“Əsli və Kərəm” dastanının Şəki variantı (Mətn) – 010

ƏSLİ VƏ KƏRƏM (mətn-10)

Arxiv materialı əsasinda tərtib edəni R.Qafarlı

ƏVVƏLİ: Əsli və Kərəm (mətn-09)

Şəhərin hakimi hirslənib dedi:

-Nə cəfəngiyat danışırsan, de görüm nəçisən, keşişin evində gecə vaxtı nə işin vardı?

Hakim qəzəbə gəlib Kərəmlə Sofunu dustaq eylədi. Hakimin bacısı qardaşına dedi:

-Qardaş, niyə bunları dustaq etdin? Onlar ki, oğru-əyri adama oxşamırlar.

Hakim cavab verir:

-Bacı, mən öz xahişimlə onları həbs etmədim; keşiş mənə rüşvət verdi ki, onları öldürüm. Hələ mən insaflı tərpənmişəm.

Sonra Kərəmi çıxarıb deyir:

-Oğlan, azadsan, gedə bilərsən.

Alır Kərəm:

Dübeyt

Ay həzərat, necə eylim,

Mən dönərəm, könül dönməz,

Bir gözələ düşdü meylim,

Mən dönərəm, könül dönməz.

Mənə qaş oynadır nadan,

Öpdüm qaşından, gözündən,

Əsli, bir keşiş qızından,

Mən dönərəm, könül dönməz.

Əli əlvan naxışladan,

Çiyni xurmayı saçlıdan,

Yorğun maral baxışlıdan,

Mən dönərəm, könül dönməz.

Əli əlvan xınalıdan,

Çuşi qızıl tanalıdan,

Bir can alan havalıdan,

Mən dönərəm, könül dönməz.

Dəvələri gəlir daşdan,

Yük tutub aldan, qumaşdan,

Onun kimi yaşıl başdan,

Mən dönərəm, könül dönməz.

Əldən verdim din-imanı,

Yar yardan haçan usanı,

Gözümdən axıtdım qanı,

Mən dönərəm, könül dönməz.

Qorxmaram sultandan, xandan,

Yar yolunda keçdim candan,

Kərəm deyər Əsli xandan,

Mən dönərəm, könül dönməz.

Hakimin bacısı bu sözlərin müqabilində deyir:

Qafayə

Çuş eylə, püdərim dəli olma,

Neçə millət getməz, karə gəl-gəl.

Hər yerdə özünü dəryaya salma.

Qanlı canınla əfkar əylə gəl-gəl.

Oduna yanıb tələf olma,

Dalıb məclisinə də’vət olma,

Hər yerdə sən ziyarət qılma,

Qərib yerdə olma qara, gəl-gəl.

Səni qurtarsın yaradan xuda,

Yolumda qoymuşam canını fəda.

Vətənindən nə üçün olmusan cida,

Salmısan özünü darə, gəl-gəl.

Səndən bəylər alır xəbəri,

Belimə qurşaram gümüş kəməri.

İsti yaqut, lalə, göhəri,

İnkarı tərk eylə, qərara gəl-gəl.

Nəsib guş eylə əyan pədər,

Nahaq yerdə danışma sən hədər.

Danışdıqca qanlar canından gedər,

Namus, qeyrət, eylə ara gəl-gəl.

Kərəm:

Dübeyt

Didəmdən töküldü qanlar,

Artdırdı dərdimi yarım mənim.

Kimə ərz eyləyim halımı.

Kimi molladır, kimi hacı,

Cümləmiz haqqa duaçı,

Əfəndim, yetir əlacı,

Mərhumumuzdu yarım mənim.

Oğran, dəli könül, oğran,

Səs ilə yarın çağıran,

Doğran, ciyərim, doğran,

Ağlaqdı karım mənim.

Sevdiyim qanlı zülümü,

Sinəmə çəkdim dağı, düyünü,

Sofu ilə sorarsan halımı,

Əsli deyər, Kərəm karım mənim.

Götürür Sofu görək Kərəmə nə deyir:

Qafiyə

Ay ağalar, bu dərd məni pir edər,

Zülf dərdi, hal dərdi, il dərdi,

Mən nə edim, bir günümü min edir,

Nadan dərdi, xoryət dərdi, dil dərdi.

Tərk elədi vətənini, elini,

Əlindən aldırdı qonçə gülünü,

Çəkdi sinəmizə dağı, düyünü,

Əlvan dərdi, çiçək dərdi, el dərdi.

Mən bu dərdin hansı birin çəkəyim,

Göz yağışı sellər təki tökəyim,

Bülbül təki yoxsa boynum bükəyim,

Gələn dərdi, keçən dərdi, yol dərdi.

Sofu deyər Kərəm yüzümə baxar,

Bu canımı eşqin oduna yaxar,

Mən bilirəm bu dərd evimi yıxar,

Əsli dərdi, Kərəm dərdi, dal dərdi.

Hakimin bacısı Həsənə xanım qulluqçularına buyurdu ki, qırx nəfər qızı Əsli də onların içində olmaq şərtilə bir cür paltara geyindirib bağa gətirin. Kərəmi ora çağırın. Əgər o qızların içində Əslini tanıyarsa, doğrudan da, haqq aşığıdır. Qızlar hazır olub bağa girən kimi Kərəmi də ora apardılar. Kərəm öz sevgilisini tanıyıb deyir:

Qafiyə

Ey gözəlim, nə gəzirsən burada,

Gəl bizim elləri gəz, kərəm eylə,

Yetirginən aman məni murada,

Gəl bizim elləri gəz, kərəm eylə.

Eyqə düşüb oduna mən yandığım,

Bir sözünü aşkar bilib qandığım,

Ağıl başımda ikən divanə olduğum,

Məni Məcnun etmə, qız kərəm eylə.

Səni sandım döndün yüzümə,

Eşq atəşi saldın mənim üzümə,

Seyraqıflar bu yerdə gəzinə,

Gəl Əslim, bizim elləri gəz, kərəm eylə.

Dərdli Kərəm deyər yaralar geymə,

Gəl Əslim sinəmə yaralar qoyma,

Nə vaxt verdin, ilimə, ayıma,

Məni dərdli qoyma, qız kərəm eylə.

Həsənə xanım qızların içindən Əslini gizlədib dedi:

– Ay aşıq, əgər bizə bir türkü oxusan, sevgilini sənə verərəm.

Alır Kərəm:

Dübeyt

Xan Əslim bağça içində,

Gəzər zavallı-zavallı,

Qarşımızda ala gözlərin,

Süzər zavallı-zavallı.

Qaşları bənzər kamana,

Aşığı eylər divana,

Zülfləri yana-yana,

Gəzər zavallı-zavallı.

Ey ağalar, bəylər,

Kərəm qeyri-yarı neynər,

Nə əcəb bizi bunlar əylər,

həzər zavallı-zavallı.

Kərəmdir eşqə yanan,

Olmazmı dillərdə dastan,

Aşığın qətlinə qurban,

Bəzər zavallı-zavallı.

Həsənə xanım yenə də xahiş elədi ki, Kərəm bir də oxusun.

Kərəm xahişi qəbul edib başlayır oxumağa:

Qafiyə

Tifil ikən bir ustaddan dəps aldım,

Mənim dərsim əlif beydir, hecadır,

Səhərdən yükləndi barım, barxanam,

Gələn bəzirgandır, gedən xocadır.

Uca dağlar nə düşübdür qarını,

Bülbül çəkən gülün ahu-zarını,

Könlüm istər ağ sinənin qarını,

Əlim çatmaz qəddin xeyli ucadır.

Bağban canım sizin bağdan gül dilər,

Süsən dilər, sünbül dilər, gül dilər,

Duran qızlar yaşmaq altdan güldülər,

Əsli deyər, daha Kərəm qocadır.

Kərəm sözünü qurtardıqda Həsənə xanım qane olmayıb təklif etdi ki, əgər haqq aşığısa, qızların da adlarını bir-bir söyləsin.

Götürür Kərəm:

Dübeyt

Altı qızın biri Banı,

Altı qızlar, altı qızlar.

Bizə məhəbbətin hanı,

Altı qızlar, altı qızlar.

Altı qızın biri Püstə,

Dərdindən olmuşam xəstə,

Qoy qədəmin gözüm üstə,

Altı qızlar, altı qızlar.

Altı qızın biri Ceyran,

Olum gözlərinə heyran,

Sizlə süreydim bir dövran,

Altı qızlar, altı qızlar.

Altı qızın biri Ayşa,

Mail oldum qələm qaşa,

Sizin kimi yaşıl başa,

Altı qızlar, altı qızlar.

Altı qızın biri Xədcə,

Qəddin əlif, belin incə,

Gözəl görməmişəm səncə,

Altı qızlar, altı qızlar.

Altı qızın biri Əsli,

Gözləri canımın qəsdi,

Bu dərdin Kərəmə bəsdir,

Altı qızlar, altı qızlar.

Həsənə xanım yenə bununla qane olmayıb dedi:

-Əslinin bütün xallarını tə’riflə!

Aldı Kərəm görək bu xalları necə tə’rif edir:

Qafiyə

Ay həzərat, bilin Əsli xanımın,

Üzündə xalları nazınan gəlir.

Bir xalı əlifdir, bir xalı beydir,

Bir xalı dəftərə yazınan, gəlir.

Bir xalı heyvandır, gəlməz irəngə,

Bir xalı Tranı salıbdı ləngə,

Bir xalı elçidir, gedər Firəngə,

Bir xalı söhbəti-sazınan gəlir.

Bir xalı yaxhıdır, bir xalı yaman,

Bir xalı könlümə salıbdır duman,

Bir xalı buluddur, bir xalı duman

Bir xalı dağlarda ayaznan gəlir.

Bir xalı bəzzazdır, qurub qeysəri,

Bir xalı içibdir abı-köçsəri,

Bir xalı ağlımı edib sərsəri,

Bir xalı ağ üzə düzülən gəlir.

Kərəmə gəlibdir tmizlik, paklık,

Tanrıya gəlibdir yalnızlıq, təklik,

Qatardan ayrılmış ay gözəl kəklik,

Xan oğlu üstünə bazınan gəlir.

Həsənə xanım Kərəmin haqq aşığı olduğunu yəqin edib qardaşına söylədi ki, Əslini ona alıb versin. Qardaşı keşişi çağırıb dedi:

-Niyə aşığı mə’şuqundan ayırırsan? Bu saat qızını Kərəmə verməlisən, yoxsa səni öldürtdürəm!

Hakim Kərəmə ürək-dirək verdi, dedi:

-Qorxma, Əsli sənindir. Mən deyirəm, qanun-qayda və şəriətlə, xoşla versin; verməz – tədbir tökərik!

Sonra da bir dəstə öz adamlarından keşişin evinə adam göndərdi ki, görsünlər qızın buna rə’yi var, yxsa bu havayı işdir. Elçilər gəlib evində keşişi tapdılar. Qabaqlarına Əsli xan çıxdı. Elçilərin böyüyü Əslixanı danışdırdı, onun rə’yini soruşdu. Görək Əsli on dörd hörüklü ipək telindən birini kök eyləyib elçilərə nə cavab verir:

Qafiyə

Elçiliyə gələn bəylər, paşalar,

Mən başlıq şərtini düzgün istərəm.

Beş yüz tümən, bəy, babama don pulu,

Əlbət ki, min tümən özüm istərəm.

Bir otaq istərəm təmami şüşə,

Bir usta istərəm tutsungümüşə.

Bir oğlan istərəm xəddi bənövşə,

Yanında söhbətin, sazın istərəm.

Payız olar, bağlar tökər xəzəli,

Boynun sınsın sevməyəydin əzəli,

Qırx kəniz istərəm, gürcü gözəli,

İşvəsin, qəmzəsin, nazın istərəm.

Xudam yaratmayıb belə gözəli,

Dodağı şirindir, dili məzəli,

Əsli deyər budur sözün əzəli,

Ziyadxan oğlunun özün istərəm.

Keşiş isə qorxusundan hakimə söz vermişdisə də, həmin şəhərdən qaçdı. Vaxt tamam olandan sonra Kərəm və hakim keşişin və’də xilaf çıxdığını bilib onun ardınca düşürlər. Kərəm alır görək nə deyir:

Qafiyə

Ay ariflər, gəlin sizə söyləyim,

İstəkli dostumdan aralı düşdü.

İllər həsrətiyəm, aylar ayrısı,

Sinəm bayqu kimi yaralı düşdü.

Yeni yetmə on üç, on dörd yaşında,

Eybi yoxdur kirpiyində, qaşında,

Axşam-sabah bulaqların başında,

Yadıma dağların maralı düşdü.

Kərəməm, yollarımtoz-qubar oldu,

Boran oldu, çoğun oldu, qar oldu.

Dost bağında heyva oldu, nar oldu,

Bu il bizim bağlar qoralı düşdü.

Kərəm yolda bərk çiskinə, borana düşdü. Ürəyi sıxılıb aldı görək bu çöldə qalmağın sazla necə deyir:

Kərəmi şikəstə

Yenə vətənimdən oldum didərgin,

Xəstə düşdüm qürbət ellərdə qaldım.

Seyraqıblar aralıqda toxudu,

Artdı yamanlarım, fellərdə qaldım.

Yanaram, yanaram tütünüm tütməz,

Ah çəkərəm sevdası sərimdən getməz,

Əslimin sevdası sərimdən getməz,

Əcəb rüsvay olub dillərdə qaldım.

Mən Kərəməm, satın gəzdim ölümü,

Fələk qırdı qanadımı, qolumu,

Duman gəldi, azdım mən də yolumu,

Çiskinli, boranlı çöllərdə qaldım.

Kərəmlə Sofu hava açılandan sonra ac, susuz, islanmış halda bir kəndə çatdılar. Axşam qaranlıq idi. Hamı evinə çəkilmişdi. Hər kəsə üz tutub çörək, su istədilərsə heç kəs üzlərinə baxmadı. Kərəm hirsindən ağladı və sazı götürdü görək bu murdar xasiyyətli kənd əhlinə nə deyir:

Qafiyə

Başına döndüyüm, yaradan tarı,

Yaratdın ortada nə gözəl yarı,

Dedim bə* Əslidir geyinib sarı,

Demədim gül ola allaha məni.

Kəsib qabağımı gəldikdə rüzgar,

Əsər çovqun, boran, tökər göydən qar,

Dedim sevən Əslim ola vəfadar,

Demədim əlində oynada məni.

Mən Kərəməm, Əsli xana qul oldum,

Yandım-yandım atəşinə kül oldum,

Dövlətim dağıldı, mən yoxsul oldum,

Axır möhtac etdi yar yada məni.

ARDI: Əsli və Kərəm (mətn-11)

Bir cavab yazın

Back to top