“Əsli və Kərəm” dastanının Şəki variantı (Mətn) – 002

ƏSLİ VƏ KƏRƏM (mətn-03)

Arxiv materialı əsasinda tərtib edəni R.Qafarlı

ƏVVƏLİ: Əsli və Kərəm (mətn-02)

Söz tamam olandan sonra kənd əhli kənddən keşişin keçdiyini söylədi. Kərəm Sofu ilə əylənmədən yola çıxdılar, getməyə üz qoydular.

Bir xocaya rast gəldilər. Kərəm sazı götürüb Əslini ondan xəbər aldı. Görək nə dedi:

Qafiyə

Başına döndüyüm, ay xoca qardaş,

Aman xoca, Əsli xanı gördünmü?

Axır gözlərimdən fərati-qan yaş,1

Aman xoca, Əsli xanı gördünmü?

Ağ üzündə dənə-dənə xalı var,

Əmmək üçün ləblərinin balı var.

Sağrı başmağının gümüş nalı var,

Aman xoca, Əsli xanı gördünmü?

Kərəm gəzdi Gəncəbasar düzünü,

Siyah sürmə məst eylədi gözünü,

Adı Əsli, Qara Məlik qızını,

Aman xoca, Əsli xanı gördünmü?

Xoca Əslini tanımadığını bildirib yoluna davam etdi.

Kərəm ilə Sofu bir qədər gedəndən sonra bir şəhərə çatıb qəhvəxanaya girdilər. Burada Kərəm çalıb-oxuyaraq dedi:

Kərəmi-şikəstə

Ay camaat, yaman olar

Halı yardan ayrılanın,

Axır düşər qürbət elə

Yolu yardan ayrılanın.

Tüstüsü göyə çəkilər,

Saçı-saqqalı tökülər,

On beş yaşında bükülər,

Beli yardan ayrılanın.

Bax, Kərəm gəlir deyirlər,

Bu yerdə qalır deyirlər,

Söyləməz olur deyirlər

Dili yardan ayrılanın.

Qəhvəxanada Kərəmə cavab verirlər ki, «bu şəhərdən bir keşiş qızı ilə bərabər gəlib keçdiyini görmüşük».

Kərəm onlar göstərən yol ilə gedərək başının üstündən qarla durna uçduğunu gördü. Aldı görək halını necə bəyan etdi6

Kərəmi-şikəstə

Qılxıb göy üzündə uçan durnalar,

Ötmə qərib-qərib, könül şən deyil.

Qatar-qatar olub köçən durnalar,

Ötmə qərib-qərib, könül şən deyil.

Uzaq mənzillərdə quma batarsan,

Çuxanı boynundan yana atarsan,

Bir olan dərdimə min dərd qatarsan,

Ötmə qərib-qərib, könül şən deyil.

Mən Kərəməm, atdım namus-arımı,

Yar yolunda verdim dövlət varını.

Əlimdən aldılar Əsli yarımı,

Ötmə qərib-qərib, könül şən deyil.

Bir neçə müddət yol gedib hər ikisi Gəncəyə çatdılar. Kərəm Gəncə camaatından yarını belə soraq etməyə başladı:

Kərəmi-şikəstə

Fələk məni bağa bağban eylədi,

Süsən ağlar, sünbül ağlar, gül ağlar.

Xəzan əsdi, bağ pozuldu, gül soldu,

Bağban ağlar, bağça ağlar, çöl ağlar.

Nazlı yarım xına yaxıb əlinə,

Şana alıb, sığal verib telinə,

Sarılmadım Əsli xanın belinə.

Mina ağlar, kəmər ağlar, bel ağlar.

Yaşılbaşlar uçub qonar göllərə,

Məcnun kimi düşdüm çöldən çöllərə,

Kərəm deyər, aşım qürbət ellərə,

Gələn ağlar, gedən ağlar, yol ağlar.

Gəncədə Əsli gedən yolu Kərəmə nişan verib onu İrəvana tərəf yolladılar.

Kərəm İrəvanın yaxınlığında bir bulaq başına çatar-çatmaz bir dəstə suya gələn qız gördü, sazını köynəkdən çıxartdı:

Kərəm-şikəstəsi

Bir gözələ tuş oldum mən gözündən,

Yolçunu yolundan eylər bu gəlin.

Göyçək rübəndini atdı üzündən,

Yolçunu yolundan eylər bu gəlin.

Əsli xanım behiştdəki huridir,

Bir ah çəksəm, dağı-daşı əridir.

Əcəb gözəldir bax, nazlı biridir,

Yolçunu yolundan eylər bu gəlin.

Kərəm çəkər yar ucundan zilləti,

Bivəfa dost heç eyləməz mürvəti,

Üzün görən neylər dünya ləzzəti,

Yolçunu yolundan eylər bu gəlin.

Kərəm sözünü qurtarıb qızlardan keşiş gedən yolu öyrəndi, yoluna davam elədi. Bunlar bir kəndə çatıb əyləndikdə cavanlar Kərəmin başına yığılıb xahiş elədilər ki:

-Ay aşıq, bizə bir neçə söz oxu!

Götürdü Kərəm, görək cavanlara nə dedi:

Dübeyt

Ay ağalar, sorarsınız,

Biz İsfahan elindənik!

Qərib dərdi ararsınız,

Biz İsfahan elindənik!

Alçaq-yüksəkli dağları,

Boşdur bülbüllü bağları.

Keçir ömrün gənc çağları,

Biz İsfahan elindənik!

Dərdli Kərəm şirin qatmaz,

Dərdi artar, qərar tutmaz.

Sinədən yarası getməz,

Biz İsfahan elindənik!

Kərəm cavanlardan keşişin getdiyi yolu soruşub, onun ardınca düşdü. Yolda bir dəstə qız-gəlinə rast gəldi, Əslini soruşmağa başladı.

Qafiyə

Bir pərişan gözəl gördüm, gül dərdim,

Şövqü düşmüş bütün cahan elinə.

Danışdırdım qızı, xeyli güldürdüm,

Bal tökülmüş dodağına-dilinə.

Qədir Mövla xub yaratmış halını,

Onu sevən neylər dünya malını,

Xəttat çəkib nazik, incə belini,

Boyu bənzər onun bir sərv-dalına!

Mənim yarım incələrdən incədir,

Köksündəki məmələri qönçədir,

Saçı sünbül, topuğundan ucadır,

Bir telini verməm dünya malına.

Mən Kərəməm qıllam ahu-zarımı,

Haqq canım almasa, çəkim çörünü,

Bir qarıdan aldım xoş xəbərini,

Əslim köçüb zəngilərin elinə.

Qızlar, oğlanlar onun dərdini soruşdular:

-Hal-hekayətin nədir?

Kərəm görək nə nə cavab verdi:

Dübeyt

Ay camaat, mənim dərdim:

Bir qəm, firqət, bir də hicran.

Gözümü açandan gördüm:

Bir qəm, firqət, bir də hicran.

İtirdim Əsli xanımı,

Müxənnəs içdi qanımı,

Hər zaman üzür canımı

Bir qəm, firqət, bir də hicran.

Cəsədimdə yanan nardır,

Məni eşqə salan yardır,

Çəkdiyim ahu-zardır,

Bir qəm, firqət, bir də hicran.

Söyləməklə dərdim bitməz,

Nazlı yarım mürvət etməz.

Yarası sinəmdən getməz,

Bir qəm, firqət, bir də hicran.

Kərəm deyər, qan-yaş tökdüm,

Yar, qapında boynum bükdüm.

Bəzirganam, mənim yüküm,

Bir qəm, firqət, bir də hicran.

Kərəm bunlardan da keşiş getdiyi yolu öyrənib səfərini davam elədi. Bir yerdə bəzirganlılara rast gəlib, görək başçıdan Əslini necə xəbər aldı:

Qafiyə

Başına döndüyüm, ay xoca qardaş!

Aman xoca, Əsli xanı gördünmü?

Axır gözlərimdən fəraqi qan-yaş,

Aman xoca, Əsli xanı gördünmü?

Ağ üzündə dənə-dənə xalı var,

Əmmək üçün ləblərinin balı var.

Sağrı başmağının gümüş nalı var,

Aman xoca, Əsli xanı gördünmü?

Kərəm gəzdi dünyaların düzünü,

Siyah sürmə məst eylədi gözünü,

Adı Əsli, Qara Məlik qızını,

Aman xoca, Əsli xanı gördünmü?

Aldı bəzirganbaşı görək Kərəmə Əslidən hansı xəbəri gətirdi:

Qafiyə

Başına döndüyüm gül üzlü cavan,

Oğlan, bir qız səni deyib ağlardı,

Ala gözlərinə mən oldum heyran,

Oğlan, bir qız səni deyib ağlardı.

Yeriyəndə kətan köynək dizindən,

Danışanda dürr tökülür sözündən,

Onu görcək mən də getdim özümdən,

Oğlan, bir qız səni deyib ağlardı.

Nədən getməz bizim dağın dumanı?

Haqq götürsün aralıqdan yamanı,

Əsli nədən saya salmaz Xocanı,

Oğlan, bir qız səni deyib ağlardı.

Bunlar buradan keçib, bir xeyli yol gedəndən sonra bir kəndə çatdılar. Gördülər ki, toy çalınır.

Kərəm məclisə ayaq basar-basmaz başladı ağlamağa. Sofu onu nə qədər kiritdisə, fayda vermədi. Camaat bunların başına yığıldı. Sofudan hal-əhval tutdular.

Sofu ağasının sirrini açmaq istəmədi, başını aşağı salıb fikrə getdi. Kərəm özü sazla dərdini camaata söylədi, görək necə söylədi:

Qafiyə

Ay həzarat, dözə bilməm dərdinə,

Xan Əslim ağlıma düşüb, ağlaram.

Aşıb getdi qarlı dağlar ardına,

Xan Əslim ağlıma düşüb, ağlaram.

Yenə viranələr mənə yurd oldu,

Ac aslanlar meşələrdə qurd oldu.

Bu ayrılıq yaman zülm, dərd oldu,

Xan Əslim ağlıma düşüb, ağlaram.

Dərdim gecə-gündüz söyləsəm bitməz,

Əslimin sevdası sərimdən getməz.

Yüz min öyüd versən, mənə kar etməz,

Xan Əslim ağlıma düşüb, ağlaram.

Kərəm deyər, budur sözün əzəli,

Payız olar, bağlar tökər xəzəli,

Qərib sevməz bu yerlərdə gözəli,

Xan Əslim ağlıma düşüb, ağlaram.

Sofu onu ovundurub özü ilə bir yerdə əyləşdirdi. Kərəm toy məclisində  gəlinləri görüb sazını çöynəyindən çıxartdı, sinəsinə basıb çalıb-çağırdı:

Dübeyt

Hər baxanda yüz qan eylər,

Əsli, qaşların, gözlərin.

Çıxar taxta, divan eylər,

Əsli, qaşların, gözlərin.

Dəli könlüm bulandırır,

Dağı, daşı dolandırır,

Qapı-qapı diləndirir,

Əsli, qaşların, gözlərin.

Şah kimi mətləb bitirir,

Hökmün yerinə yetirir.

Dilsizi dilə gətirir,

Əsli, qaşların, gözlərin.

Gah ağladır, gah güldürür,

Gah gözəlliyini bildirir,

Axır Kərəmi öldürür,

Əsli, qaşların, gözlərin.

ARDINI OXU: Əsli və Kərəm (mətn-04)

Bir cavab yazın

Back to top