“Əsli və Kərəm” dastanının Şəki variantı (Mətn) – 009

ƏSLİ VƏ KƏRƏM (mətn-09)

Arxiv materialı əsasinda tərtib edəni R.Qafarlı

ƏVVƏLİ: Əsli və Kərəm (mətn-08)

Kərəmgil buradan keşişin getdiyi yeri yeri öyrənib yola düşdülər. Bir az gədəndən sonra bir çobana rast gəldilər.

Kərəm çobandan keşişi xəbər aldı.

Dübeyt:

Kərəm:

Qabağında otlaq keçib,

Qırğıdan ayrılmaz saçı.

O qara Məliyin köçü,

Çoban, buradan nə vaxt keçdi?

Çoban:

Köçləri qarışmaz köçə,

Saçı uzun, beli incə,

Təzəcə açılmış qönçə,

Buradan bir Ağdaban keçdi.

Kərəm:

Qabağında otlaq, quzu,

Geyinib olub qırmızı,

O qara məliyin qızı,

Çoban, buradan nə vaxt keçdi?

Çoban:

Mina qəlyan əlindəydi,

Gümüş kəmər belindəydi,

Qırx incə qız yanındaydı,

Buradan bir can alan keçdi.

Kərəm:

Əridi dağların qarı,

Töküldü çaylara sarı,

Əsli xan, Kərəmin yarı,

Çoban, buradan nə vaxt keçdi?

Çoban:

Çobanam, dedim özümdün,

Qanlı yaş tökdüm gözümdən,

Görəndə getdim özümdən,

Burdan bir məhtavan* keçdi.

Çoban keşiş getdiyi yolu Kərəmə nişan verib onu yola saldı. Kərəm yolla gedəndə yenə də qızlara rast gəldi və onlardan birini Əsliyə oxşadıb alır:

Dübeyt

Cilvələnə-cilvələnə

Nə gedirsiz qoşa dilbər.

Tanrı ayrılıq verməsin

Havadakı quşa, dilbər!

Xoşladım xasyət*-halını,

Ağ üzdə qara xalını.

Görəndə gül camalını,

Gönül gəldi coşa, dilbər!

Sevdim sən kimi gözəli,

Qəfil oxşadın sinəmi,

Gözlərin qanlı haramı,

Qadağa ver qoşa dilbər!

Bir ox atdım zər nişana,

O da getdi pərişana.

Dedim, bəlkə bir yumşala,

Bağrı dönmüş qana dilbər.

Heyranıyam Əsli xanın,

Kərəm et olsun qurbanın,

Sənin bu ədli dövranın

Yarmaz hərgiz başa dilbər.

Qızlar Kərəmin fikrini duyub dedilər:

-Ay aşıq, sənin sevgilinin atası bu şəhərin zindansızı, anası isə diş çəkən bir həkimdir. Özləri də orta məhəllədə olurlar.

Kərəm bu sözləri eşidib getdi orta məhəlləyə.

Orada oynayan uşaqlardan keşişin evini öyrənib qapını açıb içəri girdi. Gördü Əsli bağçada oturub. Əsli Kərəmi görəndə tanımayıb:

-Ay oğlan, nə istəyirsən? – deyə xəbər aldı.

Kərəm dedi:

-Aşığam, yoldan ötürəm, yolu tanımıram, mənə yol göstərin! Qəribəm!

Əslinin onn sözündən xoşu gəlib yol göstərdi və əlindəki gülü ona uzatdı. Aldı Kərəm Əsli verməyinə nə deyir:

Kərəmi şikəstə

Ağlaya-ağlaya düşdüm yollara,

Ağlayan kimsəyə gül nə lazımdır?

Gülə-gülə yaxdın atam evini,

Düşmənlikdə şirin dil nə lazımdır?

Aşığın ömürü yetirdin zaya,

Gecə-gündüz dua etdin xudaya,

Düşdüm biyabana, çıxdım səhraya

Xarabat əhlinə yol nə lazımdır?

Kərəm cavab verdi:

– Xanım, diş həkimi gəzirəm, dişim ağrayır.

Əsli cəld anasını çağırdı. Anası gəldi. Kərəm dərdini görək ona sazla necə başa salır:

Qafiyə

Qarı nənə dişim ağrır amandı,

Görməyəsən diş ağrısı yamandı.

Qocalırsan dha gözün işləməz,

Əsli çəksin gözlərində fərmandı.

Dərdi olan gərək getsin dərmana,

Yar yanında nəyim vardı nişana,

Yetirmişəm Əsli kimi loğmana,

Əsli əsli yaralara dərmandı.

Mən Kərəməm gəldim-getdim cahana,

Sədəm düşdü Al-Osmana, İrana,

Əsli gözəlliyə yoxdur bahana,

Şirin canım yar yolunda qurbandı.

Anası gəlib Kərəmi Əslinin qucağında yatırıb başladı Kərəmin dişini çəkməyə.

– Hansı dişin ağrıyır? – deyə arvad xəbər alanda Kərəm Əslinin eşqindən sağ dişlərindən bir neçəsini dalbadal çıxartdırdı.

Bir də sərhesab oldu ki, ağzı qan ilə dolmuşdur. Cibindən yaylığını çıxarıb ağzının qanını silmək istəyəndə Əsli öz yaylığını görüb Kərəmi tanıdı.

– Aman ana! – deyə bağırdı: – Kərəmdir!

Yerindən sıçrayıb durdu. Anası isə keşişə xəbərə çatdı.

Kərəm ağzı qanlı sazı götürdü, görək Əsli yarını görməsinə cəhət nə deyir:

Kərəmi şikəstə

Şükür üzün gördüm, aldım təsəlli,

Məşhərə qalmadı divanın Əsli,

Mən bilirəm səni mənə verməzlər,

Arada çox olub yamanın Əsli.

Bivəfasan dünya gəlməz eyninə,

İrəli gəl, qolum salım boynuna,

Payız gecəsində girim qoynuna,

Ağ sinən tərinə boyanım Əsli.

Dön dilbərim, görüm üzün xalını,

Bir əməydim ləblərinin balını,

Sağ əlimlə sıxam məmən solunu,

Qoy gəlsin yerinə imanın Əsli.

Kərəm deyər, neyləmişəm, neylərəm,

Xəncər alıb qara bağrım teylərəm,

Bir canım var sənə qurban eylərəm,

Mən durub başına dolanım Əsli.

Kərəm bu hay-hayda alır görək daha nə deyir:

Sallama Kərəmi

«Mədəd-mədəd» deyib          işim bitirdin,

Qız, gəl müsəlman ol, qalma erməni.

Bir dərdimi əlli minə yetirdin,

Əsli, müsəlman ol, qalma erməni.

İnanma keşişin fitnə-fəninə,

Həftə pəhrizinə, əlli gününə,

Gəl imana, keç Kərəmin dininə,

Dönüb müsəlman ol, qalma erməni.

Həyalı dilbərsən, qızlar soltanı,

Yandırma şər dindən ötrü bu canı.

Atıb şəriəti, dini, ərkanı,

Gəl, qız, müsəlman ol, qalma erməni.

Sözünü qurtaranda Kərəm allahdan xahiş elədi ki, Əslini də onun kimi aşıq eləsin. Dua müstəcab oldu. Əsli Kərəmə bərk-bərk sarmaşdı. Aldı görək nə dedi:

Şikəstə

Nagah yerdə düşdüm eşqin oduna,

Yandım Kərəm, məni rüsvay eyləmə!

And verirəm ərənlərin adına,

Yandım Kərəm, məni rüsvay eyləmə!

Gizlin-gizlin dostun halın görmədim,

Əl uzadıb qonça gülün dərmədim,

Bir yar ilə zövqi-səfa sürmədim,

Yandım Kərəm, məni rüsvay eyləmə!

Coşub-coşub hərdən eşqə dolduğum,

Heyva kimi saraldığın, solduğun –

İndi bildim sənin Kərəm olduğun,

Yandım Kərəm, məni rüsvay eyləmə!

Qaçıb, qaçıb qürbət elə gətirdim,

Bir olan dərdini minə yetirdim,

Nə mən öldüm, nə də səni bitirdim,

Yandım Kərəm, məni rüsvay eyləmə!

Ağa Kərəm, sultan Kərəm, xan Kərəm,

Alış Kərəm, tutuş Kərəm, yan Kərəm.

Əsli olsun həm sənə qurban Kərəm,

Yandım Kərəm, məni rüsvay eyləmə!

Əsli Kərəmə him elədi ki, burada durmayıb gizlin yerdə onunla görüşə gəlsin. Yoxsa keşiş gəlib aşiqləri görə bilər.

Gecə gələndə gizlində görüşüb bir-birinə qovuşdular, əl-ələ tutub bahəm bağ-bağatda qaçışdılar, gəzib-dolaşdılar. Səhərə yaxın biri-birilərini öpüşə qərq edib ayrıldılar.

Kərəm keşişgildən çıxıb getdi bazara. Qəhvəxanada sevincini adamlarla bölüşdü. Gecə isə qayıdıb Əslini yuxudan belə oyatdı:

Dübeyt

Sabah oldu qız oyanmaz,

Dönər karvan, dönər karvan,

Eşq atəşi sərdən getməz

Dönər karvan, dönər karvan,

Ulduzların şahı sənsən,

Gözəllərin mahı sənsən,

Çəkə-çəkə ahı sənsən

Dön a karvan, dön a karvan.

Barmağında qızıl üzük,

Qolunda altun bilərzik,

Canım oldu əzik-muzuk

Dön a karvan, dön a karvan.

Ulduz üzər nişan-nişan,

Aləmlər olar pərişan,

Qərib üzünə danışan

Dön a karvan, dön a karvan.

Sənə karvan qıran deyərlər,

Yara ilqar verən deyərlər,

Mənə dərdli Kərəm deyərlər,

Dön a karvan, dön a karvan.

Kərəm bir qədər dayanıb gördü ki, qız oyanmır. Sofu dedi:

-Kərəm, gəl gedək, sabah gecə gələrik.

Kərəm Sofunun sözünə qulaq verməyib götürdü görək, nə söylədi:

Qafiyə

Gah gedirəm, gah gəlirəm bacaya

Oyan Əslim, üzdə xalın sevdiyim.

Karvanqıran gəldi çıxdı ucaya,

Oyan Əslim, üzdə xalın sevdiyim.

Mən gəlmişəm alçaq ilə ucanı,

Yar yolunda fəda qıldım bu canı,

Necə dözüm mən bu uzun gecəni

Oyan Əslim, üzdə xalın sevdiyim.

Səhər olur, qalx ayağa nə edək,

Xəncər alıb bağrım başını didək,

Sofi lələ mənə deyir dur gedək,

Oyan Əslim, üzdə xalın sevdiyim.

Kəsdireydim yazdığının yanını,

Bir tutaydım kirpiyinin sanını,

Nə tapıbsan kor yuxusunun kanını

Oyan Əslim, üzdə xalın sevdiyim.

Kərəməm, mayiləm ala gözünə,

Şəkər söhbətinə, şirin sözünə,

Satınmı aldın sən yuxunu özünə

Oyan Əslim, üzdə xalın sevdiyim.

Qız dan ulduzu çıxar-çıxmaz oyandı. Kərəm Əslini görüb deyir:

Sallama Kərəmi

Çünki bir sevdadı düşdü başıma,

Ağlaram-ağlaram gülmərəm bu gecə.

Eşq əlindən ciyərim yandı neyləyim,

Bu sir gələcək hal bu gecə.

Viranədən gələn hayqu səsidir,

Ürəyimdə yanan eşq atəşidir,

Ərəfə gecəsi bayram günüdür

Sevən dosta, qurban olam bu gecə.

Bağban oldum girmədim yarın bağına,

Oyanıb gedər nazlı-nazlı otağına,

Fələk saldı məni xəstələr çağına

Yarım yanında xəstə qal bu gecə.

Kərəm belə oxuduqda keşişin adamları onu tutub oğru sifətilə həbs etmək istəyirlər. Kərəm isə burada alır görək nə deyir:

Şikəstə Kərəmi

Mədəd-mədəd Əsli sənin əlindən,

Öldürməkdən qeyri yar mənə neylər?

Bu can mənimdirsə – sərdən keçibdir –

İndi namus mənə, ar mənə neylər?

Əsli xanın ataşı ilə söylərəm,

Enib eşqin dəryasını boylaram,

Gecə-gündüz şahmar ilə oynaram,

Uzun-uzun olar mar mənə neylər?

Bu gecə sərilmiş sorub daşın,

Ləblərindən dadmışam

Mən Kərəməm eşq oduna yanmışam

Cəhənnəmə girsəm haqq mənə neylər?

Kərəmi buradan apardılar şəhər hakiminin yanına; orada Kərəm özünü belə nişan verir:

Dübeyt

Məni belə lal eyləyən

Dərddir, həsrətdir, firqətdir,

Çeşmim yaşı sellər eyləyən,

Dərddir, həsrətdir, firqətdir.

Eşq ataşı var canımda,

Canımdan çıxdı tənində,

Neyləyim mən bu günümdə,

Dərddir, həsrətdir, firqətdir.

Qəlbim, belə yanar etməz,

Yar sevdası sərimdən getməz,

Çərxi fələk mənə zülüm etməz,

Dərddir, həsrətdir, firqətdir.

Məni dərdə salan yardır,

Vücudumda yanan nardır,

İşim mənim ahu-zardır,

Dərddir, həsrətdir, firqətdir.

Kərəməm mən olmuşam hakim,

Heç kimdən yoxdu zərrəcə pakim,

Bəzirganam qəmdir yüküm,

Dərddir, həsrətdir, firqətdir.

ARDI: Əsli və Kərəm (mətn-10)

Bir cavab yazın

Back to top