S.Rzasoy Azərbaycan folklorşünaslığında struktur mifologiya və struktur ritualistikanın əsaslarını qoymuşdur. Təbii ki, ona qədər mif və ritual problemlərindən bəhs olun-muşdur. Lakin Seyfəddin Rzasoyun araşdırmalarını əlamətdar edən cəhət onun öz tədqiqatlarını struktur-semiotik metodla aparmasındadır. Burada bir məqamı xüsusi olaraq vurğulamaq istəyirəm ki, S.Rzasoy struktur-semiotik metodu folklor mətnlərinə sadəcə tətbiq etməmiş, bu metodun mifologiyaya tətbiqinin “yeni modifikasiyasını” yaratmışdır. Alimin “Oğuz mifi və Oğuznamə eposu” monoqrafiyasına ön sözün müəllifi prof. K.V.Nərimanoğlu yazır: “Nəzəri sistemi mükəmməl bilən S.Rzasoyun mövcud nəzəri baxışı türk eposuna, mifologiyasına tətbiqi qətiyyən mexaniki təsir bağışlamır. Türk mif məntiqini, ruhunu, strukturunu, fəlsəfəsini gözəl bilən araşdırmaçı Oğuznamə eposunda türk mif modelini bərpa edərkən əsla diqtə, şablon yolunu tutmur, əksinə, üzvi vəhdət, universal qanunauyğunluq və fərdi təkrarsızlıq arasındakı dialektik, üzvi münasibəti əsas alaraq araşdırma aparır. O, Oğuznamə eposunda ritual-mifoloji dünya modelini bərpa edərkən ayrı-ayrı semantemləri, nəzəri-epistemoloji konteksti, tarixi düşüncə kodundan mif koduna baxışı, türk dünya modelinin semiotik-kosmoloji təbiətini bacarıqla aşır… İ.Kantın antinomiya nəzəriyyəsi və F.De Sössürün məşhur dixotomiya sistemini mif-folklor araşdırmalarına uğurla tətbiq edib, elmi nəticələr alan S.Rzasoy “Oğuz ritual dünya modeli” bölümündə bərpanın yeni modifikasiyasını təqdim edir…”[12].
Qeyd edək ki, S.Rzasoy Azərbaycan folklorşünaslığında struktur-semiotik metodun folklor-mifologiyaya tətbiqinin nə-zəri-elmi əsaslarını, terminoloji-kateqorial sistemini işləyib hazırlamışdır. Onun bu sahədəki monoqrafiyası hələ ki bizim folklorşünaslığımızda metod probleminə həsr olunmuş yeganə əsər olaraq qalmaqdadır[13].
Alimin fəaliyyətinin bir istiqaməti də müasir Azərbaycan folklorşünaslığının aktual problemlərini araşdırmasıdır. Tədqi-qatçının toplayıcılıq, tərtibçilik sahəsində gördüyü işlər də diq-qətəlayiqdir. Bir də onu vurğulamaq lazımdır ki, Milli Elmlər Akademiyasında Folklor İnstitunun strukturunun qurulmasında da onun əvəzsiz rolu olmuşdur. Eləcə də yeni kadr hazırlığı sahəsindəki xidmətlərini xüsusi qeyd etmək lazımdır.
S.Rzasoy Azərbaycan folklorşünaslığının aktual problem-lərini bir neçə istiqamətdə tədqiq süzgəcindən keçirir. Alimin ikicildliyinin birinci cildi ümumilikdə mif və epos məsələlərinə həsr olunsa da, epik ənənənin bütün formalarının strukturuna, bədii mətn kodlarına nəzər salınır. “Mifologiya” bölməsindəA.Şükürovun, R.Qafarlının, R.Əliyevin, E.Ağayevin, R.Əlizadə-nin, A.Babəkin, R.Allahverdinin son dövrlərdə yaranan əsərləri təhlil edilir. Kitab “Mifologiyaya dair Azərbaycan türkcəsində fundamental nəşrin növbəti cildi” məqaləsi ilə başlanır. Mərhum Ağayar Şükürovun 10 cildlik «Mifologiya» seriyasından 6-cı kitabını oxuculara təqdim edən S.Rzasoy alimin öz fəlsəfi-nəzəri yanaşma baxışlarına sadiq qalaraq, əvvəl qədim türk mifologiyasının qaynaqlarından, tədqiqatçılarından söhbət açmasını, qədim türk dini-mifoloji sisteminin qurum prinsiplərini açıqlamasını, tanrıçılıq görüşləri ilə bağlı müxtəlif statuslu və səviyyəli obrazları türk mifçiliyində hələ də mübahisələr obyekti olan «allahlar panteonu» adı altında ümumiləşdirməsini, nəhayət, zəngin və ulu türk mifologiyasını ümumiləşdirməklə sistemli elmi nəzəriyyə yaratmasını diqqət mərkəzinə çəkir.
“Professor Ağayar Şükürovun fəlsəfi araşdırmalar siste-mində mifologiya” adlanan ikinci məqalədə isə alimin müasir Azərbaycan fəlsəfə və mifologiyası sahəsində elmi fakturasının sistemini aşağıdakı şəkildə qurduğunu göstərir: fəlsəfə və mif, fakturanın xronoloji düzümü və mövcud mənzərəsi, mifoloji tədqiqat sistemi, mifoloji fakturanın tipoloji müəyyənləşmə göstəriciləri, mifoloji biblioqrafiyanın ümumiləşdirilmə səviyyəsi və prof. A.Şükürovun mifi təqdim modeli. Sadalanan elmi faktura sisteminin hər birinin şərhini verərək fikirlərini belə ümumiləşdirir: “Bütövlükdə desək, A.Şükürovun «Mifologiya» oncildliyinin daha geniş təqdimat prizmasına ehtiyac duyulur. İndiki halda deyilənlər ilk addımları təşkil edir. Belə bir geniş və dolğun sözə isə, doğrudan da, ehtiyac vardır. Çünki elmi düşüncənin ehtiyaclarının ödənilməsi istiqamətində dövriyyəyə iri material təqdim edilmişdir”.
Sayılıb-seçilən Azərbaycan folklorşünası, AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin böyük elmi işçisi, filologiya üzrə elmlər doktoru R.Əliyevin «Mif və folklor: genezisi və poetikası» monoqrafiyasının, eləcə də alimin «Riyazi mifologiya» əsərinin təhlilinə həsr olunan məqalələrdə mifoloji informasiyanın riyazi-funksional modelləşdirilmə təcrübəsinin ilk dəfə həyata keçirilməsi vurğulanır. Gənc tədqiqatçı E.F.Ağayevin «Azərbaycan mifologiya elmi və Mirəli Seyidov» adlı monoqrafiyasını folklorşünaslığın aktual problemlərindən biri kimi təhlilə cəlb edən S.Rzasoy “Azərbaycan mifologiya elmi tarixinin yeni səhifəsi”nin açıldığı qənaətini irəli sürür. R.T.Əlizadənin «Azərbaycan folklorunda təbiət kultları» adlı monoqrafiyası S.Rzasoyun “Azərbaycan kultşünaslığının bugünü və gələcəyi” adlı tədqiqatında şərh olunur. Kultların öyrənilməsinin Azərbaycan folklorşünaslığında problematik aktuallığa malik məsələ kimi çoxdan öz həllini gözlədiyini bildirən müəllif R.Əlizadənin bu sahədə yaranmış boşluğu aradan qaldırmaqla bərabər, kultşünaslığın perspektiv əsaslarını da işləyib hazırladığını yüksək qiymətləndirir. A.Babəkin «Azərbaycan folklorunda su ilə bağlı inamlar» monoqrafiyasının da aktual elmi problemə həsr olunmasını təsdiqləyən S.Rzasoy bildirir ki, istedadlı tədqiqatçının tədqiqata cəlb etdiyi mövzu problematik əsaslarına görə folklorla mifologiyanın çox qədim köklərə malik mürəkkəb münasibətlər sistemini özündə ehtiva edir. “Əslində, təkcə folklorun deyil, milli mədəniyyətin istənilən təzahür səviyyəsinin arxetipik əsaslarında mifoloji dünyagörüşü durur. Milli mədəniyyətin hər bir təzahür səviyyəsi mifologiya ilə spesifik münasibətlərə malikdir. Bu cəhətdən folklor istər bir dünyagörüşü – düşüncə kodu, istərsə də sənət – yaradıcılıq hadisəsi, onun mətnlər sistemi kimi mifologiya ilə son dərəcə sıx şəkildə bağlıdır. Digər tərəfdən, insanlığın düşüncə tarixində mifologiya və folklorun yaratdığı diaxron sıra folklor Dünya modelində bu sistemlərin sinxronluğunda da özünü qoruyur. Bu da öz növbəsində folklorun öyrənilməsində mifoloji aspekti qaçılmaz zərurətə çevirir. Bundan başqa AMEA Folklor İnstitutunda aparılan folklorşünaslıq araşdırmalarının elmi-nəzəri səviyyəsinin artıq dünya elmi standartları səviyyəsinə qalxması ilə yaranan nəzəri-metodoloji baza bu tipli mürəkkəb struktura malik tədqiqatların yaranmasını aktual elmi hadisəyə çevirir”. “Mifik zaman və Novruz fenomeninə yeni baxış” başlıqlı yazıda R.Allahverdinin «Təqvim mifləri və Novruz» monoqrafiyasının elmi əhəmiyyəti, ilk növbədə, onda aprobasiya olunan mövzunun tematik orijinallığı ilə şərtləndiyi əsaslandırılır. Sərrast elmi dillə, dərin məntiqi mühakimələrlə yazılmış tədqiqatın yeni elmi fikir və əsaslandırılmış polemikalarla zənginliyini, milli varlığımızın yeni epoxada özünütəşkil proseslərinin mühüm mexanizmlərindən olan Novruz bayramı haqqında bir sıra yeni və fundamental baxışların ortaya qoyulmasını dəlillərlə təsdiqləyən S.Rzasoy bu işin Azərbaycan elmi fikir dövriyyəsində özünə möhkəm yer tutacağına və novruzşünaslıq sahəsindəki tədqiqatları sağlam istiqamətə yönəldəcəyinə böyük ümid bəslədiyini bildirir.
Dünyanın bir üzü ağ – işıqla, o biri qara – qaranlıq, bir tərəfi soyuq, digəri soyuq olsa da, dağlarından, dərələrindən, çöllərindən, düzlərindən çox yellər əssə də, bir yandan boşalıb, o birindən dolsa da, xeyirini, şərini, yaxşısını, pisini gizlətmədən meydana qoysa da, bütün canlı varlıqlar üçün doğma məkandır, yurddur, Vətəndir, ana qucağı qədər təravətlidir. Onun sirlərini açmağa çalışan hər kəsi alqışlamağı vəzifə borcu sayan S.Rza-soy əslində öz böyüklüyünü nümayiş etdirmiş, titullarına, cəmiyyətdə tutduğu mövqelərinə fərq qoymadan hamının elmi əsərinin yalnız bir cəhətinə – yeniliyinə, çıxarılan nəticənin düzlüyünə və zəhmətinə görə qiymət vermişdir. Filoloji araşdırmalarında həmişə keçilməyən yollarla addımlayan alimin yaradıcılığının ancaq bir istiqamətini – folklorşünaslıq sahəsində yazdığı məqalələr, esselər, resenziyaların təsviri və təhlili onu deməyə tam imkan verir ki, S.Rzasoy S.Mümtüz, Ə.Abid, B.Çobanzadə, M.Təhmasib, M.Seyidov və Y.Qarayev kimi ədəbiyyatşünaslar nəslinin ən parlaq simalarından biridir.
[1] Azərbaycan mifoloji mətnləri. Tərtib edəni, ön söz və şərhlərin müəllifi A.Acalov. – B., Elm, 1988.
[2] Məmmədov M.M. Azərbaycan mifoloji mətnləri. Namizədlik dissertasi-yasının avtoreferatı. – B., 1998.
[3] Şükürov A. Dədə Qorqudun mifologiyası. – B., Elm, 1999; Mifologiya. Birinci kitab. Ümumi-nəzəri məsələlər – B., Elm, 1995; Mifologiya, İkinci kitab. Qədim Şərq xalqlarının mifologiyası. – B., Elm, 1995; Mifologiya, Üçüncu kitab. İran xalqlarının mifologiyası. – B., Elm, 1995; Mifologiya, Dördüncü kitab. Qədim hind mifologiyası – B., Elm, 1996; Mifologiya, Beşinci kitab. Qədim Çin mifologiyası. – B., Elm, 1997; Mifologiya, Altıncı kitab. Qədim türk mifologiyası. – B., Elm, 1998; Mifologiya, Yeddinci kitab. Yunan mifologiyası. – B., «Qartal» nəşriyyatı, 1999; Mifologiya. Səkkizinci kitab. Alman-skandinav xalqlarının mifologiyası. – B., Elm, 1999; Mifologiya. Doqquzuncu kitab. Slavyan xalqlarının mifologiyası. – B., «Adiloğlu qardaşları» nəşriyyatı, 2002.
[4] Bax.: Rzasoy S. Müasir Azərbaycan folklorşünaslığı. 2 cilddə, 1-ci c. B., 2013, s. 24-35
[5] Nəbiyev A. Azərbaycan mifologiyası. «Folklorşünaslıq məsələləri» məcmu-əsi, Beşinci kitab. – Bakı Universiteti Nəşriyyatı, 2002; Azərbaycan xalq ədəbiyyatı. Birinci hissə. Ali məktəblər üçün dərslik. – B., «Turan» nəşriyyat evi, 2002; Nəğmələr. İnanclar. Alqışlar. Toplayanı və tərtib edəni A.Nəbiyev. – B., Yazıçı, 1986.
[6] Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. – B., Maarif, 1992; Vəliyev V. Azərbaycan folkloru. – B., Maarif, 1985; Həbibbəyli İ. Ədəbi-tarixi yaddaş və müasirlik. B., “Nurlan”, 2007; Аббаслы И. Ареал распространения и влияния Азербайджанских дастанов. – Б., Издатель-ство «Сада», 2001; Abdullayev B. Yusif Vəzir Çəmənzəminli və folklor. – B., Elm, 1981; Абдулла Б. Азербайджанских обрядовый фольклор и его поэтика. – Б., Элм, 1990; Vəliyev K. Elin yaddaşı, dilin yaddaşı. – B., Gənclik, 1987; Həbiboğlu Vəli. Qədim türklərin dünyagörüşü. – B., «Qartal» nəşriyyatı, 1996.
[7] Cəfərli M. Dastan və mif. – B., Elm, 2001; Rzasoy S. Nizami poeziyası: mif-tarix konteksti. – B., «Ağrıdağ» nəşriyyatı, 2003; Rzasoy S. Oğuz mifinin paradiqmaları. Bakı: Səda, 2004, 200 s.; Rzasoy S. Oğuz mifi və Oğuznamə eposu. – B., «Nurlan» nəşriyyatı, 2007; Rzasoy S. Oğuz mifologiyası. B., 2009; Bəydili C. Türk mifoloji sözlüyü. – B., Elm, 2003; Rüstəm Kamal. «Kitabi-Dədə Qorqud»: arxaik ritual semantikası. – B., Elm, 1999; Əliyev R. Azərbaycan nağıllarında mifik görüşlər. – B., Elm, 1992; Mifoloji şüurun bədii spesifikası. – B., «Qartal» nəşriyyatı, 2001; Xəlil A. Əski türk savlarının semiotikası. B., 2006; Məmmədov M.M. Azərbaycan mifoloji mətnləri: Fil. elm. nam. …dis. avtoref. Bakı, 1998, 29 s.; Albalıyev Ş. Hal-Div-Əzrayıl obrazlarının səciyyəsi / «Ortaq türk keçmişindən ortaq türk gələcəyinə» III uluslararası folklor konfransının materialları. Bakı, Səda, 2007, s. 547-555; Ağayev E. Ağayev E. Azərbaycan mifologiya elmi və Mirəli Seyidov. Bakı: MBM, 2008, 200 s.; Qurbanov N. Azərbaycan folklorunda mifoloji-kosmoqonik görüşlər. B., 2011; Qarayev S.P.. Azərbaycan folklorunda mifoloji xaos / Filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı-2015; Quliyev H.V.. Azərbaycan folklorunda müdrik qoca arxetipi / Filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı – 2015.
[8] Əliyev R. Mif və folklor: genezisi və poetikası. Bakı, «Elm», 2005.
[9] Rzasoy S. Müasir Azərbaycan folklorşünaslığı. 2 cilddə, 1-ci c. B., 2013, s. 51-52.
[10] Əliyev R. Riyazi mifologiya. Bakı, «Nurlan», 2008.
[11] Əliyev R. Türk mifoloji düşüncəsi və onun epik transformasiyaları. B., “Elm”, 2014.
[12] Nərimanoğlu K.V. Türk mif poetikasına yeni baxış (ön söz) / S.Rzasoy. Oğuz mifi və Oğuznamə eposu. B., «Nurlan» nəşriyyatı, 2007, s. 3-4.
[13] Rzasoy S. Mifologiya və folklor: nəzəri-metodoloji kontekst. B.: Nurlan, 2008, 188 s.