Yunqun sistemi elə cəlbedici idi ki, astroloqlar bütün zamanlarda ilkin simvolik metodlardan faydalansalar da, bəziləri onu mifologiyanın və astrologiyanın dili, gizli sirlərinin açarı kimi qəbul edirdi. Son nəsil astroloqlar, məsələn, Deyn Radyar – bu qədim elm sahəsini Yunqun ruhuna uyğunlaşdırmağa çalış-mışdır (Yunqun psixologiyasını müasir astrologiyanın əsas komponentinə çevirməklə). Bu gün çoxları ancaq simvolların təsvirində, izahında ondan istifadə etməyə üstünlük verirlər.
Yunqun üç əsas termini – kollektiv düşüncəsizlik (rusca «коллективное бессознательное» – Azərbaycan ədəbiyyatşünaslığında bu termin «kollektivin kortəbii yaradıcılığı» şəklində işlənir), «arxetip» və «sinxronluq» (yəni bir və bir neçə hadisənin və ya prosesin vaxt etibarı ilə tam uyğunluğu, onların hərəkətləri arasında tam müvazilik) – bütün folklorşünaslara, qədim mədəniyyəti öyrənənlərə bəllidir. Son dövrlərin araşdırmaları Yunqun psixologiyasını bir qədər də irəli aparmış, onun sistemini psixoloji tiplər və dörd klassik element (hiss, fikir, duyğu və ürəyə damma, sezmə) üzrə insan təsnifatına tətbiq etmişlər.
Hələ keçən əsrin sonlarında C.Frezer Avropada meydana gələn bir sıra folklor nəzəriyyələrinin müddəalarını ümumiləşdirərkən qənaətə gəlmişdi ki, dünya haqqındakı mifoloji görüşlər Yer kürəsinin hər tərəfində bir-birini təkrarlayır[4]. Çünki bəşəriyyətin qədim tarixinə baş vuran tədqiqatçılar (Vilhelm və Yakob Qrim qardaşları, ) xalqların fəlsəfi sistemlərinin, düşüncəsində formalaşan ibtidai yaradıcılıq məhsullarının əsas əlamətlərə görə bəzi məqamlarda bənzərliyini müəyyənləşdirmişdilər. Hətta bir-biri ilə heç bir əlaqəsi olmayan (istər tarixi-mədəni, istərsə də dil qohumluğu, etnik-geneloji istiqamətdə) mədəniyyətlərdə də bir çox bədii obrazlar və epizodlar uyğun idi. Psixoanalitik Karl Q.Yunq onları arxetip[5] adlandırır və insanların ümumi psixikasının məhsulu olduğunu irəli sürürdü.
Belə ki, şüur mənşəyinin dərin qatlarında təkraredilməzliyini, fərdi özünəməxsus əlamətlərini itirir, başqa sözlə, ilkinliyə baş vurduqca, insan beynində dərketmənin, anlamanın yerini məchulluq, qaranlıq tutur və bütün funksiyalar instinkt halında öz-özünə fəaliyyət göstərir. Bu halda insan psixikası heyvanların yaşamaq və həyat uğrundakı «mübarizəsindan» o qədər də fərqlənmir. Gündəlik zəruri tələbatdan doğan hərəkətlər (ov əld etmək, meyvə toplamaq, təbiətin sərt üzündən qorunmaq və s.) düşünülmədən, hazırlıq görülmədən baş verir.
Körpə uşağın müstəqil ağlı, düşüncəsi sonradan, yaşa dolduqca formalaşdığı kimi, bəşər övladının da doğulduğu çağ-larda şüuru yatmış halda idi. Dəstələr halında yaşayan insanları hamıda eyni səviyyədə olan «avtonom funksiyalar sistemi» (Karl Q.Yunq) idarə edirdi. Maddi substansiyalar sonadək ödənənə qədər onların bütün davranışları kollektiv və universal xarakter daşıyırdı. K.Q.Yunqun dili ilə desək, «belə alınır ki, «ruhun» lap dibində ancaq sadəcə «Dünya» var»[6]. Yəni doğulan çağlarda insanın ruhu və ağlı – dünyanı əks etdirən güzgü funksiyasını yerinə yetirirdi. Bütün güzgülər varlıqları eyni formada göstərdiyi kimi, insan psixikası da başlanğıcda aləmi bir-birindən asılı olmayaraq uyğun, oxşar və hətta eyni obrazlarla əks etdirirdi. Həmin obrazların məzmununu təşkil edən arxetiplər – ilkin mərhələdə yalnız sadə, primitiv təbiət elementlərindən ibarət idi: insan ümumi təbiətdən – peyzajdan göy, yer, dəniz, od, günəş, dağ və s. ayırmağa başladığı andan bu varlıqlar insan beynində simvollaşdırılmışdır. Beləliklə, ətraf mühitlə ilk zahiri tanışlıq zamanı ulu əcdad özünün ən ibtidai dünyabaxışını – mifologiyanı formalaşdırmışdır.
K.Q.Yunq psixi xəstələr və mədəni inkişafın aşağı pilləsində yaşayan toplumlar arasında eksperimentlər apararkən qəribə hallarla rastlaşmışdı: onlar yunan miflərinə oxşar süjetlər danışır, dünya və təbiət hadisələri barədə ilkin təsəvvürləri sadalayırdılar. Alim müşahidələrini ümumiləşdirib yazır: «Təbiəti əks etdirən simvolik obrazlar – arxetiplər vasitəsi ilə elə qlobal ideyalar arasında əlaqələr formalaşır ki, indi onları sözlə ifadə etmək çətindir. Çünki söz ancaq zahiri təsəvvür yaradır»[7]. Həmin kortəbii ideyalar – həyatın doğulmasından, dünyadakı varlıqların daim hərəkətdə, inkişafda, dəyişməkdə olmasından, mövcudluğun dayaqlarını şərtləndirən amillərdən və s. ibarət idi.
Ruhun və ağlın doğulduğu çağların məhsulu kimi anılan arxetiplərdə iki mərhələ müşahidə olunur:
Birincidə insan və təbiət, insan və ətraf mühit qarşılaşdırılır və hər şeyin yaradıcısı, başlanğıcı təbiət varlıqları – ağac, ot, heyvan, quş, dağ, çay, göl, günəş, ay və s. sayılır. İnsan dəyişən nə görürdüsə, onu simvolik obraza çevirirdi. Yağışın, qarın yağması ilə torpağın üst qatı başqa rəngə çalırdı. Dağlarda, çöllərdə bitkilərin yazda canlanması, qışda təzədən yuxulaması ilə təbi-ətin ahəngində fərqlər nəzərə çarpırdı. Bu cür zahiri çevrilmələr və əvvəlki hala qayıdışlar təbiəti canlı varlıq kimi təsəvvürə gətirirdi. Bu mərhələni çox vaxt təbiətə tapınma adı ilə təhlilə cəlb edirlər. Mifologiyanın, bütün mədəniyyət növlərinin, eləcə də münasibət formalarının bünövrəsi bu mərhələdə qoyulmuşdur.
İkinci mərhələdə təbiət hadisələrinin insan həyatında oynadığı rolu müəyyənləşdirməyə çalışır və başvermə səbəblərinin dərkinə can atılır, nəticədə tanrılar meydana gətirilir. Bəşər övladının ilk primitiv bilgilər sistemi formalaşır, dünyaanlamının əsasları qoyulur. Zamanın çox dərin qatlarında hələ dərki mümkün olmayan ideyalar əkinçilik mədəniyyəti çağları üçün aktual görünən konkret obrazlar halına düşür. Məsələn, ağıllarına gəlirdi ki, şimşək göylərin sahibidir, qeyri-adi gücə malikdir, ona ehtiram edilərsə, məhsuldarlıq yağışlarını insanlara bağışlayar. Çünki ulu əcdadın müşahidəsində həmişə yağışdan əvvəl şimşək çaxırdı – səmada qulaqları batıran qorxunc gurultu qopur, işıq zolağı yaranır, hər şeyin sakitləşməsinə doğru yağışlar yağır və elə zənn edirdilər ki, adi təbiət hadisəsinin doğurduğu vahiməni şimşəyin yoxa çıxması ilə göy içinə çəkir. Son nəticədə insanlar da qazanırdılar: əkin yerləri, ağaclar suvarılır, bolluq-bərəkət yaranırdı. Yaxud torpağın – Yerin Ana-bəsləyici kimi anılması (bütün varlıqlar yer üzündə doğulur, onun bərəkəti ilə boya-başa çatır) haqqındakı mifik təsəvvürlər də belə yaranıb bizim zəmanəmizədək yaşadılmışdır. Lakin yarıdıcı obrazları təkcə əkinçiliklə ortaya çıxan ani təlabat əsasında birdən-birə meydana gəlməmişdir. İnsan düşüncəsinin neçə min illik inkişaf tarixi boyu damcı-damcı əldə edilmişlərin hesabına təşəkkül tapmışdır. Əkinçilik bu obrazların – arxetiplərin doğulmasına münbit şərait yaradan amil rolunu oy-namışdır.
Tədqiqatçılar insan ruhu ilə bağlı araşdırmalar apararkən hələ də mifik düşüncəyə söykənir, ona görə də mağaralarda yaşayan ulularımızdan çox uzağa gedə bilmirlər. Semira və V.Vetaş yazır: «Qəribədir, çoxlarına elə gəlir ki, tərəqqi tanrının böyüklüyü ilə ziddiyyət təşkil edir»[8] Bu fikrin əksini irəli sürənlər də az deyil. Müasir türk mütəfəkkiri Bediüzzaman Said Nursi «Gənclik rəhbəri» əsərində elm və tərəqqinin dini inanclarla üst-üstə düşdüyünü bilidirir: «Maddi alanda bir saatlik yolun bir saniyeye indirildigi bir devri yaşıyoruz. Maneviyat sahası ise daha süretli ve vüsetlidir. Eski zamanda yarım asırda elde edilebilen ilmi hakikat, simdi kısa bir zamanda kazanılıyor».[9]
Bir vaxtlar sovet ideologiyasının əsas konsepsiyası kimi götürülüb hər şeyə ancaq materialist nəzərlə baxmağın üstünlükləri ilə yanaşı ziyanlarını da gördük. İnsan düşüncəsindən və iradəsindən kənardakılara münasibət bildiriləndə «burjua təfəkkürünün məhsululur» deyə boş şey sanırdıq və idealist damğası vuraraq uzun illər rədd edirdik. Artıq bu gün dünyanın qeyri-adi güc tərəfində xüsusi qayda ilə idarə edildiyinə şübhə yeri qalmamışdır. Bir çoxlarının o fikri ilə razılaşmaq olar ki, maddi və mənəvi (ideya) dualizmi arxada qoymağın vaxtı çatmışdır. K.Q.Yunq məhz bu yolla gedərək arxetip nəzəriyyəsində tamamilə orijinal fikir irəli sürmüşdür: «Yəqin ki, bitki və heyvanların yoxdan var olması haqqındakı mülahizə gülünc görünür. Lakin çox adam var ki, psixikanın və şüurun öz-özünə meydana gəlməsinə inanır. Belə çıxır ki, insan özünün yaradıcısıdır. Faktiki olaraq qozadan palıd necə bitibsə, eləcə də insan ağlı meydana gəlib indiki hala çatmışdır. Həmin qayda ilə də məməlilərdən kələz alınmışdır»[10]. Qədimlərdə varlıqların yaranması uzun-müddətli proses olmuş, ən xırda həşərat belə doğulanadək çoxəsrlik inkişaf yolu keçmişdir. Yeni yaranışların meydanagəlmə prosesi indi də eyni formada təkrarlanır.
«Bizimlə birlikdə təkcə daxilimizdəki enerji, güc hərəkət etmir, həm də kənardakılar stimul şəklində fəaliyyət göstərir. İlkin çağların mifologiyasında həmin qüvvə mana, ruh, demon, yaxud tanrı adlanır. Əvvəllərdə olduğu kimi onlar bu gün də fəaldır»[11]. Lakin necə adlanmasından (boq, tanrı, dev) asılı olma-yaraq, həmin qüvvənin, enerjinin mənbəyi eynidir.
K.Yunq insan psixikasının tez-tez dəyişməsini də arxetiplərə bağlayaraq yazır: «Təsadüfi deyil ki, kənar, gözəgörünməz təsirlər istəklərimizlə üst-üstə düşəndə onu xoşbəxtlik gətirən duyğu kimi qəbul edir və özümüzdən asılı olmayaraq sevinirik. Əgər onların əhval-ruhiyyəmizlə heç bir uyğunluğu yoxdursa, uğursuzluğun yaxınlaşmasından bəhs açır, yaxud elə zənn edirik ki, kimlərsə bizə qarşı pis niyyətdədir. Beləcə başımıza gələn bəlaları qeyri-normal hadisələrlə bağlayırıq. Son nəticədə bir məsələni boynumuza alırıq ki, biz hamımız nəzarətimizdən kənardakı «gücdən» asılıyıq».[12] K.Yunq həmin kənar təsirləri – gücləri arxetip adlandırır və ilkin mifik obrazların onların beynimizdəki əksi olduğu qənaətinə gəlir.