ƏSLİ VƏ KƏRƏM (mətn) 01
Arxiv materialı əsasinda tərtib edəni R.Qafarlı
Başlanğıc
İsfahan şəhərində Ədil şah adlı bir padşah var idi. Bu padşahın da bir xəzinədar keşişi var idi.
Nə padşahın, nə də keşişin övladı olmurdu.
Günlərin bir günü şahın arvadı ilə keşişin arvadı bağa gəzməyə çıxmışdılar. Gördülər ki, bağda bir qurumuş alma ağacı var. Şahın arvadı – xanım Soltan keşişin arvadına dedi:
-Ay qarı, bu alma ağacı bar tökəndə bizim də övladımız olar.
Bunlar belə söhbət edib bir kölgəlikdə yatdılar. Aləmi-rö’yada xanım Soltanın yanına bir nurani kişi gəlib dedi:
-Ay xanım, sənin duan müstəcəb olub. Get, həmin alma ağacının üstündə bir alma var, onu ye, övladın olar!
Xanım Soltan yuxudan oyanıb gördü ki, doğrudan da ağacda bircə dənə qırmızı alma var.
Xanım Soltan almanı dərdi, keşişin qarısı ilə yedilər. O gecəsi kişiləri ilə həmsöhbət olub hamilə oldular. Keşişin qarısı ilə xanım Soltan bir-birlərinə söz verdilər ki, birinin oğlu, o birinin qızı olarsa, böyüyəndə onları evləndirsinlər.
Doqquz ay, doqquz gün, doqquz saatdan sonra xanım Soltanın bir oğlu, qarının bir qızı oldu. Padşah, oğlu olmasını eşidib böyük ziyafət düzəltdə, çoxlu ehsan verdi.
Şahzadənin adını Mirzə bəy, qızın adını Qara Soltan qoydular.
Uşaqlar böyüyüb həddi-büluğa çatdılar. Keşiş qızını şahın oğluna almasından xofa düşüb arvadına məsləhət gördü ki, hazırlaşıb yol tədarükü görsün, bir-iki gün keçər-keçməz, sabah erkənnən qaçırlar. Sonra keşiş padşahın qulluğuna gəlib xidmətindən azad edilməsini xahiş elədi, üzr, bəhanə gətirdi ki, «Bəs, qocalmışam, qorxuram, işimdə xilaf tapıla».
Şah keşişi mürəxxəs etdi. Keşiş Zəngi adlı bir yerə köçməkdə olsun.
Mirzə bəy şahın Sofusu ilə bərabər atasından izn alıb keşiş gedən yerə dəstə çıxdı, orada hər ikisi keşişə qonaq oldular.
Keşiş məsələnin axırından qorxub Qara Soltanı bağda gizlətdi. Bunlar geriyə qayıtdıqda Mirzə bəyin tərlanı qolundan qalxdı, uçub bağa getdi. Mirzə bəy quşun dalınca bağa girdi. Orada Qara Soltanı görüb eşqə aludə oldu.
Sazı basdı sinəsinə, görək Qara Soltana, Qara Soltan da ona nə dedi:
Mirzə bəy:
Quşum uçdu bir xanımın bağına,
Əsil qızsan, əsil eylə, quşu ver!
Gözəllər düzülüb solu-sağına,
Əsil qızsan, əsil eylə, quşu ver!
Qara Soltan:
Kərəm quşun uçdu, qondu budağa,
Kərəm oğlan, kərəm eylə, quşu al!
Gözlərinə verrəm qurban, sadağa,
Kərəm oğlan, kərəm eylə, quşu al!
Mirzə bəy:
Fələk məni şad eyləyib güldürür,
Ağladıban çeşmim yaşın sildirir,
Bağa girsəm, atan görüb öldürür,
Əsil qızsan, əsil eylə, quşu ver!
Qara Soltan:
Mənimlə durubsan qabaq-qabağa,
Olum qamətinə mən də sadağa,
Ədil şah oğluna olmaz qadağa,
Kərəm oğlan, kərəm eylə, quşun al!
Mirzə bəy:
Həsrətin çəkdim ki, camalın görəm,
Boyun gül qonçası, iyləyəm, dərəm.
Adım Mirzə bəydi, sən qoydun Kərəm,
Əsil qızsan, əsil eylə, quşu ver!
Qara Soltan:
Bülbüllər oxuyur baharda fəsli,
Gözlərin olubdur canımın qəsdi,
Adım Qara Soltan, sən qoydun Əsli,
Kərəm oğlan, kərəm eylə, quşun al!
Hər ikisi bir-birilə şirin söhbətdə oldular. Qara Soltan keşişin xəbər tutmasından qorxub dedi:
-Ay oğlan, kərəm eylə! Sən bilirsən ki, mənim keşiş babamın əsli yoxdur – məni alıb bura qaçmışdır.
Mirzə bəy dedi:
-Xanım, qoy sənin adın Əsli, mənim adım Kərəm olsun. Eşqimiz dillərdə pünhan qalsın.
Aldı Qara Soltan, görək nə dedi:
Qafiyə
Pünhan idim, gəlib çıxdın haradan?
Aman Kərəm, məni rüsvay eyləmə!
Məni sənə qismət etsin Yaradan,
Aman Kərəm, məni rüsvay eyləmə!
Heç olurmu bu yerlərdə belə iş,
Keşiş babam duyar, eyləyər təşviş,
Doymadınmı, öp üzümdən, qalx, siviş,
Aman Kərəm, məni rüsvay eyləmə!
Ağa Kərəm, paşa Kərəm, xan Kərəm,
Alış Kərəm, tutuş Kərəm, yan Kərəm.
Əsli olsun boyuna qurban Kərəm,
Aman Kərəm, məni rüsvay eyləmə!
Kərəm Əsli ilə halallaşıb ayrıldı və bağdan çıxıb Sofunun yanına gəldi. Sofu gördü ki, Mirzə bəyin halı özündə deyil, xəbər aldı:
-Oğlum, sənə nə oldu ki, belə pərişan olmusan?
Kərəm sazı basdı döşünə, görək Sofuya nə dedi:
Qafiyə
Keşiş bağçasında bir gözəl gördüm,
Ağlımı başımdan aldı, nə çarə?
Darayıb zülfünü töküb üzünə,
Sərimi1 sevdaya saldı, nə çarə?
Mən də bildim bir keşişin qızıdır,
Səhər tezdən doğmuş dan ulduzudur,
Haman mən sevdiyim qızın özüdür,
Könül sevdasına doldu, nə çarə?
İsmi urəymdə rünhana düşdü,
Əsil gözəl idi, bağda görüşdü.
Kərəm edib məni, özü ötüşdü,
Ürəyim yanıb kül oldu, nə çarə?
Söz tamam oldu.
Kərəmlə Sofu keşişə «sağ ol, var ol!» deyib İsfahana qayıtdılar. Kərəm aşiq olduğunu hamıdan, atasından da gizlədirdi. Şah nə qədər onun üstə adam saldısa da, Kərəm heç birisinə düzgün cavab vermədi.
Nəhayət, şah özü oğlunun yanına gəldi ki, bəlkə dərdini öyrəndi. Yenə də Kərəmdən bir söz ala bilmədi. Ən axırda şah oğlunun yanına bir qarı saldı ki, bəlkə Mirzə bəydən bir əməllə fikrini öyrənsin.
Qarı Mirzə bəyin yanına gəlib dedi:
-Oğul, niyə burada kor-peşman oturursan? Bir çıx çölə, bax gör gəlin-qız hara gedir, hardan gəlir?
Kərəm dedi:
-Nənə, sən allah, bir bax gör o qızların içində keşişin qızı da varmı?
Qarı əhvalatı öyrənib tez özünü yetirdi şahın hüzuruna. Dedi:
-Şah, qurbanın olum, oğlunun dərdini öyrənmişəm. Onun dərdi eşqdir, özü də keşişin qızına aşiqdir.
Şah bu xəbərdən xoşnud1 olub tez adam göndərib keşişi gətirtdi, qızını oğluna istədi.
Keşiş cavab verdi ki:
-Şah sağ olsun, bu necə ola bilər ki, mən erməni ola-ola qızımı müsəlmana verim?
Şah dedi:
-Mən sənin qızını müsəlman edərəm!
-Şah, qurbanın olum, buyurun boynumu vursunlar, ancaq bu təklifi mənə etməyin!
Padşah qeyzə gəlib onun qızını zorla alacağını bildirdi.
Keşiş hiylə ilə şahdan beş gün möhlət aldı ki, toya hazırlaşsın. Şah razı oldu, keşişdən nişan üzüyü alıb evinə yola saldı.
Bu xəbəri Kərəm eşitcək, götürdü, görək nə dedi:
Qafiyə
Qasid yardan yaman xəbər gətirdi,
Mənə nə əcayib hal oldu bu gün.
Bir olan dərdimi yüzə yetirdi,
Yandı qara bağrım, kül oldu bu gün.
Məcnun kimi gəzdim səhranı, dağı,
Fələk şərbətini eylədi ağı.
Əydi qamətimi Əsli fərağı1,
Tutuldu dillərim, lal oldu bu gün.
Mən Kərəməm, neyləmişəm, neyləyim,
Xəncər alıb bağrım başın teyləyim,
Üz tutub qürbətə səfər eyləyim,
Qarlı dağlar mənə yol oldu bu gün.
Kərəm bir ay gözlədi, gördü Əslidən xəbər gəlmədi. Sazı sinəsinə basıb dərdini Sofuya deyib ağlamağa başladı:
Qafiyə
Başına döndüyüm, ay mənim lələm,
Şirin candan mən usandım, ağlaram,
Alışdım, tutuşdum pərvanə kimi,
Aşkara oduna yandım, ağlaram.
Mən sevmişəm gözəllərin mərdindən,
Qurtarmadım bu zalımın dərdindən,
Getdim gördüm Əsli köçüb yurdundan,
Dunya bomboş, mən inandım, ağlaram.
Heç öpmədim yarın ala gözünü,
Səfil Kərəm itkin etdi özünü,
Zalım keşiş heç demədi düzünü,
Eldən hiyləsini dandım, ağlaram.
Kərəm ah-fəğanda olsun, sizə xəbər verim keşişdən. Keşiş şahı aldatdı, ailəsini götürüb Zəngidən də qaçdı.
Beş gün tamam olandan sonra şah gördü ki, keşişdən bir xəbər çıxmır. Sofu ilə Kərəm Zəngiyə gedib gördülər ki, oba köçüb yurdu qalıb. Keşiş bayaq ha dabanına tüpürüb aradan çıxmışdır. Aldı Kərəm:
Şikəstə Kərəmi
Xan Əslim Zəngidən fərar eyləmiş,
Yol verməyin başı dumanlı dağlar!
Görən haralarda qərar eyləmiş?
Yol verməyin başı dumanlı dağlar!
İsfahan bəyləri gəlir döyünə,
Zəngi adamları düşüb peyinə,
Xasa kurdu geyinibdir əyninə,
Yol verməyin başı dumanlı dağlar!
Kərəmin gözləri yollarda qaldı,
Əslisiz başına dünya daraldı.
Günəş yoxa çıxdı, göylər qaraldı,
Yol verməyin başı dumanlı dağlar!
Keşişin qaçmasını şah bilincə bir böyük qoşunla Zəngiyə gəldi. Gördü doğrudan da keşiş və’də xilaf çıxıb, onun izi-tozu da buralarda qalmayıb.
Kərəm keşişin bağını gəzib dedi:
Yanıq Kərəmi
Gəldim dost bağına, eylədim nəzər,
Gördüm yarın bağçasından dal getmiş,
Ağ yüzündə dənə-dənə düzülmüş,
Ağlı başdan alan qara xal getmiş!
Gecə-gündüz çağıraram, ya Xəlil
Mövlan, üstümüzdə olginən dəlil.
Mən qalmışan burda müşkülü-məlul,
Geyinibən qamaətinə al, getmiş.
Kişilik qalmadı, söz bitdi, nədi?
Kərəmin dərdinə həb bilinmədi,
Soruşdum Əslimi, xublar dinmədi,
Demə, ağızlardan şirin bal getmiş.
Kərəm oxuya-oxuya gəzərkən gördü bağda bir sərv ağacı var. Başladı ağacdan öz gözəlini – Əslini soruşmağa!
Qafiyə
Eşit sərv ağacı, eşit sözümü,
Sərv ağacı, sənin maralın hanı?
Qan yaş bürüyübdür yenə gözümü,
Sərv ağacı, sənin maralın hanı?
Yalan desən, budaqların əyilsin,
Mövlamın əlilə belin bükülsün,
Xəzəl olsun, yarpaqların tökülsün.
Sərv ağacı, sənin maralın hanı?
Danışmayıb salsan məni dumana,
Görüm ki, urcah ol səni yamana,
Kərəməm, ucalıb ah asimana,
Sərv ağacı, sənin maralın hanı?
ARDINI OXU: Əsli və Kərəm (mətn-02)