heydər Əliyevin təkcə türkün Qafqazla əlaqələnən ilk yazılı eposunun yaranma tarixini 1300 əvvələ aparması, bunu Beynəlxalq miqyasda keçirilən tədbirlərdə təsdiqləməsi, bir qədər kobud desək, gözə soxması göstərir ki, yüzlərlə alimin yerinə yetirə bilmədiyi mühüm problemin təməlini əsaslı formada qoymuş və Türk Dünyası yazıçılarının III qurultayında belə bir həqiqəti də açıqlamışdır ki, «türkdilli xalqlar qədim, çoxəsrlik tarixi boyu Avrasiya qitəsinin böyük hissəsində yaşayaraq dünya, bəşər mədəniyyətinə böyük töhfələr vermiş, onu zənginləşdirmişdir. Qədim tarix boyu türkdilli xalqların həyatı cürbəcür, bəzən xalqların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə rastlaşmışdır. Ancaq xalqlarımızın dərin kökləri, bir-birinə mənəvi bağlılığı onları bütün bu mərhələlərdən, imtahanlardan, sınaqlardan çıxarmışdır». Ən maraqlısı odur ki, böyük öndərin tövsiyələrində örnək kimi istinad etdiyi əsas mövzu türk xalqlarının mifoloji görüşlərlə zəngin olan tarixi qəhrəmanlıq eposlarıdır. O, tarixi köklərimizin yazıçılar tərəfindən işıqlandırılmasını yüksək dəyərləndirmiş, Şərqin ən möhtəşəm yazılı abidələrinin içərisindən türk xalqlarının yaratdığı əsərləri seçib diqqət mərkəzində saxlamağın, araşdırmağın və bütün dünyaya yaymağın vacibliyini nəzərə çatdıraraq bildirmişdir ki, «Dədə Qorqud», «Manas», «Alpamış», «Koroğlu» dastanları qədim dövrlərdə yaranmış, xalqlarımızın hamısına mənsub olan dahi şairlərimiz, yazıçılarımız – Nizami, Yunus İmrə, Nəsimi, Əlişir Nəvai, Füzuli, Məhdimqulu, Mirzə Fətəli, Sabir, Cəlil Məmmədquluzadə, Abay, Hüseyn Cavid və digərləri isə türkün tarixini, mənəvi dəyərlərini əks etdirən, onu dünyada tanıtdıran ölməz əsərlər meydana gətirmişlər. Bütün bunlar nəsillərdən-nəsillərə ötürülərək «xalqımızı özünəməxsus milli-mənəvi dəyərlər, o cümlədən ümumbəşəri dəyərlər əsasında tərbiyə etmiş, onlarda vətənpərvərlik, vətənə sədaqət hisslərini daim gücləndirmişdir (Heydər Əliyev)».
Faktlar göstərir ki, yüksək dövlət kürsülərində çalışarkən Heydər Əliyevi azərbaycanlıların tarixi taleyi və mənşəyinin labirintə salınması, ilkin dünyagörüşünün, mifoloji təsəvvürlərinin yoxluğu kimi elmi əsası olmayan qənaətlərin irəli sürülməsi sarsıtmış, yüksək dövlət postları ilə daim irəliyə doğru cəsarətli addımlarını ona görə atmışdı ki, həqiqəti üzə çıxarmaq üçün alimlərin meydanını genişləndirməyə səlahiyyəti çatsın. O, Məhəmməd Füzulinin 500 illik yubileyi üzrə Dövlət Komissiyasının iclasındakı yekun sözündə uzun illər ürəyini didib-parçalayan haqsızlıqlar və elmi yanlışlıqların baş alıb genişlənməsi barədə açıqlamalar vermişdir: «Hamımıza məlum olan düşmən qüvvələr həmişə sübut etməyə çalışmışdır ki, Azərbaycan xalqının zəngin tarixi olmamışdır, onun kökü yoxdur. Şübhəsiz ki, bu cəfəngiyyatdır». Kommunist ideologiyasının «iri addımlarla irəlilədiyi» çağlarda belə (1981-ci ildə) onu narahat edən məsələlərdən biri Azərbaycan xalqının tarixinin bədii ədəbiyyatda dolğun əks etdirilməsi olmuşdur. O, yaxşı dərk edirdi ki, millətlərin özünüdərkini unutdurmaqdan ötrü onun tarixini saxtalaşdırmaq, kökünü dərinlikdən yaxınlara gətirmək xətti yeridilir. Bu acı həqiqətin onun doğma xalqına tətbiqi ilə barışmadığını Azərbaycan yazıçılarının qurultayındakı nitqində açıq-aydın nümayiş etdirərək qələm sahiblərinin fəaliyyətindən narazı qaldığını bildirmişdir: «Açıq demək lazımdır: Azərbaycan tarixinin bir çox parlaq səhifələri bədii ədəbiyyatda layiqincə əks etdirilməmişdir».
Mənəvi dəyərlərin qorunması üçün bütün imkanları səfərbər edən dövlət başçısı Azərbaycan və ümumiyyətlə, türklər haqqında formalaşan qeyri-etik və elmilikdən kənar qənaətləri alt-üst edən çoxsaylı tədbirlər həyata keçirmişdir. Onun səyi və prinsipial mövqeyi nəticəsində dünya anlamağa başlamışdır ki, «Dədə Qorqud», «Manas», «Koroğlu» kimi eposlar düzüb-qoşan xalq ancaq haqqa tapınar, şərə meyl göstərməz. H.Əliyev düşmənlərimizin hiyləgərliyinə yaxşı bələd idi. Ona görə də prezidentlik fəaliyyəti dövründə çalışırdı ki, türk xalqlarınının birliyinə nail olsun. Bu birliyi o, vahid türk dövlətinin qurulması şəklində deyil, məhz mənəvi dəyərlərin eyniliyini, oxşarlığını üzə çıxarıb mədəni amillər əsasında bir-birinə yaxınlaşma, milli ruhu oyadıb kökə qayıtma kimi gerçəkləşdirməyə can atırdı.
Bu gün ayrıseçkiliyin yalnız bir məsələdə qabarıq şəkildə görünməsinə isə sevinir – çünki türk xalqlarının hər birinin öz müstəqil dövləti yaranmışdı. Cüzi dil fərqləri istisna olunmaqla, dünyada yeddi müstəqil türk dövlətinin bayrağının dalğalanmasını (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkmənistan və Türk Kipri) böyük qələbə sayırdı. O, türk xalqlarının mənəvi birliyindən qürurlanmaqla yanaşı, onların yüksək inkişaf yolunu tutmasını arzulayaq deyirdi: «Bizim tarixi köklərimiz xalqlarımızın öz iradəsi ilə bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir və qeyd edim, mənəvi dəyərlərmizin inkişafı tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə, keçilməz yollarla rastlaşıbsa da, dayanmayıb, inkişaf edib, qalxıbdır. Amma indi isə, türkdilli xalqların müstəqil dövlətləri olduğuna görə və bizim əlimizdə böyük imkanlar yarandığına görə bu prosesləri daha da gücləndirə, daha da mütəşəkkil edə bilərik».
Türk mifik təfəkküründə ulu əcdad Oğuz dünyaya elə misiya ilə qədəm basır ki, haqqı tapdayanların dərsini versin, ədaləti, düzlüyü sevənləri isə öz qanadı altına alıb şərdən, yad təcavüzlərdən qorusun. Həmin missiyanı öz çiyinlərində ancaq bir şəxs daşıya bilərdi – türkün mənəvi yüksəkliyinə, müdrikliyinə və tarixi qəhrəmanlığına sığınan Heydər Əliyev!..
Siyasət aləmində Heydər Əliyevin ən böyük xidməti müstəqil Azərbaycan dövlətininin özülünü və əsas sütunlarını qurması, inkişafa, yüksəlişə istiqamətləndirməsidir. Lakin özünün də təsdiqlədiyi kimi «müstəqil dövlət olmaq üçün xalqın gərək mentalitet səviyyəsi olsun». Respublikada yaşayan insanları mentalitet səviyyəyə gətirən amillərin birincisi isə xalqın kökünün düzgün müəyyənləşdirilməsi, ilkin dünyagörüşünün – mifologiyasının bərpası, mənəvi-əxlaqi dəyərlərinin qorunması və adət-ənənlərinin haqqa, ədalətə, humanist ideyalara söykəndiyinin başqa ölkələrdə düzgün nümayiş etdirilməsidir. Bu işin özəyində isə folklor irsinin yazıya alınıb nəşr edilməsi və araşdırılması durur.