Ümumiyyətlə, ölkə prezidentinin son illərdə folklora göstərdiyi qayğını – verdiyi mühüm qərar, göstəriş və fərmanları nəzərdən keçirəndə adamı heyrət bürüyür. Özü də həmişə bu sahə ilə bağlı aparılan tədbirləri xüsusi nəzarətdə saxladığından şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması, nəşri və təbliği sahəsində böyük işlər görülmüşdür. İlk növbədə, onu vurğulamaq lazımdır ki, Milli Elmlər Akademiyasının «Folklor» elmi-mərkəzinin imkanları genişləndirilmiş və müstəqil elmi-tədqiqat instituna çevrilmişdir. Burada bir cəhətə xüsusi diqqət yetirilir. Zorla, silah gücünə dədə-baba yurdlarından didərgin salınan Qərbi Azərbaycan və Qarabağ torpağının köklü sakinlərinin folkloru damla-damla yazıya alınıb əbədiyyət qazanır. Bu elə bir hünərdir ki, hər buraxılan 600-800 səhifəlik folklor toplusu düşmənin başına Ağrı dağı ağırlığı qədər zərbə endirib xülyalarını boşa çıxardır. Bu işlərin əhəmiyyətinin böyüklüyünü bir faktla nəzərə çatdırım. Bu yaxınlarda respublikamızdan uzaqlarda (Sankt-Peterburqda) yaşayan bir neçə soydaşımızın evində qonaq olanda gördüm ki, onlar sadaladığım folklor antologiyaları ilə bir sırada Aşıq Ələsgərin iki cildliyini, «Koroğlu» və «Dədə Qorqud» eposlarını, Molla Cumanın əsərlər toplusunu stolüstü əsərlərə çevirmişlər. Həmvətənlərimiz xalqın yaratdıqları bədii yaradıcılıq nümunələri ilə nəfəs alır, folkloru övladlarına əzbərlətməklə vətəndən uzaqda köklərini unutmamağa çalışırdılar. Bu mənada Heydər Əliyev uzaqgörənliklə dövlət xadimlərinə tövsiyə edirdi ki, «hansı hakimiyyət olursa-olsun, xalqa sədaqətlə xidmət edən, xalqın irəli getməsinə çalışan adam heç bir şeylə hesablaşmamalıdır».
Əslində, tariximizin son olayları – musiqimizin beşiyi Şuşanın işğalı hamıdan çox ölkə başçısını sarsıtmışdı. Eləcə də bu qədər zəngin mənəvi sərvət yaradan insanları xəyanətlə heç vaxt barışmamağa çağıran da cənab Heydər Əliyev olmuşdur. O, çıxışlarında təkrar-təkrar deyir: «Elə düşünməsinlər ki, Azərbaycan xalqının mənəviyyatını sarsıda bilərlər, yox! Elə güman etməsinlər ki, Şuşanın işğalı daimi ola bilər. Yox, ola bilməz!.. Biz öz torpaqlarımızın sahibi olmalıyıq… Nəyin bahasına olursa-olsun, hansı yolla olursa-olsun, Şuşa da, Qarabağ da, işğal olunmuş bütün torpaqlarımız da azad olunacaq – Azərbaycan xalqının iradəsi ilə azad olunacaq». Bir ictimai xadim və siyasətçi, mübariz insan kimi gücünü, tükənməz enerjisini türkün qəhrəmanlıq eposlarından aldığını isə çıxışlarında bir neçə dəfə etiraf etmişdir. Uşaqlıq və gəncliyində «Koroğlu» kitabını əlindən yerə qoymadığı açıq-aydın hiss olunur. Eposun xüsusiyyətləri və ideyasını şərh edərkən bir folklorşünas alim tək ümumiləşmələr aparır, türkün milli ruhda yetişməsində eposun müstəsna əhəmiyyətə malikliyini vurğulayır. Heydər Əliyev Üzeyir Hacıbəyovun 110 illiyinə həsr olunan yığıncaqda çıxış edərkən vurğulayırdı ki, «Koroğlu» dastanı insanları həmişə qəhrəmanlığa, cəsurluğa dəvət etmişdir. Bu dastan insanlarda qəhrəmanlıq, cəsurluq və vətənpərvərlik əhval-ruhiyyəsi yaratmışdır. «Koroğlu» dastanı insanları həmişə azadlığa, azadlıq uğrunda, zülmə qarşı mübarizəyə çağırmışdır. «Koroğlu» dastanı ona görə sevilir ki, xalqın həyatı, gələcəyi üçün ən əhəmiyyətli fikirlər bu dastanda cəm olunmuşdur».
Gözlərimiz önündə baş verən son tarixi hadisələr göstərir ki, heç bir ölkədə xalqın mənəvi sərvətinə bizdə olduğu qədər dövlətin diqqət və qayğısı nəzərə çarpmır. Ölkə Prezidentinin fərmanı ilə «Dədə Qorqud» abidəsinin 1300 illik yubileyinin YUNESKO xətti ilə dünya miqyasında keçirilməsindən sonra ölkəmizdə bir-birinin ardınca mühüm tədbirlər həyata keçirilir. Respublikamız güclü folklorşünas kadr potensialına malikdir. Bakının üç böyük təhsil və elmi müəssisəsində, eləcə də Naxçıvan, Gəncə və Şəkidə məktəb səviyyəsində – özü də hər biri öz dəsti-xətti ilə seçilən folklor ocaqları fəaliyyət göstərir.
Heydər Əliyev özü aforizmə çevrilən kəlamları ilə üzünü sapı özümüzdən olan baltalara tutub demişdir: «Dağıtmaq asan işdir, amma yaratmaq çox çətindir. Tarix, insanlar isə həmişə quranları, yaradanları qiymətləndirir. Dağıdanlar həmişə tarixdən silinmişlər, yaxud da tarixə mənfi rol oynamış adamlar kimi daxil olmuşlar».
Dili «ürəyin açarı» hesab edən Azərbaycan xalqı onunla qürur hissi duymalıdır ki, yeni minilliyə xalqının dilini, tarixini, mədəniyyətini, incəsənət və ədəbiyyatını fanatikcəsinə sevən, dünya siyasətinin öndəri olan böyük şəxsiyyətlə qədəm basdı. Heydər Əliyev yenicə müstəqillik qazanan dövləti bataqlıqdan çıxarmaqla, ayağa qaldırıb müasir sivilizasiyalı ölkələr səviyyəsinə çatdırmaqla yanaşı xalqımızın mənəvi sərvətinin qorunmasına, tarixi-mədəni abidələrinin üzə çıxarılıb bütün dünyada tanıdılmasına çalışır, həmçinin nitq ustalığını nümayiş etdirməklə, idarə və təşkilatlarda rəsmən Azərbaycan dilinə qayğı ilə yanaşılmasına nail olub milyonların rəğbətini qazanır. Onun bu sahədə gördüyü işlər həm gələcək siyasətçilərimiz, həm alim və ziyalılarımız, həm də gənclərimiz üçün örnəkdir. Öz ana dilini sevən hər bir kəs bu barədə həqiqəti açıqlamağa borcludur və buna hədsiz ehtiyac vardır.
Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən ali təhsil ocaqlarının birində bu faktları söyləyəndə yerdən bir nəfər replika atmışdı: «Siz Adəmin türklüyünə inanırsınız?» Ona belə cavab vermişdik ki, yox, nəinki Adəmin türklüyünə, heç tarixən mövcudluğuna inanmıram. Ancaq böyük Nizaminin türklüyünə sizin ölkədə də şübhə ilə yanaşırlar, bu faktlar qeyri-şərhsiz həmin şübhələri alt-üst edir. Adəmin türklüyünə gəlincə, bu, mifdir. Hər bir xalqın mənəvi haqqı çatır ki, ilkin arxetiplərdən öz payına düşəni götürsün.
Bu, mifin ədəbi faktora çevrilməsi və türkün böyük söz ustalarının gələcək nəsillərə verdiyi tövsiyələridir. Həmin əsərlərdə qoyulan ruh bu gün hamıdan qabaq Azərbaycan Respublikasının Prezidentinin timsalında daha əsaslı və böyük sevgi ilə davam etdirilir.
Bakı şəhərində TÜRKSOY təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının 19-cu toplantısında maraqlı bir hadisə baş vermişdi. Orada cənab Heydər Əliyev çıxışında bildirmişdi ki, Leninqradda tələbəlik illəri zamanı Xakasiyadan gələn bir nəfərdən hansı millətdən olduğunu öyrənmək istəyir. Daha doğrusu, öyrənmək istəyir ki, xakaslar türk olduqlarını anlayırlar, yoxsa yox. Bu zaman bir nəfər yerdən replika verir ki, xakaslar şamanlardırlar. Dövlət başçısı təmkini pozmadan deyir ki, «Şaman olsalar da, türklərdirlər. Türklər də şamanlardırlar». Bu, məhz türkün böyüklüyünü Nizami və Qayğısız Abdal kimi dünyaya çatdırmaq idi. Bu o demək idi ki, sovet dövründə türklüyü dandırmaq siyasəti yeridildiyi hər kəsdən öncə cənab Heydər Əliyevi narahat edirdi. O, tutduğu mühüm vəzifəni itirmək təhlükəsinə baxmayaraq, keçmiş SSRİ-də yaşayan türk xalqlarını öz kökünə qaytarmağa çalışmışdı.
Heydər Əliyev «Manas» eposunun 1000 illiyi münasibəti ilə söylədiyi çıxışında türk dillərinin tarixinə ekskursiya etdikdən sonra demişdi ki, «biz bir kökdən, bir dildən olan xalqlarıq. Ancaq əsrlərdən-əsrlərə dilimizdə müəyyən fərqlər yaranmışdır. Bir-birimizi qəlbən duyuruq, qəlbən anlayırıq, amma dilimizdə olan fərqlərə görə deyilən sözlərin bəzilərini anlaya bilmirik. Mən bu gün sözlərimi Azərbaycan dilində başladım». Bəli, ölkə Prezidenti həmişə əsas sözlərini, xalqına tövsiyələrini öz ana dilində başlamışdır. Lazım gələndə, xüsusilə xalqımızın düşmənlərinin məkrli əməllərini dünyaya çatdırmaq istəyəndə isə rus dilindən faydalanmışdır.
Adamı heyrətə gətirən faktları ona görə tez-tez xatırlatmaq lazımdır ki, gənclərimiz eşidib öyrənsinlər. Çünki Azərbaycan Prezidenti hər an Türkün tarixinin saxtalaşdırılması işinə son qoyulması barədə düşünmüşdür. O, xalq şairi B.Vahabzadənin «Özümüzü kəsən qılınc» («Göytürklər») pyesinin tamaşasına baxandan sonra teatr kollektivi ilə görüşündə maraqlı bir təşəbbüsünü yada salmışdır. Özbəkistanda Əmir Teymurun 660 illik yubileyində türkdilli dövlətlərin başçıları ilə türk xaqanlığının 1450 illiyinin keçirilməsini müzakirə etdiyini bildirmişdir. Orxon-Yenisey abidələrinin motivləri əsasında yaranan tarixi əsərin təhlilini verən Heydər Əliyev məhz 1450 il əvvəl baş verən dəhşətli hadisələrin bu gün də davam etdiyini qeyd edərək demişdir: «Təəssüflər olsun ki, bizim ulu əcdadlarımız da hakimiyyətdən ötrü bir-birini qırıblar, torpağı da satıblar. Görürsünüz ki, hakimiyyətə gəlmək üçün düşmənə satılanlar olur. Qardaş-qardaşı öldürür ki, xaqan olsun. Bir qardaş digərinin əleyhinə çıxır». Gültigin, Bilgə kağan kimi sərkərdələr də Göy türkləri oğuz və uyğurlarla birləşməyə çağıranda ötənləri xatırlatmış, «yuxarıda göy, aşağıda yer» deyib eyni kökdən pöhrələnən soyların bir çadırda el məclisi qurmasını arzulamışdır. O vaxtdan 15 əsr keçməsinə baxmayaraq, indi də Xəzərin sularına görə hər türk eli bir iddia ilə meydana atılır. Heydər Əliyev siyasət meydanında elə davranmağa can atır ki, nə türkmənin, nə də qazaxın mənafeyinə ziyan gətirilsin. Ancaq təkcə siyasi ambisiyalarda deyil, ədəbi-mədəni məsələlərdə də əski abidələri, hətta söz sənətkarlarını öz tərəfinə çəkmək niyyətində olanlar var. «Füzulini təkcə «Leyli və Məcnun» poemasının müəllifi kimi yox, dünya miqyaslı filosof, böyük alim tək dünyaya tanıtmağı» qarşısına məqsəd qoyan ölkə başçısı Azərbaycana aid mənəvi dəyərləri qeyri-şərhsiz özününküləşdirənlərə çox incə və alicənablıqla cavab verirdi: «Burada çıxış edən natiqlər dedilər ki, ərəblər və farslar Füzulini öz şairləri sayırlar. Türkdilli xalqlar isə hesab edirlər ki, o, türkdür. Biz də deyirik ki, Füzuli türk, azərbaycanlıdır. Eyni zamanda, bunu türkmən, özbək, qazax, Türkiyədə yaşayan türklər, İraq türkmənləri də deyə bilərlər. Qoy Füzuli hamıya məxsus olsun, tarixə bəşəri şəxsiyyət kimi düşsün». Bu mənada «Məhəmməd Füzulini türkləri birləşdirən böyük söz ustadı» hesab etsə də, onun azərbaycanlılığını əsaslandıran tutarlı dəlillərə üz tutur və vətənpərvər ziyalı tək istəyir ki, biz – alimlər elmi əsaslarla Nizaminin, Füzulinin azərbaycanlılığını, «Dədə Qorqud»un isə ulularımıza məxsusluğunu, ilk növbədə, qan qardaşlarımıza sübut edək. Lakin başqa türk xalqlarının folklor örnəklərindən, sənət adamlarından söz düşəndə Heydər Əliyev böyük qürur hissi keçirdiyini nümayiş etdirir. Başqa ölkə başçıları tək dilinə gətirmir ki, azərbaycanlılara məxsusdur, fəxr edir ki, qardaş xalq qüdrətli əsərlə dünyanı valeh etmişdir. Belə ki, «Manas» eposunu qırğız xalqının «müdrikliyinin, zəkasının, qəhrəmanlığının, cəsarətinin rəmzi» hesab edir və onda qırğız türklərinin vətənpərvərliyinin, ədalətsevərliyinin, azadlıqsevərliyinin əks olunduğunu bildirir.
[1] Qafarlı R. Heydər Əliyev və qədim türk mifoloji-folklor irsi. “Heydər Əliyev və mənəvi dəyərlər” adlı elmi-praktik konfransın materialları. – Bakı, Milli Elmlər Akademiyasınınnın Folklor İnstitutu, Səda, 2003, s. 52-71.
[2] Bax: Əliyev Heydər. Ədəbiyyatın yüksək borcu və amalı. – Bakı, Ozan, 1999; Əliyev H. Xalqların dostluğu – ədəbiyyatların dostluğudur (Yazıçıların Ümumittifaq yaradıcılıq konfransında məruzə) ”Kommunist” qəz., 29 oktyabr, 1980; Əliyev H. Tarixi köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir // H.Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, Ozan, 1999, s. 337-345; Əliyev H. “Manas” bütün dünya sivilizasiyasının sərvətidir // Heydər Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. Bakı, Ozan, 1999, s. 283-285.