Struktur təhlil sistemlərinin əsas kateqoriyaları və terminləri

Arxetip (hərfi tərcüməsi əski, ilkin obraz, dünyanın ən qə­dim obrazı, yaxud bədii yaradıcılığa qədərki obraz deməkdir) – ob­razın və onun daşıdığı mənanın başlanğıcdakı vəhdətidir, hər iki­sinə aid «xüsusi enerji»dir. O hansısa əbədi həqiqət kimi də mü­əy­yənləşə bilər. Lakin onun kokret obrazlaşmış və sim-vollaşmış məğ­zi xarici mühitin – tarixi şəraitin təsiri ilə dəyişir, ona görə də nə olduğunu anlamaq bizim üçün çətinləşir. K.Yunq arxetiplə bağ­lı fikirlərini məhlulun içərisindəki şəbəkənin kristallaşması ilə müqayisədə çatdırmağa təşəbbüs edir. Belə ki, məhlul isin­mək­lə, yaxud müəyyən vaxt keçəndən sonra bərkiyir, dəmir şə­bə­kəni içinə alıb kristallaşır. «Kristal şəbəkə hər hansı bir kris­tala məxsus konkret formanı deyil, streometrik strukturu müəy­yən­ləşdirir. Kiçik, yaxud böyük ola bilir. Ölçü həddinin sonsuz say­da mövcudluğundan formanın da müxtəlifliyinin sayı-hesabı yox­dur, eləcə də bir neçə bərk maddədən – kristaldan əmələ gəlir. Bu prosesdə həmişə eyni qalan yeganə cəhət tərkib hissə­sin­dəki həndisi tənasüblükdür. Bunu arxetipə də şamil etmək olar. Əsas etibarilə, o, adlandırıla və dəyişməz məna özəyinə ma­lik ola bilər – lakin heç vaxt konkret görünüş, hadisə deyil, hər zaman ancaq nöqteyi-nəzər kimi meydana çıxır»[1]. Yəni ar­xe­tip həmişə ideyadır, maddilik-dən məhrumdur. Məsələn, ağ­zın­dan od püskürən çoxbaşlı əjdaha, dəyirman daşını ayaqlarına ke­çi­rib sürətlə qaçan div obrazları hər zaman təsəvvürə gətirilir, la­kin heç vaxt gözə görünmür, yəni maddi substansiyaya çev­ril­mir, ideya olaraq qalır. Xüsusi vurğulamaq lazımdır ki, miflərdə de­yildiyi kimi, ruh, ağıl, şüur, emosiyalar (bütün müxtəliflikləri ilə birlikdə) Yaradıcı tərəfindən bir anın içində, bir göz qırpında in­sana bəxş edilməklə o, canlılar arasında fərqləndirilməmişdir. Şü­urun inkişafına təkan verən qüvvənin əsasında elə fantastik, tə­bii və tarixi-mədəni obrazlar – miflər durur ki, bu gün həm ab­strak­t-lığı, sakrallığı, həm primitivliyi, sadəliyi, həm də yerə, tor­pa­ğa, yaşadığımız dünyaya, həyata bağlılığı, eləcə də duyğu­la­rı­mı­za təsiri, düşündürücülüyü və universallığı ilə diqqəti cəlb edir.

Beləliklə, arxetiplər (ilk yaradılanlar) – universal mifoloji motiv və sü­jet­lərin ilkin obrazları, isveçrəli psixoanalitik K.Q.Yunqun tə­li­minə görə, kollektivin qeyri-şüuri əhatəsində öz-özünə doğul­muş, təkcə kortəbii yaranış formalarında (yuxu və b. ona oxşar for­malarda) yaşamamış, həm də mif – xidmət et­miş­dir.[2] Ona görə də dünyanın reallıqlarından çox, toplumun psi­xi xassəsini və halını əks etdirmişdir. Bu səbəbdən də ilkin çağ­larda ikili xüsusiyyətin (animus-anima\kişi-qadın, insan-hey­van\kentavrlar kimi) bir canda birləşməsinə – dualizmə inam ya­ran­mışdır. Məsələn, «Munisnamə»də mifik dünya qatlarının ke­çi­dində duran mələk (başı öküz, bədəni qoyun) iki müxtəlif hey­va­nın orqanlarından yaranmışdı. «Avesta»da Xeyir və Şər allah­la­rını dünyaya gətirən zaman və tale allahı Zurvan isə təbiətən iki­cinsli (kişi-qadın) idi. Xalq arasında bu gün də işlənən «Xe­yir­lə-şər əkizdir» məsəlini həmin təsəvvürün qalığı kimi də başa düş­mək olar.

Element – struktur təhlilin hər bir formasının (məsələn: fo­­nopoetik, linqvistik, leksik) qarşıda duran problemin həllinə öz xüsusi yanaşma üsulu mövcuddur. Bu üsullar vasitəsilə mət­nin parçalanmayan, ayrıla bilməyən ən kiçik vahidinə (his­sə­si­nə) element deyilir və bütün araşdırmaların predmetinin təşkil edir.

Mif və mifologiya – Yunan dilində mythos, alman-larda mythe, ingilislərdə myth, fransızlarda mythe, ruslarda və azər­bay­canlılarda mif şəklində işlənən sözün hərfi mənası rəvayət, əh­valat deməkdir.

Mif termini beynəlxalq aləmdə əsasən iki an­lam­da işlənir: birinci, mif – sözlərlə yaranan təsviri mətndir, təh­ki­yə – (sintaqmatik aspektdir); ikinci, mif – düşüncə ha­disəsidir (mənaların paradiqmasıdır), dünya haqqında təsəv­vür­lər sistemi – gerçəkliyi dolayı şəkildə əks etdirən dünya mo­de­li, onun ayrı-ayrı elementləri və vahidləridir. Birinci halda mif sintaqmatik, ikincidə isə paradiqmatik planda anlaşılır. Mifin sin­taqmatik vahid olaraq gerçəkləşməsi təsadüfən baş verir. Mif mə­nanın paradiqmasına çevriləndə (mətn mədəniyyətinin digər for­maları – rituallar, sosial institutlar, maddi mədəniyyət abi­də­lə­ri və s. ilə bir sırada) birinci və ikinci anlamlar arasında cüzi fərq­lər üzə çıxsa da, miflə mifologiyanın eyniliyi inkar edilmir. Ona görə ki, mifologiya sintaqmatik (təsviredici) vahidlərin – mif­lərin sistemi kimi başa düşülür.

Mifologiya termini isə üç an­lam­da işlənir: birinci, mifologiya – hər hansı bir tarixi-mədəni ənə­nəyə xas miflərin (təsvirlərin) toplusudur; ikinci, mifologiya – dünyanı dərk etməyin xüsusi formasıdır, düşüncə şüur ha­di­sə­si­dir (mənaların paradiqması). Bu hallarda mifologiyanın mənası mif anlamına yaxınlaşır, hətta onun praqmatik aspekti ilə eyni olur. Üçüncü, mifologiya – mifləri və mifoloji sistemləri öyrənən elm sahəsidir. Məşhur nəzəriyyəçi alim A.Bayburin də göstərir ki, mifin birinci və ikinci mənaları ilə mifologiyanın birinci və ikin­ci mənaları üst-üstə düşdüyündən bu terminlər həmin mə­na­lar­da sinonimlər kimi işlədilir.

Motiv– (almanca «motive», fransızca «motif», rusca «mo­tiv» işlənir, Azərbaycan türklərinə sonuncudan keçmiş və ge­netik baxımdan latın sözü «moveo»dan /«hərəkət edirəm» de­mək­dir/ törəmişdir) – bədii mətnin sabit, dayanıqlı, formal məz­mun­lu komponentinə deyilir, ilk baxışda elementlə üst-üstə düşür. La­kin «motiv» dar və geniş mənada götürülür. Çünki onu bir və bir neçə əsərin dairəsində, eləcə də bir sənətkarın bütöv yara­dı­cı­lıq kontekstində, bir ədəbi cərəyanın fəaliyyət orbitində, böyük bir tarixi dövrün ədəbi prossesində müəyyənləşdirib üzə çı­xar­maq mümkündür.

a) Birinci halda, yəni ayrıca götürülmüş bədii əsər çər­çi­və­sin­də motiv dar mənada anlaşılır və bir növ «element» ter­mi­ni­nin ekvivalentini təşkil edir. Lakin dərindən müşahidə edəndə ara­larında fərq nəzərə çarpır.

b) Sonrakı hallarda isə (bir neçə əsərin dairəsində, eləcə də bir sənətkarın bütöv yaradıcılıq kontekstində, hər hansı bir ədəbi cə­rə­yanın fəaliyyət orbitində, böyük bir dövrün ədəbi prose­sin­də) motiv geniş mənadadır, onun artıq «ideya» anlayışı ilə səslə­şən tərəfləri meydana çıxır.

Tarixi nöqteyi-nəzərdən «motiv» termini ilk dəfə 1703-cü ildə S.de Brossarın «Musiqi sözlüyü»ndə aşkarlanmış, musiqi mə­dəniy­yəti ilə əlaqələndirilmiş və sonra İ.V.Göte tərəfindən ədə­biy­yatşünaslığa gətirilərək «Epik və dramatik poeziya haq­qında» əsərində bədii mətnlərə tətbiq edilmişdir. Ədəbiy­yat­şü­nas­lığın kateqoriyası kimi XX əsrin 20-ci illərində A.N.Veselov­ski­nin və V.Y.Proppun elmi fəaliyyəti ilə formalaşmışdır.

Beləliklə, motiv – mətnin başqa tərkib hissələrinə ayrıla bil­məyən elementi – predmeti, obrazı, folklor süjetinin ən kiçik (mi­nimal) vahidi (məsələn: sehirli alma motivi, səfeh qadın mo­ti­vi, ata-oğul qarşılaşması motivi, qızın oğurlanması motivi və s.) sayılmışdır.

Funksiyasına görə motivləri iki yerə ayırmaq olar:

  1. sa­bit motivlərə malik süjetlərə daha çox çoxqollu epos və na­ğıl­lar­da rast gəlmək mümkündür;
  2. də­yişən motivlər isə intriqalı, müxalifli, konflikli sistem və struk­turlarda özünə yer tapır. Nizaminin «Xosrov və Şirin» po­ema­sındakı motivlərdə məhəbbət–xəyanət, məhəbbət–məkr, mə­həbbət–uğur, nadanlıq–kamillik dəyişikliyi özünü göstərir.

A.N.Veselovski ədəbiyyatşünaslıqda tarixi-müqayisəli me­todun əsasını qoyanlardan biridir. Onun keçən əsrin II ya­rı­sı­nın məhsulu olan «Tarixi poetika» əsərinin «Süjetin poetikası» böl­məsində nağıl süjeti motivlərə ayrılaraq araşdırılır. Alim ya­zır: «Motiv deyəndə, qədim insanların məişət müşahidələrinin və ibtidai, ilkin şüurlarının tələbinə cavab olaraq yaranan sadə, la­kin tam əhvalat başa düşülməlidir».[3]

A.N.Veselovski süjetin tərkib hissəsi sayılan motivi tam, bü­töv kimi təqdim edir. Deməli, motiv elementlikdən, va­hid­lik­dən çıxır, parçalanan sistemə çevrilir. Qəribə ziddiyyət yaranır. Çün­ki müəllifin qənaətinə görə, motiv ayrılıqda götürüldükdə can­lı danışıqda işlənən adi, məlumat xarakterli fikirdən başqa bir şey deyil, heç bir gerçək həyat hadisəsini bədii şəkildə canlan­dır­mır. A.N.Veselovskinin öz dili ilə desək, süjet yalnız «motiv­lə­rin birləşərək bir-birinə uyğunlaşdırılması ilə yaranır»[4] və bun­dan sonra tamlanır, bütöv əsər təsiri bağışlayır, struktur mey­da­na gəlir. Başqa sözlə, süjet əslində hər hansı bir gerçək, yaxud ger­çək hesab edilən faktın təsdiqi deyil, həyati tələbat nə­ti­cə­sin­də miflərin dili ilə beyində əksidir.

Hər bir süjetin əsasında xalqın qanunauyğun şəkildə kon­kret tarixi təsəvvür və inamları durur. Bu fikirlərdə forma məz­mu­na, sistem, struktur ideyaya qarşı qoyulur. Çünki tamlaşma, əla­qələnmə, uyğunlaşma struktur – forma əlamətidir, «gerçək, ya­xud gerçək hesab edilən faktın təsdiqi», yaxud «miflərin dili ilə beyində əksi» ideyadır, məzmundur. Müəllifin əvvəl «sadə, la­kin tam əhvalat» kimi təqdim etməsi, sonra isə «heç bir gerçək hə­yat hadisəsini bədii şəkildə canlandırmır» şəklində şərhi əslin­də motivin anlamını bir az da qəlizləşdirir.

A.N.Veselovski motivin adi növünü iki hissəyə bölür və (a+b) modeli ilə ifadə edir. Onun fikrincə, «motiv modelinin hər iki tərəfi dəyişə bilər».[5] Tədqiqatçı nağıl süjetini motivlərin kom­pleksi tək başa düşərək, belə qənaətə gəlir ki, «nağılların araş­dırılmasında motiv əsas ünsürdür, süjet isə ikinci dərəcəlidir. Na­ğılı ilk növbədə motivlərinə görə öyrənmək lazımdır»[6].

Ziddiyyətlərinə görə V.Y.Propp motiv və süjet bağlılığı mə­sələsinə tənqidi yanaşaraq, A.N.Veselovskinin gəldiyi qəna­ət­lərin artıq elmi əhəmiyyət kəsb etmədəyi fikrini irəli sürür: «Əgər motiv qanunauyğun şəkildə vahid hesab edilirsə, onda na­ğı­lın hər cümləsi motiv ola bilər. Belə ki, bir çox nağıllarda tə­sa­düf edilən «Atanın üç oğlu var idi» cümləsi motivdir, yaxud «İvan ilanla vuruşur» cümləsi motivdir».[7]

V.Y.Propp məşhur «Sehirli nağılların morfologiyası» (1928) əsərində A.N.Veselovskidə göstərilməyən rus xalq na­ğı­lın­dan bir cümlə misal göstərir: «İlan şahın qızını qaçırdı» və ya­zır ki, «Bu motiv dörd hissədən ibarətdir və hər hissə ayrılıqda va­riantlaşır.

İlan – sehrbazla, şahinlə, şeytanla;
qa­çırılmaq – başqa hərəkətlərlə (vampirə, cadugərə çevrilmə ilə);
qız – bacı, nişanlı, arvad və ana ilə;
hökm­dar – kəndli, şahzadə və mollayla əvəz oluna bilər»[8].

Bu halda motiv kimi götürülən «İlan şahın qızını qaçırdı» cüm­ləsinin onlarla variantı ortaya çıxır. Deyiləni əyaniləşdirmək üçün təkcə birinci subyekti «sehirbaz»la əvəzləyib digər motiv yerdəyişmələri ilə əlaqələndirək:

Sehirbaz şahın qızını qaçırdı.
Sehirbaz şahın qızını marala çevirdi.
Sehirbaz kəndlinin qızını qaçırdı.
Sehirbaz kəndlinin qızını marala çevirdi.
Sehirbaz şahzadənin anasını qaçırdı.
Sehirbaz şahzadənin anasını cadugərə çevirdi.
Sehirbaz şahzadənin nişanlısını qaçırdı.
Sehirbaz şahzadənin nişanlısını cadugərə çevirdi.
Sehirbaz mollanın qızını qaçırdı.
Sehirbaz mollanın qızını cadugərə çevirdi.
Sehirbaz mollanın anasını qaçırdı.
Sehirbaz mollanın anasını cadugərə çevirdi.
Sehirbaz şahın bacısını qaçırdı.
Sehirbaz şahın bacısını cadugərə çevirdi.
Sehirbaz kəndlinin bacısını qaçırdı.
Sehirbaz kəndlinin bacısını cadugərə çevirdi.
Sehirbaz şahın arvadını qaçırdı.
Sehirbaz şahın arvadını cadugərə çevirdi.
Sehirbaz kəndlinin arvadını qaçırdı.
Sehirbaz kəndlinin arvadını cadugərə çevirdi və s.
Təkcə bir subyektin variantlaşmasının sayı 20-dir.

Buradan belə çıxır ki, A.N.Veselovskinin müəyyənləş­dir­di­yi kimi, motiv struktur baxımından da sabit deyil, tez dəyişən­dir.

Bir cavab yazın

Back to top