Azərbaycan-türk mifologiyasının tədqinin müasir mərhələsi

Açar sözlər: mifoloji mətnlər, tədqiqat tarixi, toplu, oğuz, folklor, etnoqrafiya, tarix, fəlsəfə, mif, ritual, bədii şüur

80-ci illərdə A.Acalov[1]Azərbaycan türklərinin mifoloji mətnlərini toplayıb tərtib etmiş və 90-cı illərdə M.Məmmədov[2] Azərbaycan miflərinin mətnləri əsasında namizədlik dissertasiyası müdafiə et-mişdir. Y.M.Lotmanın məktəbini keçmiş A.Acalovun fəaliyyəti ilə mifoloji tədqiqatlar rus və Avropa standartlarına uyğunlaş­dırıl­mışdır. Lakin o, bir sıra gərəkli işləri yerinə yetirməklə yanaşı məsələyə birtərəfli yanaşmış, Azərbaycan xalqının mifo­lo­ji düşüncəsinin Qafqaz və qədim Midiya (xüsusilə atəşpə­rəst­lik­lə) ilə bağlanan cəhətlərinin üstündən sükutla keçmiş, bu­nun­la da türk faktorunun sonradan gətirilmə və orta əsrlərin baş­lan­ğı­cın­da köklə bağlanan amillərin burada yaşayan əhaliyə keç­məsi qənaəti alınmışdır.

A.Şükürov[3] 1995-2002-ci illərdə dünya xalqlarının mifo­lo­­giyasına on cildlik əsər həsr etmişdir. S.Rzasoyun yazdığı ki­mi, «oncildlikdə əsas məqsədlərdən biri də Azərbaycan oxucu­su­nu, belə demək mümkünsə, mifoloji cəhətdən maarifləndir­mək­dir. Bu mənada, hər cild zəngin biblioqrafik göstəricilərə ma­­likdir»[4]. Onun fəlsəfə, kulturologiya, din, ateizm, sosial eko­logiya və mifologiyaya aid elmi kitabları ona görə qiymətlidir ki, hər biri Azərbaycan xalqının qədim tarixi, adət-ənənələri, psi­­xo­logiyası, incəsənəti, ədəbiyyatı ilə yoğrularaq meydana gə­ti­ril­mişdir. Dünya xalqlarının mifoloji sistemləri sırasında Azər­bay­­can türklərinin ibtidai dünyagörüşünün özünəməxsus­luğu­nu gös­tərməyə çalışan A.Şükürov «Dədə Qorqudun mifolo­gi­ya­sı» mo­noqrafiyasında eposun mifoloji qatlarına nüfuz etmiş, ayrı-ayrı boyların süjet xəttindəki hadisələrdə və obrazlar silsiləsində mi­foloji əlamətlərin düzgün şərhini vermişdir.

A.Nəbiyevin[5] araşdırmalarında Azərbaycan miflərinin iki is­ti­qamətdən (oğuz və İran) gəldiyi irəli sürülmüşdür. O, «Se­hir­li sünbüllər» (mif mətnləri toplusu – 1990), «Nəğmələr. İnanc­lar. Alqışlar» (1986), «Mərasimlər. Adətlər. Alqışlar» (1993) top­lu­larında mifin qaynaqlarını folklor materialları əsasında gös­tərmiş, monoqrafik tədqiqatlarında və dərsliklərində isə Azər­baycan mifologiyasının struktur sxemindən, ilkin qaynaqları və tö­rəyiş modellərindən, qədim türk panteonunun Azərbaycanda da­­vamından, kult və zoomorfik obrazlardan, mifologiyanın təs­ni­fi məsələlərindən, Azərbaycan mifik təfəkküründə zoroasti­rizm və İslam amillərindən ətraflı bəhs etmişdir. A.Nəbiyev mi­fo­loji düşüncənin spesifikliyini müəyyənləşdirərək yazır ki, «mif erkən etnosun dünya, insan və insanın dünya hadisələri ba­rədəki bədii düşüncəsidir. Bu düşüncənin zaman hüdudu qeyri-müəy­yəndir. Məkanı isə hər bir etnosun nisbi mənada dünya kimi qəbul etdiyi yaşayış məskəni, coğrafiyası, yaxud regionudur». Alimin bir neçə istiqamətdə (həm miflərin toplanması, nəşri və bərpası, sistemləşdirilib təsnif edilməsi və araşdırılması, mifo­lo­gi­yanın Azərbaycan folklorunun janrları sistemində yerinin mü­əy­yənləşdirilməsi, həm də bu sahədə elmi kadrların yetişdiril­məsi istiqamətində) apardığı səmərəli işin nəticəsində bir sıra qa­ran­lıq problemlərə aydınlıq gətirilmişdir. Həqiqət bundan ibarət­dir ki, azərbaycanlıların mifik düşüncəsini onların ya­şa­dıq­ları ərazilərdən – Qafqaz və Şimali İran ərazisindən – ulu əcdad­larımızın tarixən məskunlaşdığı ərazilərdən ayırıb təkcə Xəzərin o biri sahilindən çox-çox uzaqlarda yaşamış türk etnos­ların­dan tarixin müəyyən mərhələsində keçməsi şəklində məh­dud­laşdırmaq elmilikdən uzaqdır. Miflərin yaranması və yayıl­ması istiqamətlərini tarixi mənbələrə əsasən düzgün müəy­yən­ləş­dirən A.Nəbiyevin fikirlərində məhz yerli əlamətlər əsas gö­tü­rülüb ümumtürk mifologiyası kontekstində müqayisəli təhlilə cəlb edilir.

Folklor, etnoqrafiya, tarix, fəlsəfə və filologiyanın müxtəlif problemlərini araşdıran bir sıra tədqiqatçılar (P.Əfəndiyev, V.Və­liyev, T.Hacıyev, N.Cəfərov, İ.Abbasov, B.Abdullayev, Q.Qeybullayev, K.Vəliyev, V.Həbiboğlu[6] və b.) həm də mifo-lo­giyaya maraq göstərmiş və gərəkli fikirlər irəli sürmüşlər. Dil­çi­-alim K.Vəliyevin məqalə və kitablarında həmçinin türk mi­fo­lo­ji düşüncəsinin əsas istiqamətləri araşdırılır. Alim mifoloji ob­razları «elin yaddaşı və dilin yaddaşı» kimi xarakterizə edərək ya­zılı eposlarda üzə çıxardır və ilk olaraq ümumtürk mi­fo­lo­gi­ya­sı­nın bəzi mətnlərini Azərbaycan oxucusuna çatdırır. K.Vəliyev (K.V.Nərimanoğlu) Azərbaycanda formalaşıb əksər Şərq öl­kə­lə­rinə yayılan qəhrəmanlıq eposunun baş obrazının mifoloji kö­kü haqqında doğru olaraq belə bir fikir irəli sürür ki, «Koroğlu sa­dəcə qəhrəman deyil, genezis etibarilə mədəni qəhrəman – demiurq obrazının epik transformasiyasıdır. Mədəni qəhrəman obrazı isə bir neçə epistasda çıxış edir: ilkin yaradıcı, tanrı demiurq, trikster və s. Onun dönərgəlik (başqa bir insana, quşa, bit­kiyə, eləcə də öz düşməninə – antoqonistə) çevrilmə qabiliy­yəti var». Koroğlunun mifik mədəni qəhrəman olması V.M.Jir­mun­ski, X.T.Zarifov və B.A.Karrıyevin, eləcə də E.Meletinski və S.A.Tokarevin redaktəsi ilə çap olunan «Mifoloqiçeskiy slovar» və «Mifı narodov mira» ensiklopediyalarının müəllif­lə­ri­nin (V.N.Basilov) də diqqətindən yayınmamışdır. V.Həbiboğlu türk xalqlarının ilkin dünyagörüşünə həsr etdiyi monoqrafiya və mə­qalələrində mifoloji model və sistemlərə üz tutur, təbiətə tapın­ma, totemizmlə bağlı fikirlər irəli sürür. Ə.Saləddinin elmi fəaliy­yətinin bir istiqaməti də klassik poeziyaya mifoloji dü­şün­cə­nin təsiridir. O, Nizaminin yaradıcılığında türk xalqlarının mi­fologiyasını izləmişdir. E.Əlibəyzadənin təhlilində isə «Bil­qa­mış» eposunda və «Avesta»dakı mifoloji süjet və obrazların Azər­bay­can folkloru və yazılı ədəbiyyatındakı izləri göstərilmiş, əc­dad­larımızın mifoloji düşüncəsi qədim Şumer mədəniyyəti ilə müqayisədə təqdim olunmuşdur. B.Abdullayev mərasimləri və Y.V.Çə­mənzəminlinin folklorşünaslıq fəaliyyətini araşdırar­kən Azərbaycan mifologiyasının yazqabağı rituallarla, atəş­pərəst­lik etiqadı və islam dini ilə əlaqəsi məsələsinə toxun­muş­dur. B.Şə­rif­zadə «Avesta»nı türk dilində yazılan ilkin ədəbi abi­də­lər­­dən biri olduğu qənaətini irəli sürərək bildirmişdir ki, «Aves­ta»nın mi­fologiyası daha çox Azərbaycan türkərinin mifo­lo­­giyasıdır».

Azərbaycan elminə son onilliklərdə qədəm basan yeni nəsil alimlərinin bir qrupu – R.Bədəlov, S.Rzasoy, A.Xəlilov, C.Bəydili, Rüstəm Kamal, E.Əzizov, N.Mehdi, Ramil Əliyev, Ra­zim Əliyev, M.Məmmədov, Şakir Albalıyev, E.Ağayev, Na­il Qurbanov, S.Qarayev, H.Quliyev[7] və b. əsas tədqiq ob­yek­ti Azərbaycan və ümumtürk mifoloji düşüncəsinin məhsullarıdır. R.Bə­dəlov oğuznamələrin materialları əsasında mifologiyanın fəl­səfəsi, Rüstəm Kamal, Cəlal Bəydili (Məmmədov) «Dədə Qorqud»un semantikası və mifologiyası, S.Rzasoy Nizami yaradıcılığında mifik dünya modeli, Oğuz mifologiyası, Ramil Əliyev nağıllarda mifoloji obrazlar, bədii şüurun formalaş­ması­na mifin təsiri, türk mifoloji düşüncəsi və onun epik transfor­masi­yaları, Razim Əliyev Qobustan qaya rəsmləri və qədim me­mar­lıq komplekslərində mifoloji kodların açılması kimi prob­lem­lərin həllinə dissertasiya və monoq-rafiyalar həsr etmişlər. Be­ləliklə, Azərbaycan xalqının tarixi köklərinə aydınlıq gətirən bir sıra əlamətlər tarixçilər və folklorşünaslar tərəfindən araş­dırıl­sa da, mifoloji görüşlər kom-pleks şəkildə – etnomədəni dəlil kimi sistemli şəkildə tədqiqat obyektinə çevrilməmiş, genezisi ilə bağlı məsələlər əksər hallarda açıq qalmış, ya da mübahisəli qəna­ətlərlə əks olunmuşdur.

F.e.d., prof. Ramil Əliyevin yaradıcılığı Azərbaycan mi­fo­logiya elminin özünəməxsus səhifəsini təşkil edir. Onun mi­fo­lo­giyaya yanaşması orijinallığı və epik mətnlərə münasibətdə xü­susi həssaslığı ilə seçilir. Ramil Əliyevin yaradıcılığını mün­tə­zəm şəkildə izləyən və vaxtaşırı elmi dəyərləndirmə müs­tə­vi­si­nə gətirən S.Rzasoy yazır ki, türk folkloru məzmun və kə­miy­yət baxımından çox nəhəng hadisədir. Onu bütövlükdə əhatə et­mək, əslində, mümkünsüz işdir. Bu halda tədqiqatçıdan ümum­türk folk­lorunun daha çox konkret milli layına isnad etmək tələb olu­nur. Türk mədəniyyətinin istənilən milli tipi onun arxitek­to­nik struk­turlarının – türk mifologiyasının bərpası üçün zəngin və əvəz­siz material verir. Bunun biz sayılıb-seçilən Azərbaycan folk­lorşünası, prof. R.Əliyevin «Mif və folklor: genezisi və po­eti­kası» monoqrafiyasının[8] nümunəsində bir daha şahidi oluruq. R.M.Əliyev mif və folklor məsələləri ilə ardıcıl şəkildə məş­­­ğul olur. İndiyədək dörd kitabı çap olunmuşdur. Həmin kitab­lardan ikisi («Azərbaycan nağıllarında mifik görüşlər» və «Mi­foloji şüurun bədii spesifikası») və çoxsaylı elmi məqalələri birbaşa mif və folklor problemlərinə həsr olunmuşdur. Tədqiqat­larında faktoloji zənginlik nümayiş etdirən araşdırıcı Azərbay­can folklorşünasları arasında daha çox diqqəti folklorşü­nas­lığın fundamental məsələlərinə yönəltməsi ilə məşhurdur. Bu baxım­dan, onun sözügedən monoqrafiyası da Azərbaycan folklor­şünaslıq elminin aktual probleminə həsr olunmuşdur. «Mif və folklor» problemi hər hansı tədqiqatçıya öz həlli, ona yanaş­ma tərzi, mövzunu predmetləşdirmə müstəviləri və s. baxımın­dan, əslində, geniş yanaşma bucaqları təqdim edir. Bu hal­da bütün baxış müstəvilərini əhatə etməyə cəhd istənilən təd­qiqatı konkretilikdən yayındırmış olur. Bu mənada, R.M.Əli­yevin «Mif və folklor: genezisi və poetikası» mo­noq­ra­fi­yası predmetinin konkretliyi, problemin dəqiq və aydın sərhədlər kontekstində götürülməsi ilə xüsusi seçilir[9].

Prof. Ramil Əilyevin Azərbaycan folklorşünaslığında tema­tikası baxımından analoqu olmayan “Riyazi mifologiya” adlı tədqiqatı fenomenal hadisədir[10]. Bu əsəri “Azərbaycan folk­­lorşünaslığında yeni səhifə” olaraq qiymətləndirən S.Rza­so­yun yazdığı kimi, Ramil Əliyevin «Riyazi mifologiya» əsəri, sö­zün gerçək anlamında, Azərbaycan folklorşünaslığında tayı-bə­ra­bəri – janr-tematik ekvivalenti olmayan bir araşdırmadır. Əsə­rin dəyəri onun ilk növbədə Azərbaycan folklor­şünaslığının mövcud olduğu dövrdən bu günə kimi «riyazi folklorşünaslıq» adına aparılmış bütün təcrübələrini nə­zərə almaqla milli folklorşünaslıq və mifologiyada yeni bir sa­hənin – riyazi mifologiyanın əsaslarını qoyması ilə müəyyə­nləşir. R.Əliyev bu monoqrafiya ilə riyazi mifologiyanın nə­zə­ri-metodoloji əsaslarını və praktiki-təcrübi bazasını yaratmış­dır. Əsərdə folklorşünaslığımızda ilk dəfə olaraq mifoloji infor­masi­yanın riyazi-funksional modelləşdirilmə təcrübəsi həyata ke­çi­rilmişdir. Tədqiqatın birinci fəslindən də göründüyü kimi, Azər­baycan folklorşünasları zaman-zaman folklor mətnlərində möv­cud olan «riyazi münasibətləri» təsvir və təhlil etməyə, mət­nin formal-poetik strukturunu, yaxud mətndə daşınan məlumat­ların strukturunu bu və ya digər şəkildə modelləşdirməyə çalış­mışlar. Bu təcrübələrin, demək olar ki, hamısı R.Əliyev tərəfin­dən nəzərdən keçirilmişdir. Lakin burada diqqət çəkən ən mü­hüm məqam ondan ibarətdir ki, müəllif bu «riyazi folklor­şünas­lıq» təcrübələrinin, demək olar ki, hamısını monoqrafiyanın birin­ci fəslində riyazi-funksional analiz müstəvisinə gətirməklə, əslin­də, özünəqədərki təcrübəni həm «riyazi mifologiyanın» tarixi kimi təqdim etməyə nail olmuş, həm də bu tədqiqatları, bir növ, tamamlamışdır. Sonuncu cəhət monoqrafiyanın problemi­nin həlli baxımından xüsusi əhəmiyyət daşıyır.

Alimin mifologiyaya həsr olunmuş növbəti kitabında onun görüş­ləri sistemləşdirilmişdir.[11]

Azərbaycan folklorşünaslığında folklor mətnlərinə struk­tur-semiotik metodu “öz modifikasiyasında” (K.V.Nə-rimanoğlu) ilk dəfə tətbiq etməklə struktur mifologiya və struktur ritualistikanın əsaslarını qoymuş Seyfəddin Rzasoy qə­dim türk yurdu Biləsuvarın Bəydili kəndində sadəliyi qədər hə­qiqətpərəst, ədalətli olan, ulu əcdadlarının ən yaxşı keyfiy-yətlərini ruhunda yaşadan, saflığı, təmizliyi ilə cənub bölgəsində ad-san qazanan ziyalı ailəsində (atası Gülverdi kişi əmək fəaliy-yətinə keçən əsrin 50-ci illərində müəllim kimi başlamışdı, ca-van yaşlarında dünyasını dəyişmiş anası Bibixanım ana isə ev­dar qadın idi) dünyaya göz açıb mənəvi qidasını ana laylasın­dan, ata nəsihətindən, xalq adət-ənənlərindən, nağıllardan, da­stan­lar­dan, müqəddəs sözün müdrikliyindən almışdı. Yurdun füsun­kar təbi­ətinin əsrarəngiz gözəlliyi, el oyun-tamaşalarının, mə­ra­sim­lə­rin şirinliyi, duzluluğu, uşaqlıq və yeniyetməlik çağını ke­çir­di­yi ocağın istiliyi, ömürdən qopan illərin müxtəlifliyi, fəsil­lərin mü­layımliyi və sərtliyi də S.Rzasoyun xarakterinin formalaş­ma­sın­da az rol oynamamışdı. Doğmalarının hədsiz qayğısı, va­li­deyn­lərinin orta məktəbdə seçilib-sayılan övladını ali təhsilli gör­mək arzusu gənc Seyfəddinin özünün bədii ədəbiyyata, söz sənətinə vurğunluğu, dünyanın sirlərini öyrənmək marağı ilə üst-üstə düşdüyündən tale onu qocaman təhsil ocağına – Pe­da­qo­ji İnstitutun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) fi­lo­logiya fükültəsinə gətirib çıxartmışdı. O zamandan ədəbi-nə­zə­ri fikirlərin burulğanına düşüb ədəbiyyatın gizli kodlarının aça­rını axtarıb tapmağı həyat amalına çevirmişdi. Və Bakı ilə doğ­malaşmışdı. O, keçilməz yollarla addımlamağa, indiyədək heç kimin toxunmadığı məsələlərə aydınlıq gətirməyə meyl gös­tər­­mişdi. Çətinliyinə baxmayaraq, ilk ciddi tədqiqatında Azər­bay­can elmi-nəzəri fikrinə yad olan mövzunu – dahi Nizaminin ya­­ra­dıcılığında Dünya Modeli problemini işləməklə Nizamişü­nas­lığa elə tövhə, elə təzə-təravət gətirmişdi ki, alimin funda­men­tal araşdırması elmi əhəmiyyətini və sanbalını həmişə qoru­yub saxlayacaq, müasir tədqiqatların meydanını daha da geniş­lən­dirəcək, elmi düşüncədə yeni cığırların açılmasına düzgün isti­qamət verəcək.

Yaxşı yadımdadır, alimin Nizami poeziyasının təhlilinə həsr olunan namizədlik dissertasiyası işlədiyim kafedraya gön-dəril­mişdi. Məhz müzakirə zamanı Dünya Modelinin nə demək ol­du­ğunu anlamayan bir çox tədqiqatçılar müəllifi qərəzli şə-kildə tənqidə keçmişdilər. Ağır zəhmət bahasına əmələ gələn əsər müəllifdən ötrü övlad kimidir. S.Rzasoy təslim bayrağı qal­dı­ran alimlərdən olmadığını ilk dəfə onda nümayış etdirib de­miş­di ki, qanmazı qandırmaq mümkündür, amma alim adı da­şı­yan savadsızlara elmin yeniliklərini başa salmaq çox çətindir…

Onda onun sərt cavabını kobudluq kimi qiymətləndirib, dis­sertasiyasına müsbət rəy verməklə bəziləri səviyyəsizliklərini ört-basdır etmişdilər. Bəli, S.Rzasoy Azərbaycan ədəbiyyat­şü­nas­lığını “Dünya modeli” kimi onlarla yeni mühüm terminlə zəngin­ləşdirmişdi. Əslində, alim Nizami yaradıcılığı əsasında şairin yaşadığı dövrün hərtərəfli mənzərəsini yaratmağı ba­car­mış­dı. Dünya Modeli deyəndə yazılı abidələr (bədii mətnlər), ta­rixi sənədlər, arxeoloji tapıntılar, maddi dəlillər əsasında aid ol­duğu çağın insanlarının dünya görüşlərindən tutmuş, cəmiy­yət­də tut­duqları mövqeyə qədər bütün məsələlərin aşkarlanması və re­kon­struksiya edilməsi deməkdir. S.Rzasoy sübut edirdi ki, Nizami kimi söz ustalarının əsərləri ensiklopedik məlumatların da­şıyıcısıdır. Ailə münasibətləri: ər-arvad, ata-oğul, bacı-qardaş, ana-qız, ağa-nökər, ev sahibi-qonaq; dövlət, hökmdar və xalq əla­qələri (şah-əkinçi, qoca-cavan, çoban-padşah, şah-cariyə, şah-hə­rəmlər, şah-vəzir, şah-dustaqlar), dövrün peşələri, usta, müəl­lim, şagird, məktəb, təhsil, tərbiyə və b. məsələlər Nizaminin po­ezi­yasında zərgər dəqiqliyi ilə verilmişdir. Ayrı-ayrı insan təbə­qələrinin əqidə və düşüncələrinin, dünya haqqında təsəv­vür­lərinin uzaq çağlarda necə olduğunun bədii mətnlər əsasında üzə çıxarılmasının mümkünlüyünü irəli sürən alim həm də yazılı ədəbiyyat-folklor, bədii mətn-tarix, mif-ritual, mif-gerçəklik əla­qə­ləri problemlərinə də aydınlıq gətirirdi. Bu mənada alimin elmi fəaliyyətinin istiqamətləri çoxşaxəlidir. Klassik ədəbiy­yat­da zaman-məkan vəhdətində insanın rolu onun elmi yaradıcılı­ğı­nın ilk istiqaməti idi.

S.Rzasoy türk mifologiyasının rekonstruksiya yollarına həsr etdiyi fundamental əsərləri ilə (xüsusilə “Oğuz mifolo­gi­ya­sı”) Azərbaycan-türk folklorşünaslığında yeni mərhələnin baş­lan­ğıcını qoymuşdur. Onun fəaliyyətinin bu istiqamətinin geniş təh­lil və təbliğ olunması ona görə vacibdir ki, son çağlaradək Rusiya, Orta Asiya və Türkiyə alimləri türk mifologiyasının qay­naqlarını göstərərkən üzdə olan əlamətlərlə, daha çox nağıl və epos mətnlərindəki obraz və süjetlərlə kifayətlənirdilər. S.Rzasoy isə oğuz eposlarının mətnlərindəki mifik düşüncə kod­la­rını əsaslandırılmış şəkildə üzə çıxarmağı bacardı.

Bir cavab yazın

Back to top