Mif və romantik düşüncə kodu

Burada poetik dərketmə rasionallıqla qarşılaşdırılır və intiutiv, irrasional yol kimi deyil, universal, sintetik keyfiyyət şək­lində götürülür. Öz növbəsində, romantiklərin mif haqqın-dakı nəzəri fikirlərdə magik seyretmənin “sonsuzluğun” dünya­da­kı mistik duyulmasına əsaslandığı göstərilir. Mənəvi (ilahi, ide­al, mütləq) başlanğıc fiziki (konkret, əşyavi) dünyada təcəs­süm edilir. Dünyaya mistik münasibət transsendentlik (idealist fəl­səfədə: təcrübə xaricində olmaq, təcrübə ilə dərk edilə bil­mə­məz­lik) cizgilərinin gündəlik həyata, məişətə axınının sezilməsi ilə xarakterizə olunur. Beləcə romantiklər şairləri mistik dünya­du­yumunun əsas daşıyıcıları elan edirdilər. Novalis hətta söz sə­nət­karını kahinlə eyniləşdirərək yazırdı: “Şair və kahin baş­lan­ğıc­da bir adam idi, onları sonrakı çağlarda ayırıblar. Lakin əsl şair həmişə kahin, əsl kahin isə hər zaman şair olaraq qalıb.”[6] Ro­mantiklər mistik duyğunun (hissetmənin) dünyanın mifik (rəmzi) dərki ilə sıx şəkildə bağlı olduğunu irəli sürürdülər. Bu cür hissetmə insanlarda təbiətə qarşı elə baxış formalaşdırır ki, za­hirən cansız, tərpənməz varlıqların da möcüzəli həyatı olduğu du­yulur, hər addımda ilahinin sirli əlamətlərinə təsadüf edilir, hara baxırsan, orada qeyri-adi vəziyyətlərə, “qəribə cizgilərə, gi­zli yazılara, quş qanadlarında, yumurta qabığında, buludlarda, qar dənəciklərində, kristallarda, müxtəlif formalı daşlarda, don­muş sularda, arxlarda, bulaqlarda, dağların üstündə, bitkilər, hey­vanlar aləmində, insanlarda, göyün od-işığında belə bilinməz işarə­lərə, haşiyələrə rast gəlirsən”[7].

Avropa romantiklərinin gəldikləri bəzi qənaətlərə Azər­bay­canın söz ustaları hələ XII yüzildə gəlmişdilər. Nizami kimi nəs­rə nisbətdə şeirə daha yüksək qiymət verən əl-Ustad nəzmin xü­susiyyətlərindən geniş bəhs açmış, Məhəmməd peyğəmbərə is­tinad edərək bilidirmişdi ki: «Bütün varlıqlardan yüksək olan Allahın oturduğu taxtın altında böyük xəzinə gizlənmişdir. Orada olanların məzmununun açarı isə şairlərin dilinin altındadır». Peyğəmbərin dediyinə görə, şairlər – insan nəslinin ötüb-keç­mə­yən, bitib-tükənməyən şöhrətidir. Yaxud «Dil bircə sözlə möcüzə ya­ratmağa qadirdir»[8].

Romantiklər qədim Misir, Çin əlifbasında bütöv məfhumu və ya hecanı ifadə edən işarələrdən – heroqlif görüntülərindən da­nı­şanda vurğulayırdılar ki, onlar nəhayətsizlik, intəhasızlıq, son­suzluq, ucu-bucağı olmamaq ideyasını özündə daşıyır. He­roq­liflərdə dünyanın sonuna aid əşya və hadisələr aydın sezilir. Di­lin təbiətini anlamağa çalışarkən belə qənaətə gəlirdilər ki, he­roq­liflərin sirrini açmaq qabiliyyəti ancaq əsl şairə verilir və bu­nun­la söz sənətkarının magik gücü nümayiş etdirilir. Zaman gə­lə­cək şairlərin bu xüsusiyyəti “dünyanı canlandıracaq”. Çünki “Dün­yanı canlandırmaq” gücü başlanğıcda İnsanlığa xas xü­su­siy­yət olmuş, müasir mərhələdə tamam itirilmişdir. Novalis ya­zır­dı: “İndi biz səbəbini anlamadığımız ölü təkrarlardan başqa heç nəyi görmürük”[9]. Doğrudan da ümumi əlaqə və təsirə malik uni­versiumun dərkindən insanlar məhrumdurlar. Onlar Dünyanı tam halda görmürlər. Ona görə ki, ilahiliyin dünyadakı mov­cud­lu­ğunu duymaq qabiliyyətini çoxdan itiriblər. Bu, insanla uni­ver­siumu bir-biri ilə əlaqələndirən əsas əlamət idi. Romantiklər ye­ni əlaqə vasitəsini tapmağın yollarının “magik seyretmə”dən keçdiyini göstərirdilər. Bu prosesdə təfəkkürdə bütöv Dünyanın tutqun şəkildə obrazı meydana gəlir, ayrılıqda və şərtilikdə mütləqliyə (qətililiyə, şübhəsizliyə) yüksəldilir. Bu fikirlər, əs­lin­də, mifoloji düşüncənin genezisinin açarı idi. Eləcə də “qeyri-müəy­yən tamı hissetmə”nin universallığa uyğunluğu poetik ya­ra­dıcılıqla (bədii düşüncə ilə) üst-üstə düşür. Bu cəhət də mi­fo­lo­ji görüşlərə xas əlamətdir.

Mifoloji dərketmənin ardınca dünyabaxışının başqa for-ma­ları tam halda yaranmış və təbiətə olan duyğusal-poetik baxış yad­daşlardan itmişdir. Onu təzədən qaytarmağı bacaranlar po­etik istedadları ilə dahilik zirvəsinə yüksəlmişlər. Beləliklə, ro­man­tiklər müasir poeziyada mifyaratma prinsipininin mövcud­lu­ğunu təsdiqləyirdilər. Maraqlıdır ki, poetik yaradıcılıq de­yən­də, dünyanı qavrayıb müəyyən tərz, üsul və qaydalarla model­ləş­dirmə başa düşülür. “Romantizm” anlayışı da eyni şəkildə an­la­şılırdı. Romantiklər bildirirdilər ki, “Dünya romantikləşdi­ril­mə­li­dir. Ancaq bu halda o ilkin mənasını daşıyar”. Romantikləş­di­rilmə o anlamda işlənirdi ki, dünyada hərtərəfli keyfiyyət po­ten­siallaşması baş verməlidir. Hələ XIX yüzilliyin ortalarında “nə qədər ki gec deyil” – deyə romantiklər mifə qayıdışla dün­ya­nı gələcək bəlalardan xilas etməyin yollarını təklif edirdilər. On­lar adilikləri yüksək mənalandırır, gündəlik həyatın bayağı do­na bürünməsini sirli pərdənin aradan qaldırılması ilə aradan qal­dırmağı irəli sürür, tanınan və anlaşılan varlıqlarda belə əy­lən­cəlik əlamətləri və qeyri-müəyyənlik görür – beləcə ro­man­tiz­min mahiyyətini bu şəkildə şərh edirdilər.

Romantikləşdirilmə – mistik duyğu və “magik seyretmə” ey­niliyinin xüsusi “vasitə” ilə poetik əksi sayılırdı. Mistik duyğu hə­yatın poetik (romantik) qavranılmasının sinonimi kimi götürü-lür­dü. Şairlət mistik bilgilərin həqiqi daşıyıcısı elan edilir və on­ların əsərlərində gerçəklik romantıkləşdirilməklə transsen­dent mə­naya çatırdırılırdı. Bu mənada Novalis gerçəkliyin trans­sen­dent sirlərini daha düzgün, adekvat, uyğun əks etdirən poetik for­maları da müəyyənləşdirir. Bu sıraya poeziyanın qanunlarının ya­ran­masına yardım göstərən mif və nağıllar daxil edilirdi. O, əslində miflə nağılı bir-birindən ayırmırdı. Bu ədəbi formaları uni­versiuma təsvir etməyə qadir yeganə epik janrlar kimi təqdim edir­di. Novalis yazırdı ki, nağıllarda, mifyaratmada gerçəklik “müt­ləqləşdirilərək universal məna kəsb edir, individual (fərdi) an­lar və situasiyalar təsnif edilir, hər bir məxluq, hadisə roman­tiz­min obyektinə çevirir”[10].

Mif və romantik poeziyanın qarşılıqlı əlaqəsinə, dərkinə Fridrix Şlegel də əsaslı şəkildə toxunmuşdur. İlk növbədə, Şlegeli mifologiyanın sinkretikliyi: poetik sistemlərin ayrılmaz­lı­ğı, mətn strukturlarının bölünməzliyi, zaman-məkan vəhdəti, da­ha doğrusu, fəlsəfi anlamların, dini baxışlrın, incəsənət sa­hə­lə­rinin onda əridilməsi özünə cəlb edirdi. F.Şlegelin qənaətinə gö­rə, poeziyanın ən kamil nümunələri həmin vahidlik prinsipinə əsas­lanaraq yaradılır və bədii yaradıcılığın mahiyətində mi­fo­lo­gi­ya dayanır. “Sintez”, “ümumilik” onun ən çox sevdiyi termin­lər idi. O, şairdən təkcə universallıq, yəni təsvir ümumiliyi tələb et­mirdi, həm də kollektiv, müştərək, birlikdə yaratmaq ideyasını da ortaya atırdı. Müasir incəsənətdə əski mədəniyyətə xas vahid ya­ra­dıcılıq gerçəkliyini -“simpoziliy”i (müşavirəlik, məs­ləhət­ləş­mə) təzədən canlandırmaq arzusu ilə “yeni mifologiya” ide­ya­sı altında bütün şairləri ümumi xorda birləşdirməyə çalışırdı.

F.Şlegel irəli sürürdü ki, incəsənəti dirçəltməyə qadir yeni mi­fologiya qədim insanların ilkin düşüncəsinin dünyanı nümu-nə­vi və hissi dərk etməsi əsasında yaranan mifologiyasından fərq­lənir. Yeni mifologiya insan ruhunun dərin qatlarında mey-dana gəlir, onun mənbəyi ilahi aləmin duyulmasından, mistik tə­əssüratdan alınan həyəcanlardan ibarətdir. Dünyanın mistik dərki həyatı daim əbədiyyat və sonsuzluq ideyası hissləri ilə dol­du­rur. Bu mənada romantiklər dini hissləri müasir poeziyanın əsa­sına çevrilməsinin tərafdarı idilər. F.Şlegel yazırdı: “Dinsiz biz ancaq “qəşəng incəsənət” adlanan roman, yaxud oyun əldə edə­cəyik”[11]. Söz sənətkarının mistik funksiyası haqqında da ro­mantiklər maraqlı fikirlər irəli sürmüşdülər, xüsusilə şairin məqsəd və vəzifəsindən danışanda onu “seçilmişlər” sırasına daxil edirdilər. “İnsan Yer üzünün başqa yaranmışları ilə mü­qa­yi­sədə nədirsə, şair də bütün adamlarla müqayisədə o qədər fərq­lidir”.[12]Şairə bu cür xüsusi yüksək münasibət onunla izah olu­nurdu ki, onun ruhu ətrafdakı sirli mənaları açmaq imkanına ma­lik idi. F.Şlegelin sözləri ilə desək, “şair gündəlik rast­laş­dı­ğı­mız ən adi şeyləri poetik aləmdə işlətməklə tamamilə şəklini də­yiş­məyi, yeni halda təsəvvürə gətirməyi bacarmalı,onların dərin mə­na kəsb etməsinə, ən ali anlam daşımasına çalışmalıdır”[13]

Dünyanın xüsusi şəkildə görünməsi mifologiyaya və ro­man­­tizmə xas xüsusiyyətdir. Dante və Şekspirin əsərlərində uni­ver­­sallığı fərqləndirən romantiklər “İlahi komediya” poeması­nı, “Hamlet”, “Romoe və Cülyetta”, “Kral Lir”, “Otello” kimi fa­ci­ələ­ri transsedentallığa bariz nümunə göstərir və yeni romantik po­­eziyanın da bu keyfiyyətlərə cavab verməsini tələb edirdilər. Bü­tün dünyanı ənginliyi ilə təsvir üçün hədsiz mənalılıq, çox­say­lı məzmun çalarları axtarırdılar. Romantizmim mifyarat­maya əsaslanan universallığının mahiyyətində məhz bu mühüm məsələ dururdu.

Beləliklə, romantiklərin mifyaratma haqqındakı fikirlə­rin­də çox yaxınlıq nəzərə çarpır. Bu, əslində təsadüfi deyildi, İen ro­man­tik dərnəyi əhatəsində bircə yaratmaq prinsipi ilə mün­tə­zəm şəkildə dostluq söhbətləri, dialoqlar keçirilirdi, geniş fikir mü­badilələri aparılırdı. Mifyaratmanın ümumi “məntiq” – daxili qa­nunauyğunluğu haqqındakı tezisləri hamı yekdilliklə dəs­tək­lə­yir­di. Mifdən faydalanmanın vahid nəzəriyyəsi polemik mü­za­ki­rə­lərdən keçərək işlənib hazırlanmışdı. Doğrudur, romantiklər üçün dəqiq məntiqi sxemlər, standart üslubi qəliblər, düzgün xət­lənmiş “kontur”lar yad olsa da, onların mif konsepsiyası ar­dı­cıllığı, müntəzəmliyi, tənasüblüyü ilə fərqlənirdi.

Romantiklərin ədəbi-nəzəri və fəlsəfi fikirlərini ümumi­ləş­dirərək bu nəticəyə gəlirik ki, romantizm çağlarında mif­ya­rat­ma poetik yaradıcılığın əsas prinsipi kimi götürülmüşdür. Sə­nət­kar (poetik dahi) yaradıcılıq prosesində mistik duyğularını sı­naq­dan keçirmiş, həyat gerçəklilərini mifologiyanın qanunlarına uy­ğun şəkildə poetik formaya salmış və bununla dünyanı bütün əha­təliliyi ilə dərk etməyə can atmışdır. Yaradıcılıq prosesinə gəl­dikdə, bu, dünyaya magik təsir kimi götürülmüş və eyni za­man­da dünyanın sirlərinin xüsusi yolla açılmasına xidmət et­miş­dir. Bu cür ehtiraslı ilhamlanma nəticəsində mif-nağıl sintezinin da­xili qanunauyğunluqları dramaturgiyaya, poeziyaya və nəsrə şa­mil edilmişdir.

Romantiklər mifi düşüncənin universal sistemi kimi gö­tü­rür (“mütləq mifologiya”), mədəniyyətin bütün inkişaf tarixi bo­yu mifologiyanın həmişə insanlara əhatə dairəsindəki gerçək­lik­lərdən təsirlənməyə, əldə olunan bilgilər toplusunu dərinləşdirib sis­temləşdirməyə və sistemləşmə əsasında özünün konseptual dün­ya modelini formalaşdırmağa xidmət etdiyini göstərirlər.

“Mütləq mifologiya”nın reallaşması obraz, süjet və mo­del­lə­rin sonsuzluğunu, emprik müxtəlifliyini öz içərisində əridən ta­rixi-milli mifologiyaya (“nisbi mifologiya”) çevrilir.

Bir cavab yazın

Back to top